Prezident İlham Əliyev: "Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir"
"Sosial mənzillərin tikintisi proqramı yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəkdir. Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaqdır". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Prezident İlham Əliyevin sözlərinə görə, regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq: "Xüsusilə, qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcəkdir. Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir. Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaqdır. Sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılması, mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsi ilə yanaşı, bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaqdır. Təbii ki, bu, inşaat sektoruna çox böyük təkan verəcək. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək və bunun çox geniş multiplikativ səmərəsi olacaqdır".
Ekspertlərin fikrincə, sosial mənzil fondunun formalaşdırılması aztəminatlı ailələrin mənzil probleminin həlli, tikinti sektorunun dəstəklənməsi ilə yanaşı, əmlak bazarında qiymətlərin tənzimlənməsi baxımdan da əhəmiyyətlidir. Artıq belə fondlar yalnız inkişaf etmiş və etməkdə olan ölkələrdə, o cümlədən qonşu Türkiyədə deyil, həmçinin bir sıra MDB dövlətlərində, eləcə də Rusiyada fəaliyyət göstərir. Sözügedən fond həmin ölkələrdə vətəndaşlara yüngül şərtlərlə mənzilə sahib olmaq imkanı verir. Lakin Azərbaycanda sosial mənzil fondunun yaradılması üçün maliyyə imkanları qonşu ölkələrlə müqayisədə daha yüksəkdir. Dövlət büdcəsindən ildə 200 milyon vəsaitin ayrılması gənclərin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradar. Bu vəsait, həmçinin mənzil bazarının rentabelliyinin qorunması baxımından təhlükəsizdir. Torpaq sahələri dövlət tərəfindən təmin edilən belə mənzillərin kvadratmetrinin 250 manata başa gələcəyi proqnozlaşdırılır. Hazırda Bakıda evin 1 kvadaratmetri 210 manata başa gəlir, 40 manat isə yaşamaq üçün ilkin şəraitin yaradılmasına - divarın ağardılmasına, döşəməyə örtük çəkilməsinə və sanitariya qovşağının işə salınmasına gedir.
Əgər əvvəlki illərindəki kimi yığcam, yəni təxminən 50 kvadratmetrlik mənzillər inşa edilərsə, bu, ildə 16 min yeni mənzil deməkdir. 20 ilə verilən 50 kvadratlıq mənzil üçün ailə ayda maksimum 80 manat ödəməli olar. Dövlət sosial mənzil fondu üçün yeri pulsuz ayırır, tikinti şirkətlərini isə tender əsasında seçir. Bu məsələnin daha bir neçə çox əlverişli tərəfi də var. Birincisi, indi xərclənən vəsaitlər 20 il ərzində dövlət büdcəsinə qayıdacaq və bu, indiki yüksək gəlirlərdən gələcək nəsillərin də istifadə etməsinə imkan yaradacaq. İkincisi, mənzil bazarında qiymət artımlarının qarşısı alınır. Bu da, hətta sosial mənzil fondundan istifadəyə etməyənlərə də əlverişli qiymətlər ilə mənzil almaq imkanı verir. Üçüncüsü, bu aztəminatlı ailələri yüksək kirayə haqları ödəməkdən azad edəcək, eyni zamanda kirayə bazarında qiymətləri stabilləşdirəcək. Həmçinin, dövlət sifarişləri əsasında mənzil tikintisi regionların proporsional inkişafını təmin edə bilər. Çünki belə fondlar, sadəcə paytaxtda deyil, eləcə də regionlarda da formalaşdırılacaq.
Beləliklə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə sosial mənzil fondunun formalaşdırılması kimi kifayət qədər əhəmiyyətli sosial layihəyə start verilir. Bu məsələ ilə məşğul olacaq orqanlar dövlət başçısına hesabat verəcəklər. Bütün bunlar isə, tezliklə Azərbaycanda sosial evlərə sahib olmağın mümkün olacağını şərtləndirir.
"Səs" Analitik Qrupu