PDF Oxu

Araşdırma

  • 2 399

Dövlət Departamentinin "Nardaran işi" ilə bağlı yaydığı hesabat əsassızdır

Dövlət Departamentinin "Nardaran işi" ilə bağlı yaydığı hesabat əsassızdır

ANALİTİKA

Yaxud ABŞ-da dini və irqi diskriminasiyalara niyə göz yumulur?

Bu günlərdə ABŞ Dövlət Departamentinin dünya ölkələrində din azadlığına dair illik hesabatının Azərbaycanla bağlı hissəsində qərəzli məqamlara yol verilib. Sözügedən hesabatda qeyd olunur ki, konstitusiya ilə vətəndaşlara dini inanclarını ifadə etmək hüququ verilməsinə baxmayaraq, guya hökumətin, xüsusilə də qeyri-ənənəvi hesab etdiyi dini qrupların üzvlərinin din azadlıqları məhdudlaşdırılır. Dövət Departamenti, təəssüf ki, bu kimi məzmunlu "hesabatı"nda da hadisələri tam öyrənməmiş şəkildə "təhlil" edərək, qərəzli nəticəyə gəlib. Ümumiyyətlə, görünən budur ki, post-sovet məkanında, eləcə də, dünya ölkələri sırasında tolerantlıq, dini dözümlülük faktoru baxımından öncül ölkələrdən biri və birincisi hesab edilən Azərbaycana qarşı böhtan xarakterli hesabatların hazırlanması birinci hal deyil. Burada isə növbəti sifarişlərin olması sözsüzdür.

"Müsəlman Birliyi" Hərəkatı adlı təşkilat, bilavasitə Azərbaycanın sivil, demokratik və dünyəvi dövlətçilik maraqlarına qarşı silahlı müqavimət göstərməyi planlaşdırıb

Sözügedən ittiham xarakterli "hesabatı" yayan Dövlət Departamenti, xüsusi olaraq "Nardaran işi" üzərində gedişlər edib, bu hadisələri önə çəkib. Guya Taleh Bağırzadənin lideri olduğu "Müsəlman Birliyi" Hərəkatının fəaliyyət məqsədi ekstremizm və terrorçuluq deyil, azad din təbliğatına əsaslanıb. Halbuki ötən ilin noyabrında baş verən hadisələrin nəticələrindən də, açıq-aydın görünür ki, adıçəkilən təşkilat, bilavasitə Azərbaycanın sivil, demokratik və dünyəvi dövlətçilik maraqlarına qarşı silahlı qarşıdurma yaratmağı planlaşdırıb. Sadəcə, dövlətimiz bu planlardan zamanında hali olaraq, daha böyük fəlakətin qarşısını almağa müvəffəq olub. Belə bir məqamda ABŞ Dövlət Departamentinin, T.Bağırzadə də daxil olmaqla, 14 nəfəri həbs olunması ətrafında siyasi simulyasiyaya yol erməsi istər-istəməz ölkə cəmiyyətində hiddət doğurur.

Digər dövlətin qanunvericiliyinə aşkar müdaxilə və hegemonluq siyasətinə cəhd!

Əfsuslar olsun ki, özünü "demokratiyanın beşiyi" kimi təqdim edən ABŞ-ın ciddi dövlət orqanı belə bir səhv nəticələrə gəlir, eyni zamanda, digər dövlətin qanunvericiliyinə aşkar müdaxilələr edərək, hegemonluq siyasətini sərgiləməyə çalışır. Amma departamentin başbilənləri unudurlar ki, onlar belə addımları ilə istər Azərbaycanda, istərsə də dünyanın siyasi arenasındakı nüfuzlarını daha da aşağı salmış olurlar. ABŞ Dövlət Departamenti dərk etməlidir ki, Azərbaycan dövlətinin hüquq-mühafizə orqanları tərəfindən zamanında görülən tədbirlər ekstremizm köklərinə söykənmiş "Müsəlman Birliyi" Hərəkatı tərəfindən milli təhlükəsizliyə hədə olub və müvafiq cavabını alıb. Bu gün Azərbaycanın milli dövlət təhlükəsizliyinə qarşı çıxılan istənilən addımın qarşısı isə dərhal alınacaq. Buna dövlətimizin gücü və qüdrəti tamamilə cavab verir. Bu baxımdan, Amerikanın adıçəkilən dövlət qurumunun "Nardaran işi" üzrə keçirilən məhkəməyə müdaxiləsi, bu istiqamətdə əsassız, qərəzli və böhtan xarakterli hesabat yayması da səhv addım idi.

İraqda, Suriyada, Liviyada, Misirdə, Yəməndə və digər ölkələrdə ayaq açıb yeriyən "Sələfi" pərdəsi altındakı vəhhabilər aşkar şəkildə dünyanı hədələyir, insanları terrorla, qan-qada ilə qorxudurlar

Digər tərəfdən, ABŞ Dövlət Departamenti, bu da azmış kimi, sözügedən məsələ ilə yanaşı, Azərbaycan dövlətinin qanunlarına zidd olaraq fəaliyyət göstərən bəzi dini qrupların fəaliyyətinin məhdudlaşdırması qərarına da müdaxilə edib. Məsələn, Azərbaycan xalqının dini-mənəvi dəyərlərinə, maraqlarına cavab verməyən sekta xarakterli "Yehovanın şahidləri" və "Sələfilər" kimi dini qrupların adları önə çəklilən "hesabatda" belə hal "dözümsüzlük" kimi göstərilib.

Yəqin ki, ABŞ Dövlət Departamenti "Sələfilik" adı altında fəaliyyət göstərən, əslində isə, radikal islamçılıq adı ilə terrora meyilliliyi təbliğ edən vəhhabiliyin nə demək olduğunu unudub. Bu gün "İslam Dövləti" (keçmiş adı "İŞİD"), "Ən Nusra", "Əl-Qaidə" və s. çoxsaylı təşkilatların bir çox Şərq ölkələrində, eləcə də, son zamanlar Qərbdə törətdikləri çoxsaylı qanlı terror hadisələrini görməzlikdən gəlir. İraqda, Suriyada, Liviyada, Misirdə, Yəməndə və digər ölkələrdə ayaq açıb yeriyən "Sələfi" pərdəsi altındakı vəhhabilər aşkar şəkildə dünyanı hədələyir, insanları terrorla, qan-qada ilə qorxudurlar. Əlbəttə ki, Azərbaycan dövləti də digər ölkələr, eləcə də, ABŞ kimi terrorla mübarizəyə var qüvvəsini sərf edərək, bu mənada, vəhhabilik tandeminin ölkəmizdə ayaq açıb yeriməməsi üçün önləyici tədbirlər görür. Bu gün özünü dünyanın aparıcı terrorla mübarizə ölkəsi kimi təqdim edən ABŞ-ın siyasi dairəsi hesab ediklən Dövlət Departamenti nəyə görə bundan "narahat" olur? Anlaşılmayan da məhz budur!

Azərbaycanda "Yehova şahidləri" adlı sektanın xristianlıq pərdəsi altında tamamilə şər siyasi maraqları güdməsi də sirr deyil. Azərbaycan müsəlman ölkəsi olaraq, uzun müddət bu sektaya qarşı dözümlülük nümayiş etdirsə də, adıçəkilən dini qrup ölkə vətəndaşlarını mənəvi tərəfdən zəhərləməyə, çirkin siyasi məqsədlərlə öz tərəflərinə çəkməyə səy göstərib. Baxmayaraq ki, "Yehova şahidləri" sektası, hətta Avropanın xristian ölkələrində belə qanun baxımından yasaqlanıb. Bu zaman Dövlət Departamentinin bu məsələ ətrafında var-gəl etməsi də anlaşılan deyil!

Yaxşı olardı ki, ABŞ-ın Dövlət Departamenti son illər Amerikada, Qərbi Avropa ölkələrində irqi, dini diskriminasiyalara uğrayan müsəlmanların, qaradərili insanların müdafiəsini təşkil etsin, polisin günahsız insanları gülləbaran etməsinin, vəhşi yollarla həbs olunma səhnələrinin aradan qaldırılmasının qarşısını alan tədbirlər görsün, real hesabatlar yaysın. Nədənsə, biz bunu görmürük...

Bu gün işğal olunmuş Qarabağ ərazilərində Azərbaycanın tarixi məscidləri donuz fermalarına döndərilib!

Son olaraq biz ABŞ Dövlət Departamentinin işğalçı Ermənistanda mövcud olan dini diskriminasiyalarla bağlı hesabat yaymamasına da diqqət çəkə bilərik. Halbuki Ermənitandan fərqli olaraq, Azərbaycanda ən qədim kilsələr, sinaqoqlar, hətta ermənilərə məxsus Qriqorian kilsələri təmir olunub və istifadəyə açıqdırlar. Ermənistanda isə məscidlər dağıdılıb, yerlə-yeksan edilib, tarixi abidələr məhv olunub. Bu gün işğal olunmuş Dağlıq Qarabağda Azərbaycanın tarixi məscidləri donuz fermalarına döndərilib. Bəs nəyə görə ABŞ Dövlət Departamenti bu kimi faktlarla bağlı cümləlik də hesabat hazırlamır, amma terror, ekstemizm təhlükəsi olan dini qrupların qanunsuz fəaliyyətlərinin qarşısını alan Azərbaycan dövlətini və hakimiyyətini tənqid edir?

Çox yəqin ki, daha öncəki qərəzli hesabatlarda olduğu kimi, biz bu dəfə də sualımıza cavab tapa bilməyəcəyik. Çünki reallıqlar qarşısında cavab vermək üçün arqumentləri yoxdur...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər