PDF Oxu

Araşdırma

  • 1 890

Özəlləşdirmə çoxşaxəli iqtisadi inkişaf kursunun mühüm istiqamətlərindən biridir

Özəlləşdirmə çoxşaxəli iqtisadi inkişaf kursunun mühüm istiqamətlərindən biridir

Prezident İlham Əliyev: "Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir"

Azərbaycanda həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf kursunun mühüm istiqamətlərindən birini də özəlləşdirmə təşkil edir. Ötən müddət ərzində ölkəmizdə özəlləşdirmə siyasəti gözlənilən effektiv nəticələri verib və iqtisadi inkişafın sürətlənməsində, azad biznesin dərinləşməsində, xarici sərmayədarların respublikamıza axınında və milyardlarla dollar investisiyaların qoyuluşunda mühüm rol oynayıb. Özəlləşdirmənin bütün iqtisadi-sosial sferaları əhatə etməsi qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasına imkan yaradıb, valyuta bazarı formalaşdırılıb, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolu məhdudlaşdırılmaqla sahibkarlığın inkişafı üçün əlverişli mühit təmin edilib.

Təsadüfi deyil ki, ilin əvvəlində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bildirmişdi ki, ölkəmizdə genişmiqyaslı özəlləşdirmə həyata keçirilməlidir. Ölkə başçısı 2016-cı il yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə islahatların dərinləşməsini mühüm vəzifə kimi qarşıya qoyaraq, beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanmasının, bu işə yerli və xarici investorların cəlb olunmasının prioritet olduğunu, xüsusilə vurğulamışdı.

Dövlət başçısı bildirmişdi ki, geniş özəlləşdirmə proqramının hazırlanması üçün müvafiq göstərişlər verilmişdir: "Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək. Burada həm neft-qaz amili var, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətlə gedir. Keçən il Azərbaycanda qeyri-neft sənayesi 8 faizdən çox artmışdır. Bu, görülən işlərlə bağlı olan nəticədir. Ona görə yenə də demək istəyirəm, elə şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər".

Hazırda özəlləşdirmə ilə bağlı həyata keçirilən tədbirlər isə bir daha sübut edir ki, ölkə başçısının qətiyyətli addımları ilə bu sahədə ciddi irəliləyişlər olacaqdır. Məhz bu günlərdə Prezident İlham Əliyevin dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı Fərman da dövlət əmlakının özəlləşdirilməsi prosesinin sürətləndirilməsinə böyük töhfələr verəcəkdir. Fərmana əsasən, Nazirlər Kabineti "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir. Fərmanda, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərin hər il dövlət büdcəsinin layihəsi ilə birlikdə Prezidentə təqdim olunması qeyd olunub. Mütəxəssislərin fikrincə, yeni Fərman özəlləşdirmə ilə bağlı prosesləri daha da sürətləndirəcək. Əlbəttə ki, özəlləşdirmə proqramının uğurla həyata keçirilməsi bu sahədə dövlət yükünün azaldılmasına, sahibkarlığın inkişafına, müəssisələrin idarəçiliyində mütərəqqi üsullardan istifadəyə, yeni texnologiyaların tətbiqinə səbəb olacaq. Müəyyən potensialı olan, lakin bəzi səbəblərdən yetərincə səmərəli fəaliyyət göstərə bilməyən, debitor borclarının həcmi yüksək olan strukturlar özəlləşdirmə proqramına daxil ediləcək.

Bir sözlə, özəlləşdirilmə prosesi daha çevik qərarların verilməsi üçün önəm kəsb edir. Bu, bəhs olunan sektorda qərarların operativliyinin təmin edilməsinə şərait yaradacaq, yeni proqram büdcəyə daxilolmaların həcmini artıra bilər. Azərbaycanda özəlləşdirilmənin əsas məqsədlərindən birini büdcəyə daxilolmaların artırılması təşkil edir ki, bu baxımdan, dövlət büdcəsi üçün yük olan qurumların özəlləşdirilməsi vacib amildir.

Səs" Analitik Qrupu

Digər xəbərlər