Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi regionda əməkdaşlığı daha da gücləndirməklə yanaşı, beynəlxalq superyükdaşımalar sistemi formalaşdıracaq
Yaxın gələcəkdə Naxçıvan vasitəsilə Türkiyə və İran arasında dəmir yolu əlaqəsi yaradılacaq. "Naxçıvan Dəmir Yolları"" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Mahir Əliyev bildirib ki, Türkiyə Respublikasının dəmir yolları ilə birləşdirilməsi məqsədilə Culfa-Sədərək sahəsi üzrə ilkin layihələndirmə işləri həyata keçirilib. Cari il mart ayının 3-də "Azərbaycan Dəmir Yolları"" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndə heyəti ilə İran Dəmir Yollarının idarə heyəti arasında Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı müzakirələr aparılaraq müvafiq razılaşma əldə olunub. Növbəti mərhələdə isə istismara buraxılacaq bu dəmir yolu xətti ilə yükdaşımaların da həyata keçirilməsi nəzərdə tutulur ki, bu da dəmir yolunun iqtisadi potensialını xeyli artıracaq: "Bunlarla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir".
Bu gün Azərbaycan coğrafi mövqeyinə görə İpək Yolunun üzərində yerləşir və beynəxalq yük və sərnişin daşımaları şəbəkəsinin düyün nöqtəsindədir. Azərbaycan artıq Yaponiyadan, Çindən, Hindistandan başlayaraq üzü Qərbə doğru uzanan ticarət yolunda həm Rusiya, həm Mərkəzi Asiya, həm də İran üzərindən keçən yolları birləşdirib müasir infrastruktur vasitəsilə Gürcüstana, Türkiyəyə oradan isə Avropaya çatdıran nəqliyyat sisteminə malikdir. Bu səbəbdən də, Qədim İpək Yolu üzərində ticarət əlaqələrinin daha genişləndirilməsi, yük və sərnişin daşımalarının sürətlənməsi baxımından Azərbaycanın əhəmiyyəti qat-qat artmaqdadır.
Azərbaycan, eyni zamanda, Rusiya, İran, Türkiyə və Gürcüstanla birgə reallaşdırdığı Bakı-Tbilisi-Qars, "Şimal-Cənub"" nəqliyyat layihələri Avrasiya məkanında çox əhəmiyyətli əməkdaşlıq münasibətlərinin möhkəm təməlinə çevrilməkdədir. Məhz Mərkəzi Asiya, Yaxın və Orta Şərq ölkələrindən Şimal və Qərb istiqamətində daşınan yüklər sərbəst və sürətli şəkildə lazımi nöqtələrə çatdırılacaq.
Bütün bunlarla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi onu beynəlxalq nəqliyyat sisteminin böyük bir halqasına çevirəcək. Bununla da, həm iqtisadi əlaqələr genişlənəcək, həm də ucuz başa gələn turizm mühiti formalaşacaq. Sürətli dəmir yol nəqliyyatı vasitəsilə Azərbaycan-Gürcüstan-Türkiyə-Naxçıvan-İran xətti üzrə turizm şəbəkəsi də yaranmış olacaq. Eyni zamanda, bu layihə ilə Naxçıvan Muxtar Respublikası blokada şəraitində azad olacaq.
Daha bir faktor da üzə çıxacaq ki, bu da Ermənistanın növbəti dəfə regional layihədən kənarda qalması ilə bağlı olacaq. Azərbaycanın torpaqlarını işğal etməsi, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməsi onun sonra belə bir acınacaqlı vəziyyətə düşməsinə gətirib çıxarıb.
Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi ölkələr arasında münasibətləri bütün istiqamətlər üzrə möhkəmləndirəcək, Naxçıvanı blokada şəraitindən çıxaracaq, geniş ticarət və turizm şəbəkəsini formalaşdıracaq.
"Səs" Analitik Qrupu