PDF Oxu

Araşdırma

  • 1 842

Azərbaycan qeyri-neft sektoruna daha çox diqqət yönəldir

Azərbaycan qeyri-neft sektoruna daha çox diqqət yönəldir

Prezident İlham Əliyev: "Əminəm ki, gələn illər ərzində Azərbaycanda neft və qazdan asılılıq o qədər də gözəçarpan olmayacaq"

Dünyanın ən nüfuzlu və mötəbər reytinq institutları və beynəlxalq reytinq agentlikləri dünya ölkələrinin iqtisadi vəziyyətinə dair yeni yanaşmaların yekunu olaraq reytinq əmsallarında makroiqtisadi inkişaf göstəriciləri, maliyyə-bank sektorundakı sabitlik vəziyyəti, ölkələrin daxili və xarici borc öhdəliklərinin durumu, həyata keçirilən pul-kredit siyasəti və digər komponentləri təhlil edirlər. Məhz reytinq agentlikləri Azərbaycanla bağlı qiymətləndirmələrin nəticəsi olaraq bu qənaətə gəlirlər ki, respublikamızda həyata keçirilən düşünülmüş makroiqtisadi siyasət nəticəsində stabil inkişaf tempi qorunub-saxlanılıb. Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi və sosial islahatlar makroiqtisadi vəziyyətin sabit qalması ilə yanaşı, artım meyillərinin əldə olunmasına imkan verib. Respublikamız inkişaf dinamikasına görə Avropa miqyasında əsas aparıcı dövlətlərdən biri sayılır. Azərbaycanda son illərdə əhəmiyyətli dərəcədə pozitiv indikatorlar və dayanıqlılıq müşahidə olunub. İqtisadiyyata kredit yönəldilməsi və pul kütləsi artıb, insanların maddi rifah halı yaxşılaşıb. Bütün bu indikatorları nəzərə alan beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini yüksəldirlər. Elə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində, son illər ərzində respublikamıza verilən reytinq əmsalları ən yüksək hesab oluna bilər.

Qeyd edək ki, qlobal böhrana baxmayaraq, Azərbaycan hərtərəfli inkişafını qoruyub-saxlayır. Bu baxımdan, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün görülən tədbirlər davamlılığı ilə diqqət çəkir. Ümumi daxili məhsulda özəl sektorun payının 80 faiz təşkil etməsi deyilənlərin təsdiqidir. İqtisadiyyatın inkişafında neft-qaz amilinin rolunu daim önə çəkən dövlətimizin başçısı İlham Əliyev bu sahədə əldə olunan gəlirlərin düzgün idarə olunması sayəsində şaxələndirmənin vacibliyini prioritet məsələ kimi qarşıya qoyur. Qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir. Ölkə Prezidenti bu reallığı da diqqətə çatdırır ki, bir neçə il bundan əvvəl irəli sürdüyümüz sənayeləşmə təşəbbüsləri artıq gözəl nəticələr verməkdədir. Son 12 ildə sənaye istehsalı 2,7 dəfə artıb. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 200 milyard dollardan artıq təşkil edir. Burada xarici investorların da xüsusi çəkisini qeyd etmək olar. Elə Prezident İlham Əliyevin may ayının 11-də Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyətini qəbul etməsi və çıxış edərək, Azərbaycanın da fransız şirkətləri ilə işləməkdə eyni dərəcədə maraqlı olduğunu qeyd etməsi söylənilənlərin sübutudur.

Görüşdə Prezident İlham Əliyev bu fikri də xüsusi qeyd edib ki, zəngin enerji resurslarına malik olmayan inkişaf etmiş ölkələrin, o cümlədən Fransanın təcrübəsi yaxşı bir nümunədir. Əminəm ki, gələn illər ərzində Azərbaycanda neft və qazdan asılılıq o qədər də gözəçarpan olmayacaq.

Atılan addımlar, əldə olunan nəticələr bu reallığı təsdiqləyir ki, ölkənin hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması, iqtisadiyyatın şaxələndirilməsinə xidmət edən biri-birindən əhəmiyyətli addımlar bugünkü inkişafa böyük stimul oldu. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını vacib amil kimi önə çəkdi.

Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə görüşündə dövlətimizin başçısı İlham Əliyev uğurlarımız fonunda qeyd edib ki, son illərdə iqtisadi nailiyyətlərimiz böyük təəssürat bağışlayır. İslahatları dərinləşdirməklə qeyri-neft sektoruna daha çox diqqət yönəltməli, ölkəmizi xarici investorlar üçün daha cəlbedici etməliyik.

Ümumiyyətlə, respublikamız iqtisadi sahədə islahatları genişləndirməklə artıq bir sıra sahələr üzrə dünya ölkələri içərisində ən qabaqcıl mövqeyə sahib olub. Prezident İlham Əliyevin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkəmizdə bütün sahələrdə çoxşaxəli islahatlar həyata keçirilir. Bütün bu nailiyyətlərin əldə olunmasının səbəbi dövlət başçısının müəyyən etdiyi mükəmməl iqtisadi inkişaf platforması və aparılan məqsədyönlü siyasət, genişmiqyaslı islahatların davamlılığı və hökumətin güclü iradəsi və qətiyyətidir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər