ANALİTİKA
Fevralın 17-də Türkiyənin paytaxtı Anakarada çoxsaylı insanın ölümü və yaralanması ilə nəticələnən qanlı terror aktınının reallaşdırılması bir daha dünya birliyinə olan həyacan siqnalı - "SOS" olmalıdır. Belə ki, Yaxın Şərqdə baş verən müharibə və həmin müharibədən doğan savaş ocaqları get-gedə digər regionlara da təsir etməkdədir. Xüsusilə, qardaş Türkiyə ilə həmsərhəd olan Suriyada və İraqda fəallaşan radikal dini və siyasi qruplaşmalar regionda maraqları olan dövlətlərə yarınmaq, o cümlədən öz çirkin maraqlarını təmin etməkdən ötrü bu cür oyunlara getməkdədirlər. Təbii ki, dünya birliyi artıq bu kimi oyunları bir kənara qoyub, savaş, terror ocaqlarının artmasının qarşısını birgə şəkildə almağa məhkumdur.
Əks halda çox yaxın zamanlarda Suriya və İraq üzərində toqquşan maraqlar Avropa ölkələrinə də ciddi şəkildə sirayət edəcək. Türkiyədə baş verənlər isə bunun başlanğıcı kimi qiymətləndirilə bilər.
Türkiyədə yaşananlar bizim dövlətlərin arasındakı qardaşlıq bağlarını daha da möhkəmləndirməlidir
Bu gün Azərbaycanla qardaş və strateji tərəfdaş olan ölkədə belə bir qanlı olayın yaşanması, əlbəttə ki, bizləri də narahat etməkdədir. İlk öncə ona görə ki, uzun illərdir təcavüzkar Ermənistanın başlatdığı Dağlıq Qarabağ problemi ilə, işğal faktı, terror hadisələri ilə yaşayan ölkəmiz qan-qadanın nə olduğunu yaxşı bilir və xatırlayır. Bu səbəbdən, həm də qonşumuz olan Türkiyədə yaşananlar bizim dövlətlərin arasındakı qardaşlıq bağlarını daha da möhkəmləndirməlidir. Bəli, bu gün də Azərbaycan xalqı və dövləti əbədi qardaşının, dostunun və qonşusunun yanındıdır, necə ki, Türkiyə də bu və digər məsələlərdə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacağını bəyan edir.
Bu ölkənin, bu xalqın güclü ordusu, sonsuz Vətən sevgisi, tükənməz inamı var!
Eyni zamanda, deyə bilərik ki, murdar qüvvələr açıq-aşkar Türkiyədə sabitlyi pozmaqla, ölkəni qan gölünə çevirməklə onunla olan ölkələrə sanki bir mesaj yollayıblar. Ancaq unutmamalıyıq ki, Türkiyə belə məqamlardan hər zaman qürurla, iradə ilə çıxıb. Çünki bu ölkənin, bu xalqın güclü ordusu, sonsuz Vətən sevgisi, tükənməz inamı var. Belə mövcudluqlar qarşısında isə istənilən xarici qüvvə məğlub olmağa məhkumdur! O cümlədən, Türkiyə bu terror hadisəsindən sarsılmayacaq qədər həm də şər qüvvələrə qarşı daha da güclənəcək. Həlak olan vətəndaşların, qardaş və bacılarımızın qanları əsla yerə qalmayacaq. Bu gün Azərbaycan xalqı da bunu bilir, bu amilə inanır!
Türkiyə istər öz sərhədi daxilində, istərsə də sərhədləri kənarında apardığı antiterror əməlyyatlarının haqlı olduğunu sübut edir
Söz yox ki, 17 fevral terroru həm də Türkiyənin antiterror hərəkatında aparıcı qüvvə olması ilə əlqəlidir. Bu gün bu ölkəni hədəfləyən PKK, PJK kimi radikal kürd silahlı qruplaşmaları, "İslam Dövləti", "Ən-Nüsra", "Əş-Şəbəb" kimi islam dini adı altında pərdələnən vəhhabi radikal dini qruplaşmaları yaxşı bilirlər ki, Türkiyə dövləti, hətta digər xarici dövlətlərin silahlı birlikləri yardım göstərməsə belə, onlarla təkbaşına mübarizə aparıb, qalib gəlmək gücündə və zəmindədir. Ona görə də zaman-zaman bu cür qanlı olaylar törətməklə ölkəni antiterror əməliyyatlarından çəkindirməyə cəhdlər olunur. Ancaq unudulur ki, onların hər birinin sonu bir an içində baş verə bilər. Çünki Türkiyə istər öz sərhədi daxilində, istərsə də sərhədləri kənarında apardığı antiterror əməlyyatlarının haqlı olduğunu sübut edir.
Terrorçular daha ağır bədəl ödəməyə hazırdırmı?
Bu terror bəşəriyyətə, insanlara qarşı olmaqla yanaşı, həm də Tükiyənin müstəqilliyinə, regionda və dünyada artan nüfuzuna qarşı edilən murdar hücumdur. Düşmən isə qorxaqdır. Ona görə də güclü dövlətlə üz-üzə gəlməkdən çəkinib, gücünü sadə vətəndaşlara göstərir. Lakin sadə vətəndaşlar belə, terrora sinə gərir, qorxmur və çəkinmir. Öz qanları və canları bahasına. Məhz bu faktoru təhlil etsək, sonda belə nəticəyə gələ bilərik ki, mənfur terrorçu qüvvələr bununla özlərinə ölüm aktı imzalamış oldular. Çünki alınan və bundan sonra alınacaq qisas çox ağır olacaq. Türkiyəyə qarşı çıxan terrorçular bu ağır bədəli ödəməyə hazırlaşsalar, daha yaxşı olar...
Rövşən NURƏDDİNOĞLU
P.S. Başın sağ olsun, QARDAŞ, başın sağ olusun, TÜRKİYƏ!