PDF Oxu

Araşdırma

  • 2 159

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan cəmiyyətində fikir birliyi var

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan cəmiyyətində fikir birliyi var

Рrezident İlham Əliyev: "Bizim ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində də Azərbaycanda yaşayan bütün millətlərin, konfessiyaların nümayəndələri bir nöqtəyə vurur"

Azərbaycan ərazisinin 20 faizi uzun illərdir ki, Ermənistan tərəfindən zəbt edilib. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Hətta ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarına görə, işğal edilmiş torpaqlarda bütün binalar - tarixi binalarımız, qəbirlər və məscidlər ermənilər tərəfindən dağıdılıbdır. Azərbaycanda isə Bakının mərkəzində erməni kilsəsi yerləşir.

Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında siyasi diskussiyalar daha da genişlənir, yenidən hərbi əməliyyatların baş verməməsi üçün diplomatik resurslardan tam istifadə olunur. Təəssüflər olsun ki, Ermənistan tərəfinin qeyri-konstruktiv addımları münaqişənin həll edilməsinə imkan vermir. Bununla əlaqədar olaraq, Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Təəssüflər olsun ki, Azərbaycan və Ermənistan arasında danışıqların 20 il davam etməsinə baxmayaraq, heç bir irəliləyiş əldə olunmayıb. Bunun başlıca səbəbi Ermənistanın Azərbaycanla sülh əldə etmək istəməməsidir. Yəni onlar status-kvonun dəyişməsini istəmirlər. Hələ ki, münaqişənin ədalətli həlli ilə əlaqədar olaraq, verilən bəyanatlar kağız üzərində qalmaqdadır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilib, həmçinin, Avropa Şurası, İKT və digər beynəlxalq təşkilatlar qərarlar veriblər. Lakin ikili standartlar bu qərarların və qətnamələrin icra olunmasına mane olur".

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində çıxışı zamanı deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır: "Beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Tarixi ədalət də bizim tərəfimizdədir. Son vaxtlar bu məsələ ilə məşğul olan vasitəçilər, onların rəhbər şəxsləri qeyd edirlər ki, məsələ tezliklə həll olunmalıdır, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Biz bunu müsbət qarşılayırıq. Ancaq belə bəyanatlar əvvəllər də verilmişdir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq neçə ildir ki, bəyanatlar verilir, amma bəyanatlardan sonra heç bir addım atılmır. Vaxt gəlib çatıb ki, konkret addımlar atılmalıdır. İşğalçıya çox ciddi təzyiqlər göstərilməlidir ki, bu məsələ sülh yolu ilə öz həllini tapsın. Biz bunun tərəfdarıyıq. Həmişə bunun tərəfdarı olmuşuq. Ancaq bununla bərabər, heç kəs üçün sirr deyil ki, bu gün regionda və xüsusilə, Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti kəskin dəyişilib. Azərbaycan hər bir sahədə böyük üstünlüyə nail olub və bu üstünlüyü əldən verməyəcək. Ermənistan ilə Azərbaycan arasında bütün sahələrdə fərq daha da böyüyəcək. Çünki biz inkişaf yolu ilə gedirik. Bizim gələcəyə çox dəqiq və aydın baxışlarımız, proqramlarımız var. Ermənistan isə xarici ianə, dəstək olmasa yaşaya bilməz. Bunu artıq onların iqtisadi vəziyyəti göstərir. Bunu aprel hadisələri göstərir. Ona görə biz gücümüzü bilirik və öz gücümüzə arxalanırıq. Mən bunu qeyd etmişəm, o cümlədən hərbi gücümüzü bilirik və aprel ayında döyüşlər zamanı hərbi potensialımızın ancaq kiçik bir hissəsi nümayiş etdirildi. Mən hesab edirəm ki, bu, Ermənistan rəhbərliyi üçün yaxşı bir dərs oldu. Eyni zamanda, vasitəçilərə də, dünya ictimaiyyətinə də siqnal oldu ki, bu, dondurulmuş münaqişə deyil. Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan ictimaiyyəti üçün də bir nömrəli məsələdir. Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan cəmiyyətində fikir birliyi var. 2-5 aprel tarixlərində cəbhə xəttində baş vermiş hadisələr zamanı xalqla ordunun həmrəyliyi, hakimiyyətin ətrafında daha sıx birləşməsi bunun sübutu oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində də Azərbaycanda yaşayan bütün millətlərin, konfessiyaların nümayəndələri bir nöqtəyə vurur. Yəni bu, bizim ümummilli məsələmizdir. Hər bir Azərbaycan vətəndaşı hər gün çalışmalıdır və əminəm, çalışır ki, bu məsələ tezliklə öz həllini tapsın.

Bir sözlə, düşünürük ki, həm ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, həm də digər güclü təşkilatların və dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək olacaq və işğal faktı aradan qaldırılacaq. Əgər münaqişənin qarşısı tezliklə və beynəlxalq hüquq normaları çərçivəsində alınarsa, bu, regiona və ümumilikdə, qitəyə öz töhfəsini verəcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər