PDF Oxu

Araşdırma

  • 2 376

NATO Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir

NATO Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir

Prezident İlham Əliyev: "Biz status-kvonun qəbuledilməzliyini bəyan edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatlarını dəstəkləyirik"

Ermənilərin "böyük Ermənistan" xülyasının nəticəsi kimi ortaya çıxan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq beynəlxalq birliyi, təşkilatları və ayrı-ayrı dövlətləri yüksək dərəcədə narahat edir, problemin tez bir zamanda həll edilməsi üçün bütün lazımi addımları atırlar. Əlbəttə ki, dünya siyasətində Azərbaycanın birmənalı mövqeyinin dəstəklənməsi Prezident İlham Əliyevin qətiyyətli xarici siyasətinin və ordumuzun düşmənə layiqli cavab verməsinin nəticəsidir. Aprel ayının 2-5-də Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq, 2000 hektardan artıq ərazini düşmənlərdən təmizlədi. Məhz bundan sonra dünya siyasətinin aparıcı aktorları Azərbaycanın həm diplomatik, həm də hərbi gücünü gördü. ABŞ, Rusiyanın, Aİ-nin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin təşkil edilməsi, xüsusilə də, Sankt-Peterburq görüşündə münaqişənin həllinə böyük ümidlər yaradan addımların atılması dünya birliyinin iradəsinin nümunəsinə çevrildi. Elə NATO-nun Varşava Zirvə toplantısında üzv dövlətlər tərəfindən dövlət və hökumət başçıları səviyyəsində yekun kommunikenin qəbul edilməsi və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməsi növbəti göstərici kimi qəbul edildi.

Kommunikenin 24-cü paraqrafında NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləməyə sadiq olduqlarını bir daha vurğulayıb, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiklərini ifadə ediblər.

Xatırladaq ki, NATO-nun əvvəlki zirvə toplantılarının, o cümlədən 2014-cü il sentyabrın 4-5-də Uelsdə keçirilmiş sammitinin yekun bəyanatında da üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək, Cənubi Qafqazdakı münaqişələrin, məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulayıblar. Dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməyin qəbuledilməzliyi vurğulanıb və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin vacibliyi qeyd olunub.

İyulun 9-da Varşavada NATO Sammiti çərçivəsində "Dövlət və hökumət başçıları səviyyəsində "Qətiyyətli dəstək" missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş" mövzusunda sessiyada iştirak edən Prezident İlham Əliyev bir daha qeyd edib ki, Azərbaycan-NATO tərəfdaşlığı beynəlxalq hüququn və təhlükəsizliyin bölünməzliyi prinsiplərinə əsaslanır: "Əfsuslar olsun ki, həmin prinsiplər hələ də pozulur. Azərbaycanın ərazisinin təxminən 20 faizini silahlı qüvvələri ilə işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparmış, hərbi cinayətlər törətmiş Ermənistanın Azərbaycana qarşı davamlı şəkildə gücdən istifadəsi nəinki ölkəmizin ərazi bütövlüyünü pozur, o cümlədən regional təhlükəsizliyə ciddi təhdid yaradır. İyirmi ildən artıqdır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməkdən imtina edir. Biz status-kvonun qəbuledilməzliyini bəyan edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatlarını dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Biz Varşava Sammitinin Bəyannaməsində, bir daha qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək dəyərləndiririk".

"Səs" Analitik Qrupu

Digər xəbərlər