Ermənistan ordusunda isə fərarilik, ölüm, rüşvət, korrupsiya, intihar, təcavüz və digər halların sayı dəfələrlə artıb
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, silah-sursatın, döyüş texnikasının yenilənməsi, əlavə döyüş ehtiyatlarının yaradılması, müasir silah və texnikanın, digər hərbi elementlərin alınması məqsədilə silahlı qüvvələrimiz üçün külli miqdarda maliyyə vəsaiti ayrılıb
Məlum olduğu kimi, ötən həftə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin göstərişinə əsasən, ön xətdə yerləşən birləşmənin taboru üçün müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə tikilərək istifadəyə verilib. Müdafiə Nazirliyinin rəhbərliyi açılışda iştirak edərək yeni inşa edilən qərargah, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi, nəzarət-buraxılış məntəqəsi, əsgər yataqxanası, o cümlədən inzibati, xidməti, ideoloji, istirahət və silah otaqları, əşya və ərzaq anbarları ilə tanış olublar. Hərbi hissənin ərazisində daimi avtomatik generator quraşdırılıb, su, qaz, işıq və digər kommunikasiya xətləri təchiz edilib.
Eyni zamanda, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə boyu zonada yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıblar. Qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, qazanxana, camaşırxana və hamamxana kompleksi və tikinti gedən digər obyektlərdə olan müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib.
Həmçinin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, silah-sursatın, döyüş texnikasının yenilənməsi, əlavə döyüş ehtiyatlarının yaradılması, müasir silah və texnikanın, digər hərbi elementlərin alınması məqsədilə silahlı qüvvələrimiz üçün külli miqdarda maliyyə vəsaiti ayrılıb.
Azərbaycan Ordusunun maddi-texniki təchizatının yüksək səviyyədə qurulduğu bir vaxtda Ermənistan ordusunda vəziyyət daha da kritikləşib. Ermənistanda oğurluq və korrupsiya halları həmişə çox olub. Amma quldurluq və oğurluq hallarına ən çox Ermənistan ordusunda rast gəlinir. Ermənistan ordusunda baş verən fərarilik, ölüm, rüşvət, korrupsiya, intihar, təcavüz və digər halların sayı dəfələrlə artıb. Ciddi iqtisadi böhran yaşayan Ermənistan ordusunda acınacaqlı vəziyyətin hökm sürməsi, belə halların olması, bu cür informasiyaların yayılması təəccübləndirici deyil, əksinə, gözləniləndir. Artıq belə hallar Ermənistan üçün adiləşib. Ermənistan ordusunda korrupsiya və oğurluq hallarının sayı gündən-günə artır.
Məhz siyasi hakimiyyəti əlində saxlamaq məqsədilə belə hallar Serj Sarkisyan başda olmaqla Ermənistan hakimiyyətindəki kriminal rejim tərəfindən gizlədilir və eyni zamanda, cəbhə xəttində vəziyyəti gərginləşdirməklə ictimai fikri yayındırmağa çalışır.
Belə ki, 2016-cı ilin martından başlayaraq Ermənistan tərəfi əhalini atəşə tutmağı daha da gücləndirdi. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutdu. Azərbaycan tərəfindən adekvat tədbirlər görülməsi ilə bağlı qərar qəbul edildi və cavab zərbələri endirildi. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatları müəyyənləşdirildi, canlı qüvvəsi və hərbi texnikası məhv edildi.
Cəbhənin ən gərgin istiqaməti Ağdərə, Tərtər, Ağdam və Füzuli istiqaməti idi. Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər, Horadizə təhlükə yaradan Lələtəpə yüksəkliyi azad edildi. Düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 döyüşçü öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrində törətdiyi təhlükəni aradan qaldırmaq idi və bu, uğurla yerinə yetirildi.
Xüsusi məqam ondan ibarətdir ki, düşmən tərəfi bu hadisələr zamanı Ermənistandakı bütün qüvvələri bölgəyə cəlb etmişdi. Lakin Azərbaycanın hərbi qüvvələrinin çox az hissəsi, əsasən, ön mövqedəki qüvvələrinin bir qismi cəlb olunmuşdu. Azərbaycan Şəmkir korpusunu, Naxçıvandakı Əlahiddə ordusunu, hərbi təyyarələri bu əməliyyatlara cəlb etmədi. Düşmən isə Ermənistandakı bütün qüvvələrini bölgəyə cəlb etmişdi. Bununla belə, düşmənin səyləri heç bir nəticə vermədi.
Cəbhə xəttində uğursuzluqlarının qisasını almaq üçün isə ermənilər ənənəvi metodlara əl atdılar. Belə ki, cəbhə xəttində aprel hadisələri zamanı həlak olmuş və Azərbaycan tərəfinə təhvil verilmiş hərbi qulluqçularımızın cəsədlərinə baxış zamanı cəsədlərin üzərində təhqiramiz hərəkətlərə yol verildiyi məlum oldu. Tərtər rayon hərbi prokurorluğu tərəfindən bununla əlaqədar cinayət işi başlanıb, hazırda istintaq aparılır. Eyni zamanda, aprelin 26-28-də Tərtər rayonunun Əksipara kəndi atəşə tutulub. Kənd ərazisində pambıq sahəsində partlamamış top mərmisi aşkar edilib. Onun zəhərli, 122 millimetr çaplı top mərmisi olduğu müəyyənləşdirilib. Cinayət işlərinin istintaqı davam etdirilir.
Qeyd edək ki, 1988-ci ildən indiyə qədər hərbi cinayətlərlə əlaqədar 296 erməninin təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb. Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmə prosesi təşkil olunacağı təqdirdə, bununla bağlı təqdim edəcəyimiz bütün sənədlər hazırdır.
"Səs" Analitik Qrupu