PDF Oxu

Araşdırma

  • 2 438

Hər bir rayonun potensialı maksimum dərəcədə realizə edilməlidir

Hər bir rayonun potensialı maksimum dərəcədə realizə edilməlidir

Prezident İlham Əliyev: "Bizim üçün ənənəvi, ancaq əfsuslar olsun ki, müəyyən dərəcədə tənəzzülə uğramış sahələri bərpa etmişik"

Bu gün Azərbaycanda aqrar sektorun intensiv inkişafı üçün lazımi şərait qurulmaqdadır. Əlbəttə ki, son illər ərzində dünya miqyasında böhranın baş verməsi, ərzaq təhlükəsizliyi məsələsinin aktuallaşması kənd təsərrüfatının daha sürətli və yeni texnologiyalar əsasında inkişafını zəruri edir. Bu mənada, aqrar sektorda əsaslı dəyişikliklər baş verir, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşır, normativ-hüquqi baza təkmilləşdirilir. Azərbaycan hökuməti 2020-ci ilə kimi ümumi daxili məhsulunun həcmini 2 dəfə artırmağı və iqtisadi artımın böyük hissəsinin qeyri-neft sektoru hesabına təmin olunmasını hədəf seçib. Qeyri-neft sektorunun strukturunda isə ən perspektivli sahələrdən biri, məhz kənd təsərrüfatı hesab olunur. Qarşıdakı illərdə aqrar sahədə istehsalı ən azı iki dəfə artırmağı planlaşdıran hökumət həm əkinə yararlı torpaqların həcmini çoxaltmağı, həm də yeni fermer-aqrar təsərrüfatların yaradılmasını həyata keçirmək niyyətindədir. Ötən həftə İsmayıllı və Qəbələ rayonlarında səfərdə olmuş Prezident İlham Əliyev yerli sakinlərlə görüşündə kənd təsərrüfatı sahəsində görülən işlərdən danışıb: "Bu il kənd təsərrüfatı istiqamətində çox önəmli addımlar atılıb. Bizim üçün ənənəvi, ancaq əfsuslar olsun ki, müəyyən dərəcədə tənəzzülə uğramış sahələri bərpa etmişik. İndi mənə deyirlər, bir sıra rayonlarda, o cümlədən İsmayıllı rayonunda ailələr var ki, ay yarım ərzində baramaçılıqdan minlərlə manat pul qazanıb. Aran zonasında pambıqçılığın inkişafı geniş vüsət alıb. Biz bu il keçən ilə nisbətən pambığın istehsalını üç dəfə artıracağıq, 30 min tondan 100 min tona qaldırılacaq. Gələn il 250-300 min ton olmalıdır. İndi hər bir region üçün xüsusi inkişaf planı hazırlanır. Əlbəttə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında əsas istiqamətlər müəyyən edilib və o proqram bizim üçün əsasdır, bir yol xəritəsidir. Ancaq həyat yerində durmur, dəyişikliklər baş verir. Həm bölgədə, həm dünyada yeni situasiya yaranır. İndi bazarlar uğrunda mübarizə gedir. Məhsulu yetişdirmək hələ məsələnin həlli deyil. Onu daxili bazarda və yaxud da xarici bazarda satmaq lazımdır. Ona görə, fermerlərə kömək göstərmək üçün indi yetişdirilən bu məhsulların tədarükü ilə məşğul olan qurum da yaradılır. Kənd təsərrüfatında işləyənlər bilirlər ki, aqrolizinq vasitəsilə texnika verilir, gübrəyə, yanacağa, yetişdirilən məhsula görə nə qədər böyük subsidiyalar verilir. İndi biz ixracı stimullaşdırmaq üçün təşviq mexanizmini işə salırıq. Fermerlər, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Bu, çox ciddi bir proqramdır. Yenə də deyirəm, hər bir rayon üzrə rayonun potensialı maksimum dərəcədə realizə edilməlidir və ediləcək".

Dövlət fermerlər üçün bir sıra güzəştlər də müəyyən edib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azad ediliblər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir.

Bütün həyata keçirilən tədbirlər bir daha əminlik yaradır ki, Azərbaycan yaxın gələcəkdə özünü bütün əsas ərzaq məhsulları ilə təmin edəcək və qarşıya qoyulmuş məqsədlərə çatacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər