PDF Oxu

Araşdırma

  • 1 638

Prezident İlham Əliyevdən liderlik nümunəsi

Prezident İlham Əliyevdən liderlik nümunəsi

Ali Baş Komandanın cəbhə xəttinin ən təhlükəli hissəsinə cəsarətli səfəri bir daha göstərdi ki, Xalq-Prezident, Ordu-Ali Baş Komandan birliyi sarsılmazdır

"Sizə, Ordumuza, Ulu Öndərimizin qoyub getdiyi müstəqil Azərbaycana, dövlətimizə, dövlətçiliyimizə güvənirik"

Xəbər verildiyi kimi, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar. Ali Baş Komandanın məhz cəbhə xəttinin ən təhlükəli hissəsinə cəsarətli səfəri bir daha göstərdi ki, Xalq-Prezident, Ordu-Ali Baş Komandan birliyi sarsılmazdır. Eyni zamanda, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə xəttindəki kəndlərdə erməni artilleriya qurğuları tərəfindən vurularaq dağıdılmış evlərə baş çəkməsi, cəsur kənd sakinləri ilə görüşləri işğalçı Ermənistana açıq mesaj idi: onlar layiqli cavablarını alacaqlar.

Ölkəmizin başçısı cəbhə xəttindəki hərbi hissənin müasir tipli qərargahı ilə tanış olaraq əsgər və zabitlərimizin həyat və şəraiti ilə, döyüş bacarıqları ilə yaxından tanış olubdur. Ali Baş Komandan hərbi hissənin şəxsi heyəti ilə görüşdə təmas xəttində baş verən son hadisələrdən danışaraq, bildirdi ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır. Bu ilin əvvəlində də Ermənistana beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda işğalçı dövlətin aprelin ilk günlərindən başlayaraq, yenidən atəşkəsi pozduğunu və ordumuz tərəfindən layiqli cavab aldığını deyən dövlətimizin başçısı aprelin 5-də Azərbaycan tərəfinin sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verməsinə baxmayaraq, aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimizin atəşə tutulduğunu söylədi.

Prezident qeyd etdi ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu və döyüş mövqelərimizin daha da möhkəmləndiyini vurğulayan Cənab Prezident İlham Əliyev dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin öz bəhrələrini verdiyini söylədi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Ağdam və Tərtərdə dağılmış evlərə baxdılar. Dövlətimizin başçısına məlumat verildi ki, ermənilərin törətdikləri vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb. Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu kəndlərdə də düşmən güllələrinin və mərmilərinin törətdiyi fəsadların aradan qaldırılması üçün bütün tədbirlər görüləcək: "Sizin kimi insanlar xalqımızın qürur mənbəyidir. Bax, siz burada, ən çətin, ən təhlükəli yerdə yaşayırsınız, qurursunuz, yaradırsınız. Dəymiş bütün ziyan aradan götürüləcək, vəsait ayrılacaq. Vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti güclü dövlətdir, sizin arxanızdadır. Dağılmış bütün evlər bərpa olunacaq, hər şey yenidən düzələcək. Siz möhkəm olun".

Sakinlər isə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, onlar Ali Baş Komandana və qüdrətli Azərbaycan Ordusuna arxalanaraq, düşmənlə üz-üzə mövqedə yaşayırlar: "Biz də Sizinlə fəxr edirik. Allah Sizi, övladlarınızı qorusun! Biz Sizi dəstəkləyirik, Sizin arxanızdayıq. Sizə, Ordumuza, Ulu Öndərimizin qoyub getdiyi müstəqil Azərbaycana, dövlətimizə, dövlətçiliyimizə güvənirik".

Azərbaycan dövləti nəinki milli təhlükəsizliyimiz, eyni zamanda, insanlıq üçün təhlükə mənbəyi olan terrorçu Ermənistanla siyasi mübarizəsini hərbi müstəviyə keçirəndən sonra cəbhə xəttində ciddi üstünlüklərə nail oldu. Ermənistan hərbçilərinin aprel ayının əvvəlində başlayan hərbi təxribatlarına qarşı Azərbaycan Ordusunun qısa müddətdə həyata keçirdiyi çevik və operativ hərbi əməliyyatlar nəticəsində cəbhənin ön xəttində erməni hərbi birləşmələri darmadağın edildi. Aprelin 2-də keçirilən əməliyyat zamanı ermənilərin işğal etdikləri bir neçə kənd və strateji yüksəklik azad edildi.

Bu dördgünlük müharibədə 300-dən çox hərbçisini, onlarla ağır texnikasını itirən, yüzlərlə yaralısı olan və bir neçə önəmli ərazilərdən geri çəkilmyə məcbur edilən Ermənistanda bu günlər böyük siyasi stress yaşanmaqdadır. Təbii ki, Azərbaycan Ordusu ərazilərin işğaldan tam azad olunmasına hazırdır. Buna yalnız Azərbaycan Ordusu deyil, həm də Azərbaycan xalqının son döyüşlərdəki sarsılmaz ruhu, dövlət-xalq birliyi də çox ciddi stimul verir. Biz yalnız hərbi cəbhədə deyil, siyasi cəbhədə də hücumlarımızı davam etdiririk. Aprel döyüşlərindən sonra Ermənistan beynəlxalq siyasi arenada təklənmiş duruma düşdü. Özünün bir çox siyasi dəstəyini itirən Serj Sarkisyan hakimiyyəti artıq kompromislərə getmək bərədə fikirlərini də açıqlayıb.

Bu gün Azərbaycan öz təhlükəsizliyinə qarşı olan təhdidlərin qarşısının alınması üçün dərhal qabaqlayıcı tədbirlər həyata keçirir və cəbhə xəttində əməliyyat şəraitinə nəzarət edir. Ermənistanın istənilən alçaq məqsədinin qarşısını almaq üçün Azərbaycan kifayət qədər imkanlara və önləyici tədbirlərə malikdir. Dövlətimizin gücü düşmənin istənilən təhdidinin qarşısının alınmasına ən yüksək səviyyədə imkan verir. Son illərin təcrübəsində bununla bağlı kifayət qədər fakt var. 2014-cü ilin avqustunda düşmənin layiqli cavabını verən Azərbaycan əsgəri bir qədər sonra onun hərbi helikopterini vurmaqla heç bir güzəştə getməyəcəyini göstərdi. Bu ilin aprel ayının əvvəllərində isə cəbhə xəttində ermənilərə atəşkəs dövrünün ən sarsıdıcı zərbəsi vuruldu. Bu hadisədən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vəziyyət ölkəmizin xeyrinə dəyişib.

Torpaqlarımız hələ də işğal altında olsa da, bu gün hərbi-siyasi üstünlük Azərbaycanın tərəfindədir. İndiyədək diplomatiya sahəsində Ermənistanı dalana dirəyən Azərbaycan göstərdi ki, torpaqlarımızı hərbi yolla azad etmək barədə səsləndirdiyimiz bəyanatlar kifayət qədər ciddidir. Bu bəyanatları verən Prezident İlham Əliyev fəxr etdiyi xalqına və güclü ordusuna arxalanaraq səsləndirir. Bu səbəbdən də, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə hər kəsdə inam var.

"Səs" Analitik Qrupu

Digər xəbərlər