Prezident İlham Əliyev: "Hesab edirəm ki, bugünkü reallıqların ibrət dərsi məhz budur. Biz bir-birimizə ehtiram nümayiş etdirməli, seçimə, ərazi bütövlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq"
Məlum olduğu kimi, martın 10-11-də paytaxtımızda IV Qlobal Bakı Forumu yüksək səviyyədə keçirilib. Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Gürcüstan prezidentləri, bundan başqa, tədbirdə 27 sabiq prezident və 23 keçmiş baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib.
Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilib.
"Çoxqütblü dünyaya doğru" mövzusuna həsr edilən forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunub. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxil edilib.
Rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib ki, Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət, qaçqın böhranı - bunlar son illərin reallıqlarıdır. Odur ki, IV Qlobal Bakı Forumunun əsas məqsədlərindən biri bu məsələlərin müzakirəsidir və xüsusilə də iştirakçıların səviyyəsi, onların beynəlxalq məsələlərə töhfələri, təcrübə və biliklərini nəzərə alsaq, bunların hamısı yaranmış vəziyyətdən çıxış yolunun tapılmasına yardım edə bilər: "Düşünürəm ki, hamımız vahid məqsəd - əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik və sülhün təşviqi ətrafında birləşmişik. Çünki biz bir-birimizlə bağlıyıq. Bəzən adama elə gələ bilər ki, televiziya vasitəsilə izlədiyimiz qorxulu hadisələr yad bir planetdə baş verir. Lakin reallıqda bu, qonşuluqda baş verir və qaçqın böhranı nümayiş etdirdi ki, biz bir-birimizlə əlaqəliyik. Hər bir əməl, addım və ya digər dövlətlərin daxili işlərinə müdaxilə mütləq həmin müdaxiləni edənlər üçün çətinliklər yaradacaqdır. Hesab edirəm ki, bugünkü reallıqların ibrət dərsi məhz budur. Biz bir-birimizə ehtiram nümayiş etdirməli, seçimə, ərazi bütövlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq. Bunların hamısı təmasda olmaq üçün zəruridir. Çünki əsas məqsədimiz gərginliyin və mövcud təhlükələrin azaldılmasıdır".
Qeyd edək ki, forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən dördüncü toplantı idi. İlk Forum (Cənubi Qafqaz Forumu) 2013-cü il mayın 5-8-də 29 ölkədən 142 nümayəndənin iştirakı ilə "Müştərək cəmiyyətlər və qadın azadlıqları" mövzusunda təşkil olunub. İkinci Forum (Açıq Cəmiyyətlər Forumu) 2014-cü il aprelin 27-29-da "Post 2015" gündəliyi və müştərək cəmiyyətlər" mövzusunda keçirilib. İkinci Forumda 42 ölkədən 165 nümayəndə iştirak edib. 2015-ci il aprelin 28-29-da keçirilmiş III Qlobal Bakı Forumunun mövzusu isə "Yeni dünya düzənində etimadın bərpa edilməsi" olub və foruma dünyanın 72 ölkəsindən 350-dən çox nümayəndə qatılıb.
Hər üç forumda Prezident İlham Əliyev iştirak edib və nitq söyləyib.
Aparılan müzakirələrin və bildirilən fikirlərin nəticəsi olaraq deyə bilərik ki, martın 10-11-də "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumu siyasi, iqtisadi və humanitar sahələrdə dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. Bundan əvvəl keçirilmiş üç forum mövzuların genişliyi və aktuallığı, yüksək səviyyəli təmsilçilik və tədbirdə iştirak edən nümayəndələrin fəallığı baxımından dünya ictimaiyyətinin və beynəlxalq medianın diqqətini cəlb edib.
Dördüncü forumun müzakirələri aşağıdakı istiqamətləri əhatə edib: Qlobal etimadsızlıq və təhlükəsizlik; regional dinamiklik və təhlükələr; iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya.
Forumun "Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra ölkələrin dövlət və hökumət başçıları çıxış edib, videomüraciətlər nümayiş olunub. Plenar sessiyada və panel iclaslarda dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlər gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr aparıblar. Yəni IV Qlobal Bakı Forumunda dünyada iqtisadi, siyasi və humanitar proseslər, qlobal təhlükəsizlik, etnik, dini və siyasi zəmində baş verən münaqişələr, insan hüquqları, gənclər, miqrasiya, multikulturalizm, inteqrasiya və digər mühüm məsələlərə dair fikir mübadiləsi aparılıb, mövcud problemlərin həlli yolları araşdırılıb.
IV Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç deyib ki, böyük problemlərin olduğu bir vaxtda bizi sülh, rifah və ədalət dünyasına bir addım daha yaxın edə biləcək fikir və ideyaların mübadiləsi liderlər üçün olduqca zəruridir. Bakı Forumu bu problemləri müzakirə etmək və ən vacibi isə müsbət təşəbbüslər irəli sürmək üçün böyük imkandır.
Latviya Respublikasının sabiq Prezidenti xanım Vayra Vike-Frayberqa deyib ki, IV Qlobal Bakı Forumunda səslənəcək fikirlər bütün dünyaya bir çağırış olacaq. Forum dialoq, müzakirə və debatların keçirilməsi baxımından olduqca əhəmiyyətlidir. Belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin hazırkı və sabiq prezidentlərinin iştirakı, eyni zamanda, Azərbaycanın həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə verəcək.
Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko bildirib ki, forumda müzakirə olunacaq məsələlər qlobal dünyada işsizlik, miqrasiya, insan alveri və digər problemlərin həllinin araşdırılmasına əhəmiyyətli töhfə verəcək. O, Qlobal Bakı Forumunun dünyada sülhün və sabitliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb.
Kanadanın keçmiş baş naziri Jan Çretyen deyib ki, IV Qlobal Bakı Forumu keçmiş və indiki liderlərə qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq yolunda səylərə şərait yaradır. Burada aparılacaq müzakirələrin gələcək nəsil üçün də önəmli olacağı şübhəsizdir.
IV Qlobal Bakı Forumunda iştirak edən İsrailin sabiq müdafiə naziri Ehud Barak isə bildirib ki, IV Qlobal Bakı Forumu çərçivəsində aparılan müzakirələr işsizlik, qaçqın böhranı, Suriyadakı vəziyyət və digər bu kimi problemlərin həllində yeni ideyaların yaranmasına səbəb olur. Əminəm ki, Bakı Forumu konkret addımların atılması baxımından mühüm rol oynayacaq.
Azərbaycanın multikulturalizmin daha geniş inkişafı üçün inamlı addımlar atdığını söyləyən Ehud Barak deyib: "Azərbaycan digər xalqların nümayəndələrinə dözümlü yanaşan önəmli ölkələrdən biridir. Biz Azərbaycanın inkişafını yüksək qiymətləndiririk. O, bütün cəmiyyətlərə açıq tolerant bir ölkədir. Azərbaycan müxtəlif xalqların sülh və əmin-amanlıq şəraitində, dinc yanaşı yaşaması üçün böyük səylər göstərir".
İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini də qeyd edib ki, forumun Azərbaycanda keçirilməsi çox vacibdir. Çünki Azərbaycan bütün dünyaya multikulturalizmi təbliğ edir. Avropalıların Azərbaycana marağının get-gedə daha da artdığını vurğulayan sabiq nazir bildirib ki, hər dəfə Bakıya gələndə, bir yenilik görür: istər infrastruktur dəyişikliyinin, istərsə də yaşayış səviyyəsinin artdığının şahidi olur. Bakıda özünü tam təhlükəsiz hiss edir. Franko Frattini deyib: "Azərbaycan bizim həm siyasi və iqtisadi, həm də mədəni tərəfdaşımızdır. İtaliya Azərbaycanın ən vacib ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin də çıxışında dediyi kimi, qaz kəməri Bakı ilə İtaliyanı birləşdirəcək. Bu, çox önəmlidir. Çünki Azərbaycan enerji nəqlində əhəmiyyətli ölkədir".
Bir sözlə, Suriya, Ukrayna və dünyanın digər qaynar nöqtələrində davam edən münaqişələr, İŞİD və beynəlxalq terrorizmə, radikalizmə qarşı mübarizə, İran və Əfqanıstan, Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi, Yaxın Şərqdən və Afrikadan Avropaya miqrant axını, multikultural dəyərlərin inkişaf etdirilməsi, enerji bazarında qeyri-sabitlik və bununla əlaqədar qlobal iqtisadi problemlər, göründüyü kimi, Bakıya toplaşan dünya liderləri və ekspertlər beynəlxalq aləmi narahat edən ən mühüm problemləri müzakirə edib, yaranmış vəziyyətdən çıxış yolları axtarıblar. Bu, bir daha Azərbaycanın aktual qlobal problemlərin müzakirə olunduğu bir məkana çevrildiyini göstərir.
"Səs" Analitik Qrupu