Yaxud iki qonşu dövlətin birləşdirilən gücü perspektiv inkişafın əsasını qoyur
Azərbaycan İrana qarşı tətbiq edilən sanksiyaların həmişə əleyhinə olub, öz mövqeyini açıq şəkildə ifadə edib
Məlum olduğu kimi, ötən gün İran Prezidenti Həsən Ruhani ölkəmizə səfərə gəldi. Səfər çərçivəsində təkbətək və geniç tərkibli görüşlər çərçivəsində iki ölkə arasındakı münasibətlərin inkişaf səviyyəsindən məmnunluq hissi bildirilib və perspektiv inkişaf istiqamətləri haqqında söz açılıb.
Azərbaycanın cənub qonşusu olan İran dövlətini bir çox xüsusiyyətlərinə görə ölkəmizlə birləşdirən amillər mövcuddur. Bunların sırasında etnik-dini, mədəni bağlılıqlarla yanaşı, ümumi siyasi prioritetlər də vardır. Sözügedən prioritetlər sırasında, əlbəttə ki, aparıcı yeri xarici siyasət faktoru tutur.
Sirr deyil ki, dünyanın imperialist gücləri Şimali Afrika, Yaxın Şərq ölkələri kimi İran da siyasi böhran, qarşıdurma yaratmaq niyyətindədir. Doğrudur, 2008-ci ilə qədər müharibə ilə hədələnən İran sonradan iqtisadi sanksiyalarla üzləşdi. İran neft və qazın ixracında məhdudiyyətlərlə üzləşdi, rəsmi şəxsləri Qərb ölkələrinə səfərlərdən məhrum edildi, dünya maliyyə-iqtisadi proseslərdən qismən kənar tutuldu. Hətta iş o yerə çatmışdı ki, İranın neftlə dolu tankerləri okean sularında qalmışdı.
Lakin beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycan heç bir halda İrana tətbiq olunan sanksiyalara imza atmadı. Əksinə, İranı bütün sosial-iqtisadi layihələrdə dəstəklədi. Hətta İranla Naxçıvana qaz, elektrik ixracına, Araz çayı üzərində su elektrik stansiyasının, su anbarının tikintisinə, dəmir yollarının birləşdirilməsinə dair razılaşmalar əldə olundu, qarşılıqlı iqtisadi əlaqələr daha da gücləndirildi. Yəni Azərbaycan İrana qarşı tətbiq edilən sanksiyaların həmişə əleyhinə olub, öz mövqeyini açıq şəkildə ifadə edib.
Bununla yanaşı, Azərbaycan bütün beynəlxalq təşkilatlarda İrana dəstək oldu, ümumi inkişafa xidmət edən siyasi xətti qoruyub saxladı. Qarşılıqlı səfərlər isə, iki ölkə arasındakı siyasi əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdi. Elə Həsən Ruhaninin avqustun 7-də ölkəmizə səfəri iki dövlət arasında əlaqələrin perspektiv tərəqqisi üçün olduqca əlverişli şərait yaratdı. Prezidentlərin birgə mətbuat konfransında çıxış edən Prezident İlham Əliyev bir daha qeyd edib ki, əsrlər boyu xalqlarımız bir yerdə, yanbayan, mehriban dostluq, qonşuluq şəraitində yaşayırlar. Bizi əsrlər boyu birləşdirən tarix, mədəniyyət, din bizim ümumi böyük sərvətimizdir: "Biz ikitərəfli əlaqələrimizi möhkəm zəmin üzərində qururuq. Mən çox şadam, artıq 25 ilə yaxındır ki, İran-Azərbaycan dövlətlərarası əlaqələr uğurla inkişaf edir. Onu da qeyd etməliyəm ki, inkişafın son dövrü, xüsusilə əhəmiyyətlidir. Çünki son bir neçə il ərzində İran-Azərbaycan əlaqələrinin inkişafında çox böyük irəliləyiş var. Biz, Cənab Prezident, Sizinlə son bir neçə il ərzində dəfələrlə görüşmüşük. Qarşılıqlı rəsmi səfərlərin təşkili də bu istiqamətdə atılan çox önəmli addımlardır. Mən bu ilin fevral ayında İran İslam Respublikasında rəsmi səfərdə idim. Bu gün Siz bizim qonağımızsınız. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, əlaqələr çox sürətlə, dinamik şəkildə inkişaf edir və yaxşı nəticələr var. Mənim İran İslam Respublikasına rəsmi səfərim çərçivəsində 10-dan çox sənəd imzalanmışdır. İndi altı ay keçməmiş yenə 6 sənəd imzalanıb və bu sənədlər gələcək fəaliyyətimiz üçün çox böyük əhəmiyyət daşıyır. İranda fevral ayında imzalanmış sənədlərin, razılaşmaların icrası təmin edilir... Əminəm ki, əldə edilmiş razılaşmalar bizim birliyimizi, əməkdaşlığımızı daha da gücləndirəcəkdir".
"Səs" Analitik Qrupu