ANALİTİKA
Yaxud dünyanın nəbzi Bakıdan vurur
Dünyanın aparıcı siyasi dairələrinin, eləcə də mediasının diqqəti son iki gündə Azərbaycanın paytaxtı Bakıda oldu. Ölkəmizdə Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü və əldə olunan nəticələr bu diqqətin əsas faktoruna çevrildi. Çünki son dövrlər istər regionda, istərsə də regiondan kənar bir-birini tez-tez əvəzləyən siyasi proseslərin hər birində bu üç dövlətin – Azərbaycanın, Rusiyanın və İranın mövqeyi və yeri daha çox görünməyə başlamışdı. Sadəcə, qalırdı üç dövlət rəhbərlərinin bir araya gəlib yekun qərarlar vermələrinə, illər öncə yaranmış müəyyən problemlərin aradan qaldırılması üçün müsbət addım atmalarına, razılıqların əldə edilməsinə ki, bu təşəbbüslə çıxış edən Azərbaycan Prezident İlham Əliyev öz mütərəqqi addımı ilə bütün bunların reallaşmasına nail olmağı bacardı.
Azərbaycandan öyrəniləsi amillər çoxdur
Beləliklə, Bakıda baş tutan mühüm üçtərəfli görüş və görüşlər çərçivəsində yeni geosiyası reallıqların araşdırlması istiqamətində aparılan müsbət danışıqlar prosesi çox uğurlu məntiqlə nəticəsini tapdı. İstər siyasi, istər iqtisadi, istərsə də digər motivlər üzərində qurulmuş danışıqlar bu gün dünya mediasının maneştlərində əksini tapmaqdadır. Qərbin siyasi çevrələri Azərbaycanın regionda təşəbbüskar söz sahibinə çevrilməsi faktoru ətrafında mülahizələr aparır, uğurlu siyasi tandemin gerçəkləşməsini çoxsaylı təhlilləri ilə müzakirə edirlər. Digər tərəfdən, diqqətçəkici məqamlardan biri də budur ki, üçtərəfli görüşdə həllini tapan çoxsaylı məsələlərdən biri də Şimal-Cənub dəhlizinin yaradılmasıdır. Artıq bəllidir ki, sözügedən dəhlizin yaradılması nəticəsində tranzit ölkələr böyük iqtisadi potensiallar əldə edəcəklər. Bu baxımdan, Prezident İlham Əliyev-Vladimir Putin-Həsən Ruhani görüşündə Şimal-Cənub dəhlizi ilə bağlı qərarların verilməsi xüsusi önəm kəsb edirdi.
Qərbin ciddi sanksiyaları ilə üz-üzə qalmış Rusiya nəticə etibarilə öz iqtisadiyyatı üçün olduqca sərfəli imkanlar əldə etmiş olub
Söz yox ki, bu cür nəhəng layihələrdə iştirak etmək üçün bir çox dövlətlər təşəbbüslə çıxış edir, həmin layihələrin icraçısı qismində rol almağa çalışırlar. Bu gün çoxsaylı iqtisadi-siyasi sanksiyalarla üz-üzə qalmış Şimal qonşumuz Rusiyanın belə bir fürsətdən yararlanması ölkə üçün yaranmış yeni nəfəs oldu. Rusiya prezidenti Vladimir Putin də bu vacib məsələ ilə bağlı ölkəsinin yaxından iştirak etməsinin tərəfdarı kimi çıxış etdi, nəticələr əldə olundu. Məsələn, artıq bəlli olub ki, Rusiya Dəmir Yolları (Rossiysike Jeleznıye Doroqi-R.N.) Astara-Rəşt dəmir yolunun tikintisini həyata keçirəcək. Bu baxımdan, Qərbin ciddi sanksiyaları ilə üz-üzə qalmış Rusiya nəticə etibarilə öz iqtisadiyyatı üçün olduqca sərfəli imkanlar əldə etmiş olub.
İran Xəzərin hüquqi statusu ilə bağlı mövqeyini müəyyənləşdirib
Azərbaycan-Rusiya və İran dövlət rəhbərlərinin əldə etdiyi daha bir uğur, bütövlükdə, hər üç ölkə arasında iqtisadi sahədə yeni münasibətlər qurmaları faktorudur. Buraya enerji, nəqliyyat və kommunikasiya sahələri, o cümlədən, qarşıda tədbiq ediləcək sair birgə layihələrin həyata keçirilməsini əlavə etmək olar. Əsas məsələlərdən biri də Xəzər hövzəsi ilə bağlı əldə olunmuş münbit razılıqlardır. Burada Xəzər dənizinin bioresurslarının birgə istifadəsində dair razılığı göstərmək mümkündür. Çünki uzun illərdir ki, İranın Xəzərin dibinin bölünməsi ətrafında hüquqi statusunun müəyyənləşməsində yekun qərar verməməsi amili hövzədə birgə iqtisadi layihələrin reallaşdırılmasına da imkan yaratmırdı. Artıq İran Xəzərin hüquqi statusu ilə bağlı mövqeyini müəyyənləşdirib və Bakıda bu barədə, demək olar ki, ortaq məxrəcə gəlinib. Ümumiyyətlə, İranın Xəzər dənizinin statusu ilə bağlı Rusiya və Azərbaycanın mövqeyinə yaxınlaşması istiqamətində ilk mühüm addım atılıb .
Qarabağ münaqişənin həll edilməsi üçün əlverişli şərait yaranıb
Qeyd edilənlərlə yanaşı, burada əsas mövzu predmeti Dağlıq Qarabağ probleminin ədalətli şəkildə həll edilməsi amilidir. Xüsusilə, Rusiyanın istər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi, istərsə də dövlət maraqları baxımı prizmasından rolu danılmazdır. Tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov Rusiya-Azərbaycan münasibətlərinə toxunarkən, deyib ki, iki ölkə arasındakı münasibətlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi böyük əhəmiyyət daşıyır. SİTAT: "Bildiyiniz kimi, avqustun 10-da Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanı Moskvada qəbul edəcək. Bu il münaqişənin həll edilməsi üçün əlverişli şərait yaranıb. Burada söhbət münaqişənin tam həllindən getmir. Bu həll müvəqqəti və güzəştli həll variantıdır. Bu güzəştin məğzi Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi müqabilində Ermənistanın blokadadan çıxarılmasından və Dağlıq Qarabağla sərhəd rayonların demilitarizasiyasından ibarətdir".
Göründüyü kimi, Kremlə yaxınlığı ilə seçilən rusiyalı politoloq burada Azərbaycana məxsus torpaqların işğaldan azad olunması faktorunun altından ikili xətt çəkib və ölkəsinin də bu münaqişənin həllində maraqlı olduğunu dilə gətirib. Bakı görüşü, demək olar ki, sözügedən prosesdə buzları yerindən oynatmış olub.
Rəsmi Ankara ilə rəsmi Kreml arasında münasibətlərin normallaşması rəsmi Bakının mühüm oyunçuya çevrilməsi zərurətini yaratmış olur
Təbii ki, Azərbaycanın regionda vacib siyasi oyunçuya çevrilməsinin xüsusi maraqlı məqamlarından biri də Rusiya ilə Türkiyə arasında yeni səhifənin açılmasıdır. Yəni rəsmi Ankara ilə rəsmi Kreml arasında münasibətlərin normallaşması rəsmi Bakının mühüm oyunçuya çevrilməsi zərurətini yaratmış olur. Çünki Türkiyə ilə Rusiya arasında təyyarə insidenti yaşandıqdan sonra od üzərinə su tökmək missiyasını Azərbaycan öz üzərinə götürmüşdü. Bu gün Ərdoğanın Putinlə görüşü kontekstində əldə olunacaq razılaşmalarda Azərbaycan Prezidenti İlham Əliyevin rolu kifayət qədər böyükdür. O da, əbəs yerə deyil ki, Bakı görüşünün ənənə şəkli alması fonunda gələcəkdə Türkiyənin də burada yer alması barədə səslənən fikirlər havadan yaranmayıb. Bu ehtimal, məhz Ərdoğan-Putin görüşündən sonra daha da böyüyə bilər.
Ümumiyyətlə, Bakı görüşü dünyanın siyasi-iqtisadi baxış prizmasını bu bölgəyə - Qafqaza doğru yönəltməkdədir. Qarşıda isə, daha böyük planların reallaşdırılması, daha nəhəng layihələrin həyata keçirilməsi gözlənilən proqnozlar daxilindədir. Artıq dünyanın nəbzinin Bakıdan vurması danılmaz, möhkəm və dəyişilməz faktora çevrilir.
Rövşən NURƏDDİNOĞLU