Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi"nin icrası cədvəl üzrə gedir, lazımi investisiyalar qoyulur"
Regionun və Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilən Azərbaycanın enerji siyasəti mühüm nailiyyətlərlə müşayiət olunur, tarixi əhəmiyyətli bir sıra məqamlarla yadda qalır. Xəzər regionunun qaz təchizatı infrastrukturunu Avropa bazarlarına birləşdirməklə, bütün regionun enerji xəritəsini dəyişəcək, enerji dəhlizlərinin şaxələndirilməsində, Avropa regionunun enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artıracaq "Cənub Qaz Dəhlizi" layihəsinin icrası istiqamətində görülmüş işlər, bu baxımdan, xüsusilə müstəsna əhəmiyyət kəsb edir. 2016-cı ilin ilk rübündə bu layihə üzrə həyata keçirilən ən mühüm tədbirlərdən biri də məhz fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci iclasının keçirilməsi olub.
Dünyanın aparıcı dövlətlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndə heyətlərinin Məşvərət Şurasının ikinci iclasında ən yüksək səviyyədə iştirakı "Cənub Qaz Dəhlizi"nin qlobal əhəmiyyətinin və ona olan beynəlxalq marağın təzahürü idi. İclasda Avropa Komissiyasının vitse-prezidentləri Federika Moqerini və Maroş Şevçoviç, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstayn kimi yüksək səlahiyyətli təmsilçilərin iştirakı "Cənub Qaz Dəhlizi" layihəsinin beynəlxalq və transmilli məzmunundan xəbər verməklə yanaşı, Azərbaycanla əlaqələrə də böyük diqqət kimi qiymətləndirilib.
Bu iclasın növbəti dəfə Bakıda keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında həlledici rol oynayır, həmçinin regional və qlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi böyük nüfuz sahibidir. Layihənin reallaşdırılması işinə lazımi dəstəyin bundan sonra da davam etdiriləcəyinin iştirakçı ölkələr tərəfindən bir daha qəti şəkildə bəyan olunması da ən mühüm məqamlardan biridir.
Bu iclasın nəticələri, eyni zamanda, Azərbaycanla Avropa Komissiyasının "Cənub Qaz Dəhlizi" layihəsi üzrə maraqlarının tam üst-üstə düşdüyünü, layihənin Azərbaycan qədər Avropa üçün də böyük əhəmiyyət kəsb etdiyini bir daha göstərdi.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsinin əsas elementlərindən olan "Şahdəniz Mərhələ 2" və "Cənub Qafqaz Qaz Boru Kəmərinin Genişlənməsi" üzrə işlərin mühüm hissəsi qrafikdə nəzərdə tutulan vaxtdan əvvəl yerinə yetirilib. Hazırda layihə üzrə işlər sürətlə davam etdirilir, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal Terminalında, Bakı yaxınlığındakı tikinti sahəsində, Bakı Dərin Özüllər Zavodunda və boru kəməri marşrutu boyunca irimiqyaslı tədbirlər həyata keçirilir, istehsalat sahələrində platformanın üst modulları və dayaq blokları qurulur. İlkin qazın əldə olunması üçün nəzərdə tutulmuş işlərin 66 faizi artıq yerinə yetirilib.
İlin birinci rübündə "Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Genişləndirilməsi" layihəsi çərçivəsində işlər də Azərbaycan və Gürcüstan ərazilərində boru kəmərinin əhatə etdiyi marşrut üzrə uğurla davam etdirilib, Azərbaycanda boru kəməri boyunca torpaq sahələrinin əldə olunması 99 faiz başa çatdırılıb. Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının, habelə təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam etdirilməkdədir.
Ölkədə "Şahdəniz Mərhələ 2" və "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi" layihələri üzrə tikinti işlərinə 15 mindən çox insan cəlb olunub ki, onların da 85 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır. Ümumilikdə, Azərbaycan və Gürcüstan ərazisində bu işlərə 22 mindən çox işçi cəlb edilib.
Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyənin Qars vilayətində əsası qoyulan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi üzrə 2015-ci ilin mart ayından başlanmış tikinti işləri də fasiləsiz şəkildə davam etdirilir. Qaz kəmərinin 1350 kilometr hissəsində borular tikinti yerinə çatdırılıb və qaynaq işləri başlayıb. İndiyədək TANAP-ın tikintisi üzrə ümumi işlərin 20 faizdən çoxu yekunlaşdırılıb. Hazırda 3 lot halında inşa edilən layihə üzrə tədbirlər qrafikə uyğun şəkildə tam sürətlə davam etdirilir.
Məhz Prezident İlham Əliyevin yüksək iradəsi sayəsində "Trans-Adriatik" (TAP) layihəsi beynəlxalq aləmin lazımi dəstəyini qazanıb, layihənin reallaşdırılmasındakı çətinlikləri aradan qaldıran "Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi" kimi mühüm bir sənəd Yunanıstan-Albaniya-İtaliya hökumətləri tərəfindən qəbul olunub. Eyni zamanda, TAP layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edilib.
Qeyd edək ki, neftin dünya bazarında qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycan qlobal böhranın ən şiddətli xoşagəlməz dövründə belə mühüm nailiyyətlər qazanıb. 2016-cı ilin birinci rübü ərzində respublikada 9,9 milyon ton proqnoza qarşı 10,5 milyon ton neft hasil edilib. Bu da nəzərdə tutulandan 600 min ton artıqdır. Hasil olunan neftin 82 faizi "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının payına düşür. Bu dövrdə 8,9 milyon ton neft ixrac edilib ki, bunun da 8,7 milyon tonu konsorsiuma və 220 min tonu SOCAR-a aiddir. Rüb ərzində respublikada 7,5 milyard kubmetr qaz hasil edilib və bu da müvafiq proqnozdan 197 milyon kubmetr çoxdur.
Məsələ ilə bağlı fikirlərini bildirən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, "Cənub Qaz Dəhlizi"nin ikinci Məşvərət Şurasının toplantısı çox böyük uğurla keçirilib və çox vacib qərarlar qəbul edilib: "Qəbul edilmiş Bəyannamədə Azərbaycanın bu sahədəki liderlik rolu bir daha qeyd olunmuşdur. "Cənub Qaz Dəhlizi"nin icrası cədvəl üzrə gedir, lazımi investisiyalar qoyulur. Burada ölkələr və şirkətlər arasındakı əlaqələndirmə yüksək səviyyədədir. Əminəm ki, bu strateji layihə vaxtında icra ediləcək".
"Səs" Analitik Qrupu