PDF Oxu

Araşdırma

  • 4 418

Etibarlı nəqliyyat sistemi milli-iqtisadi təhlükəsizliyin təmin olunmasının əsas şərtidir

Etibarlı nəqliyyat sistemi milli-iqtisadi təhlükəsizliyin təmin olunmasının əsas şərtidir

Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda gəmiçilik və su nəqliyyatı inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır

Dünya Bankının qiymətləndirmələrinə əsasən, nəqliyyat sektoru dünya üzrə ÜDM-in 3-5 %-ni formalaşdırır ki, bunun da orta hesabla 2-2,5 %-ni dövlət investisiyaları təşkil edir. Nəqliyyat sahələri dünya iqtisadiyyatında mövcud iş yerlərinin 5-8 %-ni təmin edir. Bundan başqa, beynəlxalq nəqliyyat bir çox ölkələrin valyuta daxil olmalarının əsas mənbəyini təşkil edir. 2006-cı ildə ümumi mal və xidmətlərin ixracından daxil olan gəlirlərin tərkibində nəqliyyat xidmətlərinin ixracından əldə edilən gəlirlərin payı bəzi ölkələrdə 10-50 faiz arasında olub. Belə ki, Norveçdə 9,9%, Latviyada 16,2%, Kiprdə 20,7%, Danimarkada 23,1%, Efıopiyada 30,7%, Yunanıstanda 31,8%, Panamada 45,1%. Bir amili də nəzərə almaq lazundır ki, bir çox ölkələr etibarlı nəqliyyat sisteminin yaradılmasını özlərinin milli-iqtisadi təhlükəsizliyinin təmin olunmasının əsas şərti kimi qəbul edirlər. Çünki nəqliyyatın inkişafı dedikdə, yalnız yük və sərnişin daşınması prosesi nəzərdə tutulmur. Nəqliyyat özlüyündə demək olar ki, tamamilə ağır sənaye sahələrinin məhsulu olub, digər sahələrin inkişafını da şərtləndirir. Məhz elə nəqliyyat amilinin inkişafı nəticəsində böyük əraziyə malik olan ölkələrdə istehsalın mütəşəkkilliyi mümkün olub. Kanada, ABŞ, Braziliya, Avstraliya, Rusiya və s. kimi ölkələrdə yeni ehtiyatların mənimsənilməsi ancaq nəqliyyatın inkişafı nəticəsində həyata keçirilib.

Nəqliyyat formalarının içərisində gəmiçilik də xüsusi paya malikdir. Gəmiçilik və yaxud dəniz nəqliyyatı dəmiryolu və avtomobil nəqliyyatına nisbətən daha qədimdir. Hazırda da dünya nəqliyyatı sistemində və bütövlükdə, iqtisadiyyatda onun çox böyük rolu var.

XX əsrin ikinci yarısından bir çox inkişaf etmiş ölkələrin ucqar ölkələrdən yanacaq və xammal alması asılılığı daha çox artıb. Bu ölkələrin məhsulunun böyük bir qismi istehsaldan uzaqlarda istehlak olunurdu. Bütün bunlar, öz növbəsində dəniz nəqliyyatının daha da inkişafını tələb edirdi. Dünya iqtisadiyyatındakı qloballaşma prosesi də dəniz nəqliyyatının inkişafına güclü təsir edib. Onu qeyd etmək kifayətdir ki, Böyük Britaniya və Yaponiyada cəmi xarici ticarət daşımalarının 98%-i, ABŞ-da isə 90%-i dəniz nəqliyyatının birbaşa iştirakı ilə həyata keçirilir.Tam inamla göstərmək olar ki, dünya miqyasında baş verən beynəlxalq iqtisadi əlaqələrin 80%-ə qədərinə gəmiçilik nəqliyyatı xidmət göstərir. Dəyər göstəricisi ilə dünya yük dövriyyəsində dəniz nəqliyyatının payı 60-62% təşkil edir. 1950-1970-ci illərdə məhlul şəklində olan yüklər 41-55% təşkil etdiyi halda, 1990-cı illərdən sonra daş kömür, dəmir filizi, boksidlər, taxıl, ərzaq, maşınlar və s. daşınmasının xüsusi çəkisi artıb.

İnkişafının keyfiyyətcə yeni mərhələsini yaşayan Azərbaycanda da gəmiçilik sürətlə tərəqqi edir. Azərbaycanda gəmiçiliyin inkişafı neft sənayesinin yaranması və tərəqqisi ilə sıx bağlıdır.

Xatırladaq ki, XIX əsrdə Bakıda neft hasilatının sürətli artımı Xəzərdə gəmiçiliyin inkişafına təkan verib. Təbii ki, həmin dövrdə neft və neft məhsullarının daşınması üçün yeni üzən vasitələr tələb olunurdu. Təsadüfi deyil ki, dünyada ilk neftdaşıyan "Aleksandr" barjı 1873-cü ildə Xəzərdə istismar edilib. Dünyada ilk tanker - "Zərdüşt" də (1878-ci ildə inşa edilib) Xəzərdə səfərlər edib. İlk daxiliyanma mühərrikli "Vandal" (1903-cü il), ilk reversivli iki mühərriklə işləyən "Delo" (1908-ci il) gəmilərində üzmək də Xəzər dənizçilərinin qismətinə yazılıb. Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci il mayın 21-də "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub.

Dənizlə daşınan yüklərin həcmi artdıqca Xəzər dənizinin sahillərində limanların da sayı artır. Yeni körpülər inşa edilir, anbarlar tikilir, kranlar qurulur... Donanmanın genişlənməsi gəmi təmiri bazasının yaradılmasını da zərurətə çevirir və 1866-cı ildə "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin Bakıda mexaniki zavodunun bünövrəsi qoyulur. İnkişaf etməkdə olan donanmanın kadrlara tələbatını ödəmək məqsədilə 1881-ci ildə Bakı dənizçilik sinifləri təşkil edilir. Sonrakı illərdə gəmiçiliyin donanması ölkədə və xaricdə inşa edilmiş yeni tipli gəmilərlə zənginləşir. Xəzər dənizçilərinin ixtiyarına "çay-dəniz" tipli tankerlər, pambıq, taxta-şalban və s. daşıyan gəmilər verilir. 1962-ci ildə Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış Elmi-Tədqiqat İnstitutu mütəxəssislərinin layihəsi əsasında o dövr üçün Avropada ən böyük Bakı - Türkmənbaşı gəmi-bərə keçidi işə salınır.

1960-cı ildən etibarən Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Volqa-Balt kanalı vasitəsilə dünya sularına çıxmağa başlayır. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi vəzifəsinə təyin olunduqdan sonra onun həyata keçirdiyi tədbirlər sayəsində Xəzərdə yük daşınmasında böyük canlanma baş verdi. Nəticədə, Xəzər dənizçiləri 1970-ci ildə 25 milyon ton neft və neft məhsulları, 70 milyon ton quru yük daşıyaraq gəmiçiliyin tarixində rekord göstəriciyə nail oldular. Bundan sonra yeni gəmilər almaq üçün söz deməyə, tələb etməyə əsas yarandı. Məhz Azərbaycan Liderinin təkidi ilə Bolqarıstanda, Volqaqradda, Rumıniyada və başqa ölkələrin tərsanələrində yeni tankerlərin və quru yük daşıyan gəmilərin tikintisinə sifarişlər verildi. Səksəninci illərin ortalarında Yuqoslaviyadan Xəzərə səkkiz gəmi-bərə gətirildi. Ümumiyyətlə, Heydər Əliyevin sovetlər vaxtı respublikamıza rəhbərlik etdiyi illərdə alınan nəqliyyat vahidləri donanmamızın özəyini təşkil edir.

Xəzər Dəniz Neft Donanmasının da 60 ildən artıq bir dövrü əhatə edən tarixi şanlı səhifələrlə zəngindir. SSRİ Nazirlər Sovetinin 31 oktyabr 1949-cu il tarixli "Xəzərdə dəniz neft istehsalının inkişafı haqqında" sərəncamı ilə "Azərneft" birliyi, onun tərkibində isə SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə "Üzən vasitələr" idarəsi yaradılır. Xəzər Dəniz Neft Donanmasının inkişafı, məhz bu tarixdən başlanır. Həmin dövrdə "Artyomneft" və "Stalinneft" dəniz qazma trestlərinin üzmə vasitələri yeni yaradılmış idarənin tərkibinə keçirilir. Bunlar əsas etibarilə "Transportnik", "Qəbələ", "BMK-90" tipli kiçik həcmli katerlər, özü hərəkət etməyən 20 tonluq üzən kranlar və barjlar idi. SSRİ Neft Sənayesi Nazirliyinin 22 yanvar 1953-cü il tarixli əmri ilə "Üzən vasitələr" idarəsi "Xəzərdənizneftdonanma" idarəsinə çevrilir.

Qeyd edək ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək, yenidən təşkil olunması yolu ilə yaradılıb. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir.

Nəqliyyat donanmamızın tərkibində 98 gəmi, o cümlədən 34 tanker, 13 gəmi-bərə, 14 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, eləcə də 35 texniki, təchizat və xidməti-köməkçi gəmi var. İxtisaslaşdırılmış donanma isə 188 gəmidən, o cümlədən 21 kran, 22 təchizat-yedək, 29 sərnişin, 2 borudüzən, 11 dalğıc, 7 yanğınsöndürən, 5 mühəndis-geoloji, 7 liman-yedək gəmisindən və 84 xidməti və köməkçi gəmidən ibarətdir. Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə, eyni zamanda, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərir.

Bütövlükdə, Azərbaycanda gəmiçiliyin inkişafı üçün atılan mühüm addımlar - Bakı Gəmiqayırma Zavodu, Ələt Limanı, yeni sərnişin və yük gəmilərinin istismara verilməsi bu sektorda canlanma yaratmaqdadır. Elə bu yaxınlarda Prezident İlham Əliyev Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa edilən "Üfüq", "Zəfər" və "Turan" sərnişin gəmilərinin istismara verilməsi mərasimində də iştirak etməsi və hazırda zavodda tankerlər, quru yük gəmiləri, konteynerdaşıyan gəmilər, kran, yanğınsöndürən, yedək-təchizat və təchizat gəmilərinin inşasının həyata keçirilməsi gəmiçiliyin inkişafının göstəriciləridir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər