Ermənistanın region üçün böyük faciə rolunu oynayan "Metsamor" Atom-Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir
Prezident İlham Əliyev: "Bütöv region, o cümlədən Ermənistanın özü də növbəti on il ərzində təhlükə içində yaşayacaqdır"
Aprelin 1-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti keçirilib. Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunub. Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.
Qeyd edəki ki, keçirilmiş əvvəlki sammitlərdə də iştirak etmiş Prezident İlham Əliyev iştirak edib və bu sahədə Azərbaycanın rəsmi mövqeyini ortaya qoyub. Azərbaycan nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə müvafiq beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir və ölkəmiz iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi səyləri dəstəkləyir. Hətta 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil edib.
Eyni zamanda, Azərbaycan nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərir, bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemini formalaşdırıb.
Əlbəttə ki, bütün bunlar Azərbaycan dövlətinin üzərinə düşən beynəlxalq məsuliyyətdir. Lakin beynəlxalq birlik də Azərbaycanın sözünü eşitməlidir və regionumuz üçün həddindən artıq təhlükəli olan "Metsamor" Atom-Elektrik Stansiyası ilə bağlı qərar verməlidir. Çünki Ermənistandakı "Metsamor" Atom-Elektrik Stansiyası dünyadakı ən təhlükəli stansiyalardan biridir. Stansiyanın keçmiş baş direktoru Suren Azatyan müsahibələrindən birində hələ də "Metsamor"dan radioaktiv maddələr sızmadığına əmin olmadığını bildirib. 1995-ci ildə Avropa və ABŞ tərəfindən "Metsamor" stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar vəsait xərclənib. Bununla belə, Avropa İttifaqı bu stansiyanı köhnə və az etibarlı olaraq qiymətləndirib.
2011-ci il Yaponiya zəlzələsi heç bir AES-in təhlükəsizliyinin mütləq şəkildə təmin olunmadığını sübut etdi. "Metsamor"un region üçün təhlükəsini artıran bir amil də məhz onun davamsızlığı ilə bağlıdır.
Stansiyanın çevrəsində 5 tektonik çat vardır. Onlardan biri stansiyadan 34 kilometr, biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bilə-bilə iddia edirlər ki, stansiyanın heç bir təhlükəsi yoxdur. Britaniyada nüvə fizikası üzrə mütəxəssis Frank Barnabi isə hesab edir ki, "Metsamor" stansiyasının quruluşu və yaşı onun zəlzələyə davamlı olmasına şübhələr yaradır. Ona görə də, Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli, müxtəlif maraqların toqquşduğu, Şərq ilə Qərb arasında dəhliz rolunu oynayan bir regionun istər ekoloji, istərsə də siyasi-iqtisadi baxımdan təhlükəsizliyi Qərb dövlətlərini də narahat etməlidir. "Metsamor" AES-in istismarı təkcə Azərbaycanın deyil, bütün region dövlətlərinin (eləcə də Türkiyə, Gürcüstan, İran, Rusiya və s.) ekoloji təhlükəsizliyinə ciddi təhdiddir.
Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu AES-in fəal seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatlıqla ifadə etməsinə baxmayaraq, AES hələ də fəaliyyət göstərməkdədir. Azərbaycan və Türkiyə dövlətləri dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə müraciət edərək AES-in region üçün real təhlükə mənbəyi olduğunu bildiriblər. Lakin Ermənistan rəhbərliyi heç bir müraciəti nəzərə almamaqda davam edir.
Bu gün regionumuz üçün təhlükə mənbəyi rolunu oynayan "Metsamor" AES-də baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobıldan geri qalmayacaqdır. Ermənistanın region üçün böyük faciə rolunu oynayan "Metsamor" Atom-Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir.
Məsələ ilə bağlı ABŞ-da keçirilən sammitdə də çıxış edən Prezident İlham Əliyev bir daha qeyd edib ki, nüvə materiallarının yayılması ilə bağlı meydana çıxan təhdidləri və ölkəmizin yerləşdiyi coğrafi mövqeyi nəzərə alaraq, biz nüvə materiallarının qanunsuz trafiki üçün ölkəmizin ərazisindən mümkün istifadənin qarşısının alınmasına böyük əhəmiyyət veririk: "Biz beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq edərək, dünya standartlarına uyğun güclü qanunvericilik bazasına əsaslanan hərtərəfli milli ixrac nəzarəti sistemini yaratmışıq. Bu günə kimi milli ixrac nəzarəti sistemimiz nüvə materiallarının qanunsuz daşınmasının qarşının alınmasında etibarlı bir mexanizm kimi özünü doğrultmuşdur. Lakin ərazimizin yüz faizinə nəzarət etmək imkanımız olmadığına görə, proqramları tam şəkildə icra edə bilmirik. Bu gün ərazilərimizin 20 faizi Ermənistanın işğalı altındadır. Bu işğal 20 ildən çoxdur ki, davam edir. Həmçinin, beynəlxalq səviyyədə tanınan sərhədlərimizin bir hissəsi işğal altındadır. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Amma bu qətnamələr kağız üzərində qalmaqdadır. Bir daha təkrar edirəm, bu qətnamələr Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin torpaqlarımızın işğalı 20 ildən çoxdur ki, davam edir. Əfsuslar olsun ki, Ermənistan işğal edilmiş əraziləri boşaltmaq üçün həmişə şərtlər irəli sürür. Biz münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərimizi davam etdirəcəyik. Lakin münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır.
Diqqətinizi yönəltmək istədiyim digər bir məsələ isə Ermənistanın 1976-cı ildə inşa edilmiş, köhnəlmiş atom-elektrik stansiyasının istismarı ilə bağlıdır. Bu stansiya köhnələn reaktorunu soyutmaq üçün su qıtlığı yaşanan çox seysmik bir zonada yerləşir və region üçün birbaşa təhlükə doğurur. Elektrik stansiyasını istismardan çıxarmaq əvəzinə Ermənistan onu 2026-cı ilə qədər istismar etməyi planlaşdırır. Bu isə, o deməkdir ki, bütöv region, o cümlədən Ermənistanın özü də növbəti on il ərzində təhlükə içində yaşayacaqdır. Mən beynəlxalq birliyin diqqətini bu məsələyə yönəltmək istəyirəm ki, elektrik stansiyasının fəaliyyətinin dayandırılması və beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl edilməsi üçün Ermənistana təzyiq göstərsin".
"Səs" Analitik Qrupu