PDF Oxu

Araşdırma

  • 26 319

Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları daim dövlətin diqqət mərkəzindədir

Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları daim dövlətin diqqət mərkəzindədir

9 May - Qələbə Günü ərəfəsində Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən İkinci Dünya müharibəsi iştirakçılarına 1000 manat birdəfəlik maddi yardım veriləcək

Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial problemlərinin həlli, sosial təminat səviyyəsinin yaxşılaşdırılması dövlətin daim diqqətində olan məsələlərdəndir. Azərbaycan dövləti 2006-cı ildən Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə müvafiq məbləğlərdə əlavələr hesablayır, 2008-ci ildən Böyük Vətən müharibəsi əlillərinə Azərbaycan Prezidentinin təqaüdlərinin təyin olunmasına başlanılıb. Həmçinin, Böyük Vətən müharibəsi əlillərinin dövlət hesabına və növbəlilik qaydasında minik avtomobili və mənzillə təminatı işləri də həyata keçirilir.

Xatırladaq ki, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq nümunələri göstərib. Tarixin ən qanlı müharibəsində Azərbaycanın 640 mindən çox sakini iştirak edib. Onların təxminən yarısı döyüşlərdə həlak olub. Döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dək vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Müharibə vaxtı ön cəbhədə göstərdikləri şücaətə görə 176 min nəfər azərbaycanlı döyüşçü, arxa cəbhədə isə 250 min nəfər SSRİ-nin orden və medalları ilə təltif olunub. Bundan əlavə, 30 nəfər müharibə iştirakçısı 1-ci, 2-ci və 3-cü dərəcəli "Şöhrət" ordeni ilə təltif edilib.

Böyük Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının artırılmasını zəruri edən, sadəcə onların müharibə iştirakçısı və ya əlil olması, yaxud göstərdikləri şücaət deyil. Həm də sağ qalan müharibə iştirakçılarının ahıl yaşda olmasıdır.

Bu il Böyük Vətən müharibəsinin başa çatmasından 71 il ötür. Bu müharibədə iştirak etmiş ən gənc insanın yaşı indi 89-u ötüb. Buna görə də onlara həm də Azərbaycanın ən yaşlı insanları kimi xüsusi diqqət göstərilir.

Böyük Vətən müharibəsi iştirakçılarının mövcud vəziyyətini nəzərə alan Azərbaycan dövləti onlara hərtərəfli diqqət ayırır: həm onların yaşa görə pensiyalarına əlavələr var, həm prezident təqaüdü alırlar, əlillər mənzil və avtomobillə təmin edilir, həm də onların digər sosial qayğıları dövlət hesabına həll olunur.

Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsi istiqamətində ilk ciddi addım 1994-cü ildə oldu. 1994-cü ildən başlayaraq Azərbaycanda yenidən Qələbə Günü qeyd olundu və həmin tarix qeyri işgünü elan edildi. Həm də "Veteranlar haqqında" qanun qəbul edildi. Böyük Vətən müharibəsi iştirakçılarına hüquqi baxımdan ən yüksək qiymət məhz bu qanunla verildi. Adıçəkilən qanunla İkinci Dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər müharibə veteranı kimi tanındı.

Həmçinin, 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belarusun, Baltikyanı respublikaların ərazisində silahlı mübarizədə iştirak edən şəxslər və müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak edən şəxslər, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olan, lakin döyüş əməliyyatlarında iştirak etməyən hərbi qulluqçular, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslər müharibə veteranı hesab edilir.

Böyük Vətən müharibəsi iştirakçılarının müdafiəsi sahəsində ikinci mühüm tədbir 1995-ci ildə verilib. Böyük Vətən müharibəsi iştirakçılarının həlak olan, yaxud sonralar vəfat edən döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışan, fədakar əməyinə görə orden və medallarla təltif edilən vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması haqqında Prezident Fərmanı imzalandı. Faşizm üzərində qələbənin 50 illiyi ilə əlaqədar verilən Fərmanda bütün müharibə iştirakçılarına və ya onların dul qalan arvadlarına birdəfəlik yardımlar edildi.

İlk dəfə olaraq Sovet İttifaqı qəhrəmanlarının və "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunanların aldıqları pensiyaların üzərinə 20 manat əlavə aylıq müavinət müəyyən olundu.

Fərmanda Milli Məclisə təklif edildi ki, müharibə illərində arxa cəbhədə çalışan, fədakar əməyinə görə orden və medallarla təltif edilən vətəndaşlara güzəştlər və təminatlar almaq hüququ verilməsi məsələsinə baxılsın. Milli Məclisə o da təklif olundu ki, müharibə iştirakçılarının, həlak olan, yaxud sonralar vəfat edən döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışan, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşların hər cür vergi, rüsum, məcburi ödəmələrdən, kommunal və telefon abonenti xərclərindən azad edilməsi barədə mövcud qanunvericilikdə dəyişiklik edilməsi məsələsinə baxsın. Milli Məclisə tövsiyə edilən təkliflər öz müsbət həllini tapdı. 2005-ci ildə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər ləğv edilərək, onlar müavinatla əvəz edildi.

2008-ci ildə isə Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Prezidentinin təqaüdü təsis edilib. Prezidentin təqaüdünün aylıq məbləği 55 manat müəyyən edildi. Sonralar isə təqaüdün məbləği 100 manata çatdırıldı.

Böyük Vətən müharibəsi iştirakçılarının pensiya təminatı da digərlərindən fərqləndirilir. 2012-ci ilin sonunda "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişiklikdən sonra Böyük Vətən müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsinə əlavə artırılaraq, 50%-dən 90%-ə çatdırıldı. Pensiyaların baza hissəsinin 100 manat olduğu nəzərə alınarsa, Böyük Vətən müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsi minimum 190 manatdan hesablanır.

Böyük Vətən müharibəsi iştirakçıları, sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbir 2014-cü ilin mart və aprel aylarında görülüb. Prezidentin Fərmanı ilə Böyük Vətən müharibəsi əlillərinə verilən Azərbaycan Prezidentinin təqaüdləri 2014-cü il aprelin 1-dən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata və III qrup əlillər üçün 60 manatdan100 manata çatdırıldı.

Prezidentin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilən şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği cari ilin may ayının 1-dən 82 faiz artırılaraq 100 manata qaldırılıb.

Bundan başqa, hər il olduğu kimi, bu il də 9 May Qələbə Günü ərəfəsində Prezident İlham Əliyev 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına 1000 (min) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirə iştirakçılarına 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 9 (doqquz) milyon manat ayrılıb.

Bir sözlə, həyata keçirilən tədbirlər bir daha isbatlayır ki, Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları daim dövlətin diqqət mərkəzindədir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər