PDF Oxu

Araşdırma

  • 2 708

Fransa ilə Azərbaycanın da münasibətləri təqdirəlayiq səviyyədədir

Fransa ilə Azərbaycanın da münasibətləri təqdirəlayiq səviyyədədir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Varşavada Fransa Respublikasının Prezidenti Fransua Olland ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğu bildirilib. Fransa Prezidenti bu məsələnin həllinə fəal dəstək verəcəyini vurğulayıb. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

İki ölkə arasındakı mövcud əlaqələr, əsasən, Fransa tərəfinin karbohidrogenlərlə təchizatı ilə əlaqədardır. Azərbaycanla, adətən yüksək olan və 2005-ci ildə 494 milyon avro təşkil edən ticarət dövriyyəsi 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri və "Azəri-Çıraq-Günəşli" yatağında istehsalın artması nəticəsində iki dəfə yüksəlib və 2008-ci ildə 1,8, 2011-ci ildə isə 3,2 milyard avroya çatıb. Bu yüksəliş Liviya neftinin Azərbaycan nefti ilə əvəz edilməsi nəticəsində mümkün olub. 2012-ci ildə ticarət dövriyyəsi yenidən aşağı düşməklə 1,9 milyard avro təşkil edərək, 2008-ci il səviyyəsinə enib. Bu, idxalın 99 faizini təşkil edən karbohidratların alınmasının aşağı düşməsi nəticəsində baş verib. Bütün məhsullar nəzərə alınmaqla, 2011-ci ildə Azərbaycanla ticarət əlaqələrində 2-ci yerdə olan Fransa 2012-ci ildə 5-ci yerə düşüb. İdxal 2012-ci ildə 1,76, ondan əvvəlki il isə 3,15 milyard avro təşkil edib. 1,75 milyard avroya neft alışı ilə Fransa Azərbaycanın 3-cü neft alıcısı olub. Azərbaycana ixracat 2008-ci ildə 150 milyon avro təşkil edib, sonrakı illərdə azalma müşahidə edilsə də, 2012-ci ildə yenidən yüksələrək 164,9 milyon avro təşkil edib və Azərbaycana əmtəə ixrac edən ölkələr arasında Fransa 10-cu yerdə qərarlaşıb. İdxalla müqayisədə Azərbaycana ixrac daha geniş sahələri əhatə edir. Bunlar, əsasən, təchizat avadanlıqları, informatika və elektronika, sənaye və kənd təsərrüfatı avadanlıqları, digər sənaye məhsullarından, məsələn, kimyəvi, kosmetik, metal məmulatlarından ibarətdir. Neft və neft məhsullarından başqa fransız müəssisələri bank, elektrik enerjisi və ətraf mühitin qorunması və istehlak malları sektorlarında fəaliyyət göstərir. Fransız müəssisələri neft və neft məhsulları sənayesində daha yaxından iştirak edir, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən konsorsiuma daxildirlər. "Total" şirkəti bu konsorsiumun 5 və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin 10 faizinə sahibdir. 2009-cu il fevralın 27-də "Total" şirkəti Xəzərin Azərbaycan sektorunda "Abşeron" strukturunun birgə kəşfiyyatı və işlənilməsinin əsas prinsipləri haqqında PSA tipli müqavilə imzalayıb ("Total"ın iştirak payı 40 faiz) və az sonra müqavilə çox ümidverici olub. Sonralar GDF Suez şirkəti 20 faiz pay iştirakı ilə konsorsiuma qoşulub.

2008-ci il dekabrın 15-də Fransanın CNİM şirkəti Bakıda zibil emalı zavodunun tikintisi və zavodun 20 il ərzində istismarı barədə müqavilə imzalayıb. Bu, fransız müəssisəsinin Qafqazda imzaladığı ən mühüm müqavilədir. Yeri gəlmişkən, onu da qeyd edək ki, 2009-cu ilin mayında SYSTRA şirkəti Bakı metropoliteninin genişləndirilməsinin mümkünlüyünü öyrənməyi nəzərdə tutan 5,85 milyon avro dəyərində müqavilə imzalayıb. 2010-cu il noyabrın 5-də "ARİANESPACE" şirkəti Azərbaycanın ilk kosmik peykinin buraxılmasını nəzərdə tutan 93 milyon dollar dəyərində müqavilə imzalayıb və peyk 2013-cü il fevralın 7-də buraxılıb. 2010-cu ilin oktyabrında AXA Azərbaycanın Mbask sığorta şirkətinin səhmlərinin xeyli hissəsini alıb. 2011-ci ilin fevralında "SADE" şirkəti Dünya Bankı tərəfindən maliyyələşdirilən, Şabran və Siyəzən rayonlarının su-kanalizasiya xətlərinin çəkilməsi, nasos stansiyalarının qurulması və çirkli suların təmizlənməsinə dair 40 milyon avro dəyərində olan tenderin qalibi olub.

Ölkəmizdə üç komponentdən ibarət olan hasilat, nəqliyyat və satışı özündə ehtiva edən "Şahdəniz" layihəsi ilə bağlı XXI əsrin kontraktı imzalanıb. Burada Avropa İttifaqı-Azərbaycan əlaqələrinin əhəmiyyəti ön plandadır. Bu layihə Avropanın ən böyük infrastruktur layihəsi olmaqla oraya qoyulacaq sərmayənin həcmi təqribən 45 milyard dollar təşkil edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa şirkətlərini bu layihələrdə iştiraka dəvət etməklə, bu sahədə əməkdaşlığın həm ölkəmizin müştərək maraqlarını təmin edəcəyinə, həm əlverişli biznes imkanları yaradacağına və beləliklə, Fransa-Azərbaycan dostluğunun bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik yaratdığını qeyd edib.

"Səs" Analitik Qrupu

Digər xəbərlər