2016-cı ildə 65 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılması təmin ediləcək, 16 min hektar yeni suvarılacaq torpaqlar əkin dövriyyəsinə daxil olunacaq
Hər bir ölkənin normal inkişafında əhəmiyyətli rol oynayan amillərdən birini də, məhz su təhlükəsizliyi təşkil edir. Xüsusilə də, içməli su ilə təminolunma XXI əsrdə bəşəriyyət qarşısında duran əsas məsələlərdən birinə çevrilməkdədir. Bu gün dünyada su çatışmazlığından iki milyardan çox insan əziyyət çəkir. 2015-ci ildə suyun müntəzəm olaraq çatışmazlığını dünya əhalisinin yarısı, daha on il sonra isə üçdə ikisi hiss edəcək. Çünki su sürətlə ən çatışmayan təbii resurslardan birinə çevrilməkdədir. Müstəqil ölkə kimi Azərbaycan da bu problemlə qarşılaşa bilərdi. Lakin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahədəki fəaliyyətinin nəticəsidir ki, Azərbaycanın su təhlükəsizliyi təmin edilməkdədir. Xüsusilə də, qlobal böhranın təsirlərinin hiss edildiyi postneft erasında kənd təsərrüfatının inkişafına hesablanmış addımların atılması, xüsusilə nəzərə çarpır.Belə ki, son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli gücləndirilib, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib, 266 min hektar sahədə suvarılan torpaqların su təminatı, 217 min hektar sahədə isə meliorativ vəziyyət yaxşılaşdırılıb, 43 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 1493 subartezian quyusu qazılıb, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib.Ölkə iqtisadiyyatının gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur layihələri olan Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi ilə 200 min hektardan artıq əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 47 min hektar yeni suvarılan torpaqların istifadəyə verilməsinə, əhalinin içməli su ilə təmin edilməsinə və əlavə elektrik enerjisinin alınmasına imkan yaranıb. İlkin mərhələdə Taxtakörpü Su Anbarı zonasında Xızı və Siyəzən rayonlarında 10 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib ki, onun 8 min hektarı yeni suvarılan torpaqlardır. Şabran rayonunda isə 14 min hektara yaxın yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatdırılıb. Cari ildə Xızı, Siyəzən və Şabran rayonlarında meliorativ tədbirlər davam etdirilməklə 6200 hektar, o cümlədən, 4500 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1700 hektar sahənin su təminatının yaxşılaşdırılması təmin ediləcək. İki ildə ölkənin şimal zonasında 12 min hektardan çox yeni suvarılan torpaqların istifadəyə verilməsi iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına geniş imkanlar açır. Eyni zamanda, şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə su verilməsi üçün Caqacuqçay və Qudyalçay çaylarında sugötürücü qurğuların və nəqledici kanalların tikintisi tamamlanıb, Qusarçay çayında isə bu işlər cari ildə başa çatdırılacaq.Son illərdə yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü Su Anbarında toplanan su hesabına Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub.Şəmkirçay Su Anbarı zonasında əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 kilometr uzunluğunda magistral kanalların tikinti işləri başa çatdırılaraq Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün müasir paylayıcı kanalların və suvarma şəbəkəsinin, eləcə də Goranboy rayonunun 26 min hektara yaxın (ondan 8 min hektardan çoxu yeni suvarılan torpaqlardır) torpaq sahələrini suvarma suyu ilə təmin edəcək Şəmkir Maşın Kanalının ikinci növbəsinin tikintisi işlərinə başlanılıb. Bu işləri cari ildə davam etdirməklə Goranboy rayonunda 8 min hektar sahəyə, - onun 980 hektarı yeni suvarılan torpaqlardır, - suvarma suyunun çatdırılması, Göygöl rayonunda isə müasir qapalı suvarma şəbəkəsinin tikintisi aparılmaqla 3 min hektar sahə, - ondan 1200 hektara yaxını yeni suvarılan torpaqlardır, - suvarma suyu ilə təmin ediləcək. Eyni zamanda, cari ildə Şəmkirçay Su Anbarında yığılan su hesabına Şəmkir və Göygöl rayonlarının 16 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılıb.Tovuzçay Su Anbarına yığılan su hesabına isə Tovuz və Şəmkir rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılıb, 300 hektar yeni suvarılacaq torpaqlar isə bu il istifadəyə veriləcək. Şəmkirçay Su Anbarından "Şəmkir Aqropark"ın 543 hektar, Samur-Abşeron suvarma sistemindən "Yalama Aqropark"ın 523 hektar, Hacıqabul rayonunun 400 hektar, Ağcabədi rayonunun 2100 hektar torpaq sahələri suvarma suyu ilə təmin edilib. Cari ildə Neftçala rayonunun 5620 hektar və Ağcabədi rayonunun 3 min hektar yeni suvarılacaq az məhsuldar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması üçün Neftçala və Yuxarı Mil Kanallarının tikintisi davam etdiriləcək. Sabirabad və Biləsuvar rayonlarında isə 16 min hektar az məhsuldar qış otlaq sahələrində kompleks meliorativ tədbirlər aparılacaq.Pambıqçılıq və taxılçılığın inkişafını təmin etmək üçün Sabirabad, Kürdəmir, Goranboy, Bərdə, Yevlax, Zərdab, Ağcabədi, eləcə də qoşunların təmas xəttində və sərhəd zonalarında yerləşən Füzuli, Qazax, Tovuz və digər rayonlarda 11 min hektar sahədə əkin sahələrinin su təminatı və 4 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılacaq.Bütün bunlarla yanaşı, 2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün respublikanın 35 şəhər və rayonunun 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılıb, hazırda isə 300 subartezian quyusunun qazılması işləri aparılır.Ümumiyyətlə, 2016-cı ildə aparılacaq tədbirlər hesabına 65 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılması təmin ediləcək, 16 min hektar yeni suvarılacaq torpaqlar əkin dövriyyəsinə daxil ediləcək.Bütün bunlarla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının intensiv yollarla artırılması, sudan və torpaqdan daha səmərəli istifadə edilməsi məqsədilə sistemin müasir tələblər səviyyəsinə uyğun modernləşdirilməsi, torpaq məcralı kanalların beton üzlüyə alınması, kollektor-drenaj şəbəkələrinin, nov kanalların və hidrotexniki qurğuların təmir-bərpa edilməsi, yeni mütərəqqi suvarma üsullarının tətbiqi üçün böyük həcmdə işlərin görülməsi tələb olunur. Bütün bunlar respublikamızda ərzaq təhlükəsizliyini təmin etmək, ixracyönümlü məhsul istehsalını artırmaq, yeni iş yerləri yaratmaq, neftdən asılılığı azaltmaq üçün bu sahədə uzunmüddətli əsaslandırılmış proqramın qəbul edilməsini zəruri edir.Hazırda respublikanın su anbarlarında 17,2 milyard kubmetr su yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 825 milyon kubmetr çoxdur. Təkcə onu qeyd etmək olar ki, yaxın illərdə istifadəyə verilmiş Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarında 400 milyon kubmetrə yaxın su toplanıb. Bu da əhalinin içməli su, əkin sahələrinin isə vaxtında və tələb olunan həcmdə suvarma suyu ilə təmin edilməsinə imkan yaradıb. Ümumilikdə, 2016-cı ildə 1376 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulub ki, hazırda bu sahələr orta hesabla 2 dəfə suvarılıb və suvarma işləri müvəffəqiyyətlə davam etdirilir.Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının ekstensiv yollarla inkişafına nail olmaq məqsədilə su ehtiyatları nəzərə alınmaqla son illərdə inşa olunmuş su anbarları zonasında başlanılmış işləri, eləcə də yeni layihələr əsasında tikinti və kompleks meliorativ tədbirləri davam etdirməklə əlavə olaraq 280 min hektardan artıq yeni suvarılan torpaq sahəsini əkin dövriyyəsinə daxil etmək və 350 min hektar sahənin su təminatını yaxşılaşdırmaq olar. Eyni zamanda, Böyük Qafqazın dağ çaylarında tikintisi nəzərdə tutulmuş su anbarlarından əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi ilə yanaşı, Oğuz-Qəbələ-Bakı Su Kəmərinə əlavə su verilməsi mümkün olacaq.
"Səs" Analitik Qrupu