Ermənistanda səfərdə olmuş Fransiskə müraciət edən İkinci Dünya müharibəsinin veteranları ona faşist Njdenin qanlı əməllərini xatırladıblar
Azərbaycan Respublikasının İkinci Dünya müharibəsi veteranları Ermənistanda səfərdə olmuş Roma Papası Fransiskə etiraz məktubu ünvanlayıblar. Məktubun ünvanlanmasına səbəb kimi, faşist Almaniyasının ermənilərdən ibarət legionuna rəhbərlik etmiş Njdeyə Yerevanda ucaldılmış abidəyə etirazla bağlı olub. Bu qaniçən faşistin İkinci Dünya müharibəsi dövründə alman ölüm düşərgələrində minlərlə insanın qətlində iştirak etməsindən bəhs edən məktubda vurğulanıb ki, Roma Papası Fransisk 2016-cı il iyunun 24-dən 26-dək Ermənistanda səfərdə olduğu müddətdən bir neçə gün öncə, bu ölkənin paytaxtının ən görkəmli yerində insan qatilinə, faşistə abidə icaldılıb.
"Söhbət nasist canilərin nəinki Ermənistanın özündə, həm də beynəlxalq informasiya-mədəniyyət məkanında ləyaqətsizcəsinə təriflənməsindən gedirdi"
Veteranlar bildiriblər ki, Azərbaycan və Vatikan sivilizasiyalar və dinlər arasında dialoq naminə əməkdaşlığın əyani nümunəsini dünyaya nümayiş etdirdikləri şəraitdə Ermənistanda faşist ideyaları dövlət səviyyəsində təbliğ edilir. Sitat: "Biz, İkinci Dünya müharibəsi veteranları hələ keçən il, faşizm üzərində tarixi Qələbənin 70 illik yubileyi ərəfəsində Hitler nasizminin əlaltılarının Ermənistan tərəfindən qəhrəmanlar kimi qələmə verilməsinin çox ciddi narahatlıq doğurduğunu bəyan etmişdik. Söhbət nasist canilərin nəinki Ermənistanın özündə, həm də beynəlxalq informasiya-mədəniyyət məkanında ləyaqətsizcəsinə təriflənməsindən gedirdi. Biz ürək ağrısı ilə Sizin diqqətinizi buna cəlb etmək istəyirik ki, Ermənistan Hitlerin və Gimmlerin yaxınlarını, erməni SS cəza legionunun rəhbərləri, general Dro və general Njde adları ilə məşhur olan Drastamat Kanayanı və Qaregin Ter-Arutyunyanı təmizə çıxarmaq üçün bütün vasitələrdən istifadə edir".
"Erməni legionunun özünün hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin məhv edilməsi təsdiqlənir"
Məktubda əsaslı xatırlatmalar edərək, general Njde və s. erməni faşistləri barədə faktları sadalayan Azərbaycan veteranları qeyd ediblər ki, Ermənistanın bu "milli qəhrəman"larının əli ilə Ukraynada və Polşada 10 minlərlə insanın həyatına son qoyulub, yəhudilərə və nasist ideologiyası üçün "yararlı olmayan" başqa xalqlara qarşı cinayətlər törədilib, onlar hitlerçi cəza düşərgələrində kütləvi şəkildə qətlə yetiriliblər. Erməni legionunun özünün hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin məhv edilməsi təsdiqlənir. Məhz bu hadisənin yaşanması hər bir insanı hiddətləndirir: "Bu gün son dərəcə hiddətləndiricidir ki, Ermənistan faşist canilərin qəhrəmanlar kimi qələmə verilməsində əsas "cəbhə"ni qonşu Rusiyanın - faşistlərin əli ilə qətlə yetirilmiş milyonlarla insanın xatirəsinə dərin ehtiram bəsləyən ölkənin ərazisində yaradıb.
Yerevanın mərkəzində faşist caninin xatirəsinin əbədiləşdirilməsi mərasimində Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib. Halbuki bir il əvvəl həmin Sarkisyan faşizmdən zərər çəkmiş ölkələrin liderləri ilə birlikdə Moskvada Qələbə paradında iştirak edib, bu il mayın əvvəlində isə Yerevanda İkinci Dünya müharibəsi qurbanlarının xatirəsini "ehtiramla yad edib".
Ermənistan BMT-nin bu qətnaməsinə də məhəl qoymur!
O cümlədən, Fransiskə xatırladılıb ki, bu gün dünya faşizmin hər hansı təzahürlərini pisləyir. Çünki 2015-ci il dekabrın 17-də BMT-nin Baş Məclisi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla bağlı dözülməzliyə qarşı mübarizə" adlı 70/139 nömrəli Qətnamə qəbul edib. Həmin sənədin 4-cü bəndində qeyd olunur ki, BMT Baş Məclisi" nasizm hərəkatının, neonasizmin və "Vaffen SS" təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını bildirir.
Veteranların fikrincə, məhz bu Qətnaməyə qoşulmuş Ermənistanda tamamilə əks mövqe nümayiş olunur və orada faşist rejiminə sadiqliyə and içmiş şəxslərin ətrafında genişmiqyaslı pərəstiş ab-havası yaradılır.
"Biz, faşizmə qarşı müharibənin bütün ağrı-acılarını görmüş, döyüşlərdə yoldaşlarını itirmiş insanlar indi nasist canilərin qəhrəmanlar kimi təqdim olunmasını ürək ağrısı ilə müşahidə edirik"-deyə qeyd edən İkinci Dünya müharibəsinin veteranları Ermənistanın bu hərəkətlərinin, əslində bütün dünyaya meydan oxuması kimi qiymətləndirildiyini düşünürlər: "Bu hərəkətlər bizi hiddətləndirir. Əminik ki, Siz faşizmə qarşı mübarizədə həlak olmuş insanların nurlu xatirəsinə sadiq bir insan kimi Ermənistan tərəfindən yayılan faşist ideologiyasının nümunəsində ümumi şərə qarşı səylərinizi əsirgəməyəcəksiniz. Biz çox ümid edirik ki, Zati-Aliniz bizim səsimizi eşidəcək, buna görə Sizdən səmimi qəlbdən xahiş edirik, nasist canilərə bəraət qazandırmaq və onları şöhrətləndirmək cəhdlərinin qarşısını almaq, o cümlədən Hitlerin əlaltısı, faşist ordusunun generalı Qaregin Njdenin heykəlinin sökülməsi məqsədilə Ermənistan rəhbərliyinə təsir göstərin. Hörmətlə və bizi düzgün başa düşəcəyinizə ümidlə, Azərbaycanın bütün Böyük Vətən müharibəsi veteranları adından..."
Qeyd edək ki, Roma Papası Fransiskin həmin məktuba müsbət reaksiya veriləcəyinə ümid edirlər.
R.Rəsulov