PDF Oxu

Araşdırma

  • 3 325

Azərbaycan sənayesinin moderləşmiş siysəti

Azərbaycan sənayesinin moderləşmiş siysəti

Prezident İlham ƏLİYEV: "Əsas məqsədimiz Azərbaycanı güclü sənaye ölkəsinə çevirmək üçün bütün imkanlardan istifadə etməkdir"

Dünyada dərin iqtisadi və maliyyə böhranının davam etməsi ölkəmizin dinamik inkişafına öz mənfi təsirini gəstərə bilməyib. Çünki qeyri-neft sektorunun yüksəlişinə xüsusi önəm verilməsi, şaxələndirmə siyasəti, bununla bağlı həyata keçirilən tədbirlər Azərbaycanın bu vəziyyətdən minimum itkilərlə çıxmasına münbit şərait yaradıb. Şübhəsiz, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi gəlirləri azaldıb. Bununla bağlı Prezident İlham Əliyev deyib: "Neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi, sosial müdafiəsi təmin olunur".

Son illərdə ölkəmizin gələcək inkişaf dinamikasını müəyyənləşdirən qeyri-neft sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən texnoparkların, sənaye məhəllələrinin qurulması, ixrac yönümlü sənaye məhsulları istehsalının genişləndirilməsi, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaradılması diqqətdə saxlanılıb. Bütün bunlar isə Azərbaycanın gələcək inkişafını sürətləndirəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və iqtisadiyyatın dayanıqlı şəkildə inkişafını müəyyən edəcək.

Qeyri-neft sənayesinin sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərib. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxan, özünü doğruldan bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub-saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Yeni prioritet istehsal sahələri ölkə iqtisadiyyatının dayanaqlı inkişafıdır

Məlumdur ki, sənayesi zəif olan ölkələr xammal ixracatına üstünlük verirlər. Ölkə Prezidenti İlham Əliyev qarşıda duran vəzifələrdən danışarkən deyib: "Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət yetiriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir".

Eyni zamanda, onu da qeyd etmək yerinə düşər ki, sənayeləşmənin reallaşdırılması üçün yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması və regionlarda sənaye potensialının gücləndirilməsindən ibarətdir. Bu proses, xüsusilə metallurgiya, maşınqayırma, cihazqayırma, energetika kimi sənaye sahələrində yeni texnologiyaların inkişafı ilə əlaqədardır. Sənayeləşmə prosesi investisiyaları və iqtisadi inkişafı stimullaşdıraraq, cəmiyyətin dünyaya baxışını dəyişdirir. Regionların sənaye potensialının yüksəldilməsi kimi uzaqgörən siyasət həyata keçirilərək Gəncə, Sumqayıt, Daşkəsən, Şirvan, Ağdam, Xaçmaz və digər şəhərlərdə sənaye kompleksləri yaradılıb. Son illərdə bir sıra iri sənaye müəssisələri-Gəmiqayırma zavodu, Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan Avtomobil zavodu, Bərk Məişət Tullantılarının Yandırılması zavodu, Qaradağ Metal Konstruksiyalar zavodu, Gədəbəy Qızıl-Mis Emalı, Gəncə Alüminium, Mingəçevir Elektron Avadanlıqlar zavodları, Qaradağ Sement zavodunun yeni istehsal xətti və digər müəssisələr istifadəyə verilib. Gəmiqayırma zavodunun və Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə olmaqla yanaşı, müasir texnologiyaların cəlb edilməsinə, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan verib.

Ölkə Prezidenti İlham Əliyev Sumqayıt şəhərində olarkən Sumqayıtın müasir sənaye mərkəzinə çevrilməsi üçün konkret planların olduğunu bildirmişdir: "Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret planlar vardır. Əslində, Sumqayıt sənaye şəhəri kimi yaradılıb, formalaşıb. İndi isə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf edir. Burada yaradılan və tikilməkdə olan, tikiləcək sənaye müəssisələri Azərbaycanda sənayeləşmə proqramının icrası üçün çox vacib rol oynayacaqdır. Artıq bu proqramın icrasının birinci mərhələsindəyik. Burada böyük Sumqayıt Texnologiya Parkı yaradılıb, ona yaxın müasir müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan məhsullar xaricə də ixrac edilir, ölkə daxilində də istehlak olunur. Növbəti dövrdə Sumqayıtda yeni kimya müəssisələrindən ibarət sənaye şəhərciyi yaradılacaqdır. Bu məqsədlə müvafiq göstərişlər verilmişdir. Burada həm dövlət, həm özəl sektorun iştirakı ilə böyük müəssisələr, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün gözəl şərait yaradılacaqdır".

Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan 2020 - gələcəyə baxış" İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.

Rəqabət qabiliyyətli sənayenin uğurlu nəticələri

Sənayenin modernləşdirilməsi və müasir tələblərə cavab verən rəqabət qabiliyyətli sənayenin yaradılması tədbirləri real nəticələr verib. Sənayenin inkişafını şərtləndirən amillər çoxdur. İlk növbədə, ölkəmizdəki makroiqtisadi sabitliyi vurğulamaq lazımdır. Digər mühüm amil son illərdə yaradılmış güclü sənaye potensialıdır. Yeni qeyri-neft sənaye sahələrinin yaradılması üçün karbohidrogen ehtiyatları ilə yanaşı, dəmir filizi, qızıl, mis, alunit və digər zəngin təbii ehtiyatlar da çox mühüm amildir. Dünyanın ən iri enerji layihələrindən olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması hələ uzun illər ölkə iqtisadiyyatına, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcək. Azərbaycanda sənaye siyasətinin əsas istiqamətləri barədə danışan nazir qeyd edib ki, gələcək illərdə də sənayenin modernləşdirilməsi siyasəti davam etdiriləcək: "Bununla əlaqədar olaraq, sənayenin innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması əsas istiqamətlər kimi qəbul olunub. Eyni zamanda, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması sahəsində ardıcıl tədbirlər həyata keçiriləcək. Bu siyasətə uyğun olaraq, ölkənin regionlarında sənaye potensialının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılacaq".

Həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində neft-qaz, qızıl və digər hasilat sahələrində əldə edilmiş uğurlarla yanaşı, sənaye sahəsi genişləndirilmiş, yeni istehsal gücləri istifadəyə verilmiş, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr yaradılmışdır. Sumqayıt Texnologiyalar Parkının, Alüminium İstehsalı Kompleksinin və Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Bakıda gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Gədəbəy və Daşkəsəndə Qızıl-Mis Emalı zavodlarının qurulması, Sumqayıtda Neft-Kimya Sənayesində Modernizasiya İşlərinə Başlanılması və Karbamid zavodunun inşası, Qaradağda Sement zavodunun istehsal gücünün artırılması və yeni zavodun inşası, Qazaxda, Naxçıvanda yeni sement zavodlarının tikilib istifadəyə verilməsi və s. yeni müəssisələr qeyri-neft sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirilməsi üçün geniş imkanlar yaradır.

Faktları təsdiqələyən uğurlu nəticələr

Bir məqamı da qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin "Sənaye ili" elan edilməsi, sənayenin inkişafı istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin regionun güclü sənaye mərkəzi kimi formalaşmasına təkan vermişdir. Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq, ötən il ölkədə 20-dən çox orta və iri sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri artırılmışdır.

Sənaye müəssisələri tərəfindən 2015-ci ilin ötən dövründə 15,8 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 63,8 faizi mədənçıxarmada, 28,5 faizi emal bölməsində, 6,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Emal bölməsində qida məhsullarının istehsalı 3,5 faiz, neft məhsullarının istehsalı 4,8 faiz, kimya sənayesi 2,2 dəfə, poliqrafiya fəaliyyəti 77,2 faiz, tikinti materialları istehsalı 14,8 faiz, metallurgiya sənayesi 7,8 faiz, hazır metal məmulatların istehsalı 40,7 faiz, elektrik avadanlıqlarının istehsalı 38,7 faiz artmışdır. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 14,7 faiz çoxalmışdır. İstehsal edilmiş məhsulun 99,8 faizi istehlakçılara göndərilmişdir.

Bütün bu uğurlar dövlət başçısının məqsədyönlü, vətənimizin sürətli inkişafını gələcəkdə də təmin edəcək uzaqgörən siyasəti ölkəmizin siyasi-iqtisadi qüdrətini daha da artıracaq, Azərbaycan yaxın illərdə regionun güclü sənaye mərkəzinə çevriləcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər