PDF Oxu

Araşdırma

  • 2 346

İran Azərbaycanda avtomobil istehsal edəcək

İran Azərbaycanda avtomobil istehsal edəcək

Yaxın zamanlarda Azərbaycanda İran texnologiyası ilə çalışacaq dərman preparatları zavodunun tikintisi də nəzərdə tutulur

İranla Azərbaycan arasında iqtisadi əlaqələr də son illər ərzində uğurla inkişaf etməkdədir. İki ölkənin birgə layihələri əsasında uzunmüddətli perspektivi əhatə edən iqtisadi münasibətlərin əsası qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin ilin əvvəlində İrana etdiyi səfər çərçivəsində imzalanmış müqavilələr əsasında birgə iqtisadi layihələr artıq həyata vəsiqələr almaqdadır. Bunların sırasında iki ölkə arasında dəmiryol xətlərinin birləşdirilməsi, Araz çayı üzərində su elektrik stansiyasının inşası və s. vardır. Məhz ötən gün Neftçala Sənaye Məhəlləsində Azərbaycan Respublikasının "Azevrocar" MMC şirkətinin İran İslam Respublikasının "İran Khodro" şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zavodunun təməlinin qoyulması söylənilənlərin növbəti sübutu oldu.

Təməli qoyulmuş avtomobil istehsalı zavodu 10 hektar ərazidə tikiləcək. İran tərəfi ilə aparılmış müzakirələr nəticəsində bu vəsaitin 25 faizinin İran şirkəti tərəfindən yatırılması barədə razılıq əldə edilib. İnvestisiyanın 75 faizi isə özəl Azərbaycan şirkəti tərəfindən yatırılacaq. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək.

Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun tikintisinə dair Azərbaycanın "Azevrocar" MMC və İranın "İran Khadro" şirkətləri arasında 6 müqavilə imzalanıb. Müqavilələr distribütor, lisenziya, avadanlıqların satışı, quraşdırılması və istismara verilməsi, yarımfabrikatların təchizatı, mühəndislik xidmətləri, tədris, mühəndis və texniki dəstək sahələrini əhatə edir.

Əlbəttə ki, Azərbaycan və İran arasında siyasi əlaqələr yüksək səviyyədə olduğundan, əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir. Məhz əlaqələrin genişlənməsi Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin göstəricisidir. Bu mənada, dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul verir. İqtisadi sahədə əməkdaşlıq Azərbaycan-İran əlaqələrinin mühüm istiqamətlərindəndir. Azərbaycanda 450 İran sərmayəli şirkət fəaliyyət göstərir. İran tərəfindən 150 milyon ABŞ dolları qeyri-neft sektoru olmaqla, Azərbaycan iqtisadiyyatına 2,5 milyard dollar investisiya yatırılıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 66 faiz artıb. Azərbaycan və İran arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, sənaye, səhiyyə, turizm, energetika, maliyyə və bank sahələrində mühüm addımlar atılıb.

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib ki, "Neftçala şəhərində "İran Khodro" şirkətinin istehsal edəcəyi avtomobil zavodunun təməl daşı qoyuldu. Bu da əməkdaşlığımızın çox gözəl nümunəsidir". Hər il 10 mindən çox avtomobil istehsal ediləcək və bu, əməkdaşlığın yeni formasıdır. Bu vaxta qədər belə bir əməkdaşlıq olmamışdır. Bu gün digər sahələrdə də birgə fəaliyyət haqqında geniş fikir mübadiləsi aparılmışdır. Xüsusilə, yaxın zamanlarda Azərbaycanda İran texnologiyası ilə çalışacaq dərman preparatları zavodunun tikintisi də nəzərdə tutulur.

Bununla yanaşı, iki ölkə arasında energetika və nəqliyyat problemlərinin həlli üçün də yeni imkanlar açılır. Bu mənada, artıq İmişli-Parsabad xətti birləşib. Bu xətt həm iki ölkə arasındakı əlaqələrə, həm də regional əməkdaşlığa çox müsbət təsir göstərəcək. "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması istiqamətində də çox önəmli addımlar atılıb. Belə ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, bu ilin sonuna qədər Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadacaq. Bununla bərabər, bu il Astaraçay üzərində körpünün tikintisi başlanıb və işlərin böyük hissəsi artıq görülüb. Hər iki tərəfin göstərdiyi səylər nəticəsində bu dəmir yolu tezliklə istifadəyə veriləcək və Azərbaycanın Fars körfəzinə çıxışı təmin olunacaq. Nəhayət, Qafqaz ölkələrinin, Rusiyanın, Şimali və Şərqi Avropanın Fars körfəzinə və Hindistana çıxışını təmin edəcək bu dəhliz böyük iqtisadi dividendlər verəcək.

İki ölkənin turizm sahəsində də əməkdaşlığının çox gözəl perspektivləri var. Artıq İran vətəndaşları Azərbaycana sadələşdirilmiş viza rejimi əsasında gələ bilərlər və Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu açılır. Hava nəqliyyatı istiqamətində də çox gözəl mənzərə müşahidə olunur, uçuşların sayı artır.

Bir sözlə, bu gün İranla Azərbaycan arasında heç bir məsələdə fikir ayrılığı yoxdur. İran-Azərbaycan əlaqələrini inkişaf etdirmək, xalqlarımızın maraqlarını müdafiə və təmin etmək, siyasi, iqtisadi və humanitar əlaqələrimizi möhkəmləndirmək rəsmi Bakının arzusudur. Ona görə də, hər kəs Prezident Həsən Ruhaninin Azərbaycana səfərini çox önəmli addım hesab edir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər