Ali Baş Komandan böyük təhlükəyə baxmayaraq, bütün riskləri göz önünə alaraq təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedib və insanlarla görüşüb
Prezident İlham Əliyev hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür
Məlum olduğu kimi, mayın 1-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar. Ali Baş Komandan hərbi hissənin şəxsi heyəti ilə görüşündə təmas xəttində baş verən son hadisələrdən danışaraq bildirib ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır.
Bu ilin əvvəlində də Ermənistana beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda işğalçı dövlətin aprelin ilk günlərindən yenidən atəşkəsi pozduğunu və ordumuz tərəfindən layiqli cavab aldığını deyən dövlətimizin başçısı aprelin 5-də Azərbaycan tərəfinin sülhpərvərlik nümayiş etdirərək, atəşkəsə razılıq verməsinə baxmayaraq, aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimizin atəşə tutulduğunu söyləyib.
Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu və döyüş mövqelərimizin daha da möhkəmləndiyini bildirən Prezident İlham Əliyev dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu vurğulayıb.
Ümumiyyətlə, cəbhə bölgəsində son hadisələr bir daha bu reallığı təsdiqlədi ki, Azərbaycanın güclü, qüdrətli, işğal altında olan torpaqlarımızı azad etməyə qadir ordusu var. Dövlətimizin qətiyyəti, xalqın birliyi, ordumuzun gücü işğal altında olan torpaqlarımızın azad olunması üçün möhkəm əsasdır. Dövlətimizin başçısı İlham Əliyevin orduya diqqət və qayğısı davamlıdır və bu, əsgərlərimizdə böyük ruh yüksəkliyi yaradır.
Prezident İlham Əliyev Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri çərçivəsində hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə tanış olub və şəxsi heyətlə görüşüb. Cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər şəhərində, cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndində, Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində sakinlərlə görüşüb, Ermənistan ordusunun vəhşilikləri nəticəsində yaranmış vəziyyətlə tanış olublar. Ölkə Prezidenti və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralı sakinlərə baş çəkiblər.
Beləliklə də, dövlətimizin başçısının səfəri bir daha göstərdi ki, Prezident İlham Əliyev bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və tapşırıqlar verir. Prezident İlham Əliyev hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür. Dövlət başçısının cəbhə bölgəsinə səfəri orada yaşayan əhalinin, əsgər və zabitlərin əhval-ruhiyyəsini daha da yüksəltdi, orduda və insanlarda ruh yüksəkliyinə səbəb oldu. Onlar Azərbaycan dövlətinin və şəxsən Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını görür və yüksək qiymətləndirirlər. Ali Baş Komandan böyük təhlükəyə baxmayaraq, bütün riskləri göz önünə alaraq, təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedir, insanlarla görüşür. Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ardıcıl atəşə tutduğu bir vaxtda Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri, təmas xəttinin 200 metrliyində yerləşən kəndlərdə evləri dağılmış insanlarla, habelə səngərdə dayanan hərbçilərlə görüşü Prezident İlham Əliyevin Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin göstəricisidir. Azərbaycan Prezidenti cəbhə bölgəsində yaşayan hər bir vətəndaşın, səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır, onlar dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunmuşlar. Dövlət başçısı bu dəfə də öz liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim etdi. İlham Əliyev kimi Ali Baş Komandanın rəhbərliyi altında döyüşən Azərbaycan əsgəri bundan sonra da düşmənə layiqli cavab verəcək, torpaqların azad olunması, Vətən torpağının müdafiəsi üçün son damla qanına kimi vuruşacaq.
Bir sözlə, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən Ali Baş Komandan İlham Əliyevin bütün tədbirlərdə hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayış etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradır ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə, Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. Çünki Azərbaycanın güclü, peşəkar ordusu var: "Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır".
"Səs" Analitik Qrupu