PDF Oxu

Araşdırma

  • 2 181

İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir

İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir

Prezident İlham Əliyev: "Bizim münasibətlərimiz bu möhkəm təməl üzərində qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır"

Prezident Həsən Ruhani: "Bizim görüşlərimiz iki dost və qardaş ölkə olan İran ilə Azərbaycanın, onların xalqlarının mənafeyinə xidmət edir"

Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetini dünyanın bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək təşkil edir. Bu əlaqələrdən yararlanaraq həm respublikamızın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmək, həm də ölkə iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək əsas vəzifə kimi qarşıya qoyulub. Digər bir amil isə sərhəd qonşuları ilə qarşılıqlı münasibətlərin yaradılmasıdır. Bu məsələ hər bir ölkənin xarici siyasətində xüsusi rol oynayır. Elə bu prizmadan çıxış edərək deyə bilərik ki, qonşu ölkələr olan Azərbaycan ilə İran arasında əməkdaşlıq bərabərhüquqlu və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Siyasi, iqtisadi və sosial-humanitar sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir.

Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib və kifayət qədər gərgin münasibətlər tədricən normallaşmağa və inkişaf etməyə başlayıb. Ulu Öndər Heydər Əliyev hələ fəaliyyətinin Naxçıvan dövründə İran rəhbərliyi ilə sıx əlaqələr yaradıb, Ermənistanın blokadada saxladığı Naxçıvanın ehtiyaclarını təmin etmək məqsədilə İrana səfərə gedərək ölkə rəhbərliyi ilə müvafiq müzakirələr aparıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər Əliyev bu ölkənin dini rəhbəri Seyid Əli Xamneyi, prezident Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışıqlar aparıb. Həmin səfərdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə İranla münasibətlərin normallaşdırma istiqamətində qətiyyətli addımlar atılıb. Ulu Öndərin gərgin fəaliyyəti nəticəsində qonşu İranla qarşılıqlı münasibətlər yenidən çiçəklənib və Tehranla Bakı arasında dostluq münasibətləri yüksələn xətlə inkişaf etdirilib. Ümummilli Lider Heydər Əliyev deyib: "Bizim əbədi qonşuluğumuz və birgə maraqlarımız münasibətlərimizin yüksək səviyyədə inkişafı üçün təməldir".

Həmin vaxtdan başlayaraq İranla hərtərəfli əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edilib və həmin yanaşmanın nəticəsində İran-Azərbaycan əlaqələri möhkəmlənib, qarşılıqlı səfərlərin sayı artmış və iqtisadi əlaqələrdə isə canlanma yaranıb. Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə İranla əməkdaşlıq, dostluq və qardaşlıq münasibətlərini Azərbaycanın xarici siyasətinin prinsipi kimi vurğulayıb. Məhz dövlət və hökumət başçılarının, habelə, parlament nümayəndələrinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə və əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfələrini verib. Elə Prezident İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına səfəri bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Səfər çərçivəsində, ümumilikdə 11 sənəd - "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi", "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Çərçivə Sazişi", "Azərbaycan Dəmir Yolları" QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə", "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə İran Milli Neft Şirkəti arasında Anlaşma Memorandumu" və "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Qədir İnvestisiya Şirkəti arasında Anlaşma Memorandumu" imzalanıb.

Mətbuat konfransında çıxış edən İran İslam Respublikasının prezidenti Həsən Ruhani bildirib ki, çox sevindirici haldır ki, bizim hər görüşümüz iki ölkə arasında münasibətlərimizin daha da inkişaf etməsinə xidmət edir. Həm də sevindirici haldır ki, bizim görüşlərimiz iki dost və qardaş ölkə olan İran ilə Azərbaycanın, onların xalqlarının mənafeyinə xidmət edir.

Prezident İlham Əliyev isə çıxışında qeyd edib ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bizim münasibətlərimiz bu möhkəm təməl üzərində qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri vardır.

Qeyd edək ki, ölkələrimizin əlverişli coğrafi-iqtisadi mövqeyi, təbii resurslar və xammal ehtiyatları ilə zənginliyi, şimal-cənub və şərq-qərb istiqamətlərində geniş tranzit potensialı, iqtisadi imkanlarının ilbəil genişlənməsi və digər iqtisadi amillər həm Azərbaycanın, həm də İranın regional əhəmiyyətini artırmaqdadır. Hər iki ölkənin böyük iqtisadi resursları və sənaye potensialı bütövlükdə regionun inkişafına təkan verir. Regionda konkret olaraq Azərbaycanın mövqeyinə gəlincə, qeyd edilməlidir ki, hazırda Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi ölkəmizin payına düşür. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri regionun tranzit potensialını artırır, Bakı Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, müasir gəmiqayırma zavodu, beynəlxalq hava limanları, magistral avtomobil yolları şəbəkəsi ölkəmizin geniş mənada Asiya və Avropa qitələrini birləşdirən infrastruktur marşrutu olaraq qəbul edilməsini şərtləndirir.

Eyni zamanda, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP kimi dünya miqyaslı karbohidrogen tranziti layihələri isə Xəzər dənizinin təbii ehtiyatlarının nəqlinə şərait yaradır, yeni enerji dəhlizini formalaşdırır.

Regionda yalnız bir ölkə - Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və 1 milyondan artıq soydaşımızın yurd-yuvasından qaçqın və məcburi köçkün düşməsinə səbəb olmuş, 473 tarixi abidəni, 53 məscid və ibadətgahı, qəbiristanlıqları dağıtmış təcavüzkar Ermənistan regional layihələrdən kənarda qalır. Ermənilər tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu amansız soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, bir sıra qonşu ölkələrə torpaq iddiaları, işğalçılıq siyasəti regional əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin inkişafına ciddi maneələr törədir, iqtisadi potensialın tam reallaşmasını məhdudlaşdırır. Bu siyasət nəticəsində digər region ölkələrinin inkişafı fonunda təcavüzkar dövlətdə sosial-iqtisadi ressesiya yaşanır, ölkə regional layihələrdən kənarda qalır, demoqrafik uçuruma yuvarlanır. Bu münaqişə, eyni zamanda Naxçıvanın blokadaya alınması ilə nəticələnib. Blokada vəziyyətində yaşayan Naxçıvanın problemlərinin həll edilməsində İranın dost və qonşu münasibəti bizim üçün əhəmiyyətlidir. Ümumilikdə, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın təcavüzkar və işğalçı addımlarının qarşısının alınması, eləcə də tarixi ədalətin bərpa edilməsi istiqamətində İranın davamlı dəstəyi, Ermənistana təzyiqin gücləndirilməsi çox önəmlidir.

Ticarət əlaqələrimizin strukturu da çoxşaxəlidir və neft-qaz, sənaye, tikinti, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Azərbaycanda tikinti, ticarət, kənd təsərrüfatı, bank sektorları üzrə İran investisiyalı 440-dan çox şirkət fəaliyyət göstərir və xarici ölkələr arasında şirkətlərin sayına görə İran 4-cü yeri tutur. İran tərəfindən Azərbaycanda əsas kapitala 400 milyondan çox, qeyri-neft sektoruna isə 110 milyon dollar həcmində birbaşa investisiya yatırılıb.

Energetika sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. 330 kV-luq "Ərdəbil-İmişli" və "İmişli-Cənub" istilik elektrik stansiyaları (İES), 220 kV-luq "Cənub İES-Salyan-Masallı-Astara (İran)" elektrik verilişi xətlərinin tikintisi tam başa çatdırılıb.

Nəqliyyat sahəsində həyata keçirilən layihələr də Azərbaycan-İran əlaqələrində mühüm yer tutur. Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan vilayəti arasında Culfa-Culfa (İran) yeni avtomobil yolu körpüsünün istifadəyə verilməsi nəqliyyat əlaqələrinin genişlənməsi, beynəlxalq tranzit yüklərin daşınması, vətəndaşların rahatlığının təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan və İran arasında müqavilə-hüquqi bazanın genişləndirilməsi, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə, meliorasiya və mədəniyyət sahələrində də əlaqələr uğurla davam etdirilir.

Bununla belə, iki dövlət arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən neft-qaz, yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Bir sözlə, sürətli inkişaf üçün bütün imkanlara malik Azərbaycan və İran strateji tərəfdaşlar kimi bundan sonra da həm regionun tərəqqisinə, həm də təhlükəsizliyinə töhfəsini verəcək. Düşünürük ki, Prezident İlham Əliyevin İrana səfəri iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə aparacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər