PDF Oxu

Araşdırma

  • 2 647

Azərbaycanda çevik və radikal qərarlar qəbul etməyə imkan verən təkmil dövlət idarəçiliyi sistemi formalaşdırılır

Azərbaycanda çevik və radikal qərarlar qəbul etməyə imkan verən təkmil dövlət idarəçiliyi sistemi formalaşdırılır

Vitse-prezident institutu hakimiyyət bölgüsü prinsiplərinə xələl gətirmədən, Baş nazirin statusuna toxunmadan, yalnız ölkə Prezidentinin vəzifədə olduğu dövrdə onun Administrasiyası daxilində idarəetmənin daha təkmil formada aparılmasının təşkilinə xidmət edir

Böyük fransız filosofu Rene Dekart deyib ki, "zaman dəyişir və biz də zamanla birlikdə dəyişirik". Bu konteksdə çıxış edərək, deyə bilərik ki, dövlət və siyasi-ictimai, sosial münasibətlər inkişaf etdikcə, bu münasibətləri tənzimləyən hüquq normaları da dəyişməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır. Həyat hüququn arxasınca deyil, hüquq həyatın arxasınca getməlidir.

Azərbaycan Respublikası da müstəqilliyini elan etdikdən sonra, ilk dəfə olaraq, 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsilə konstitusiyasını qəbul edib. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan konstitusiyamıza iki dəfə referendum yolu ilə dəyişikliklər edilib. Birinci dəfə 24 avqust 2002-ci ildə 22 maddəsinə 31, ikinci dəfə isə 18 mart 2009-cu ildə 9 maddəsinə 41 əlavə və dəyişikliklər edilib. Edilən əlavə və dəyişiklər hər dəfə ölkənin siyasi sisteminin möhkəmlənməsinə, iqtisadiyyatının, sosial münasibətlərin güclənməsinə, insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına şərait yaradıb.

Sonuncu dəyişikliklərdən ötən 7 il ərzində isə, həm dövlətimizin siyasi-hüquqi və sosial-iqtisadi baxımdan inkişafının sürətli getməsi, həm regionun lider ölkəsi kimi transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi qlobal əhəmiyyətli dövlətə çevrilməsi, həm də ölkəmizin böyük dövlətlərin diqqət mərkəzinə gələrək, müsbət və mənfi tendensiyaların əsas hədəfinə çevrilməsi Azərbaycanın inkişafını keyfiyyətcə yeni mərhələyə aparacaq və təhlükəsizliyini təmin edəcək hüquqi dəyişikliklərin həyata keçirilməsini günün tələbinə çevirdi. Beləliklə də, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 sentyabr 2016-cı ilə referendum elan edildi. Təklif olunan budəfəki layihədə Konstitusiyanın 29 maddəsinə 39 düzəliş və əlavə təklif olunur.

Təklif edilən Referendum Aktında Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi, eyni zamanda, 6 maddənin əlavə edilməsi nəzərdə tutulur. Onları dörd qrupda birləşdirmək mümkündür: 1) insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi; 2) siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi; 3) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin imzalanması rejiminin təkmilləşdirilməsi; 4) insan hüquq və azadlıqlarının qorunmasında bələdiyyələrin məsuliyyətinin artırılması. Onu da qeyd etmək vacibdir ki, təklif olunan 23 dəyişikliyin 16-sı, yəni dörddə üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır.

Göründüyü kimi, Referendum Aktında bir çox sahələri əhatə edən dəyişikliklər və əlavələr təklif olunduğundan, onların ayrı-ayrılıqda təhlilinə böyük ehtiyac vardır. Xüsusilə də, dövlət idarəçilik sisteminin təkmilləşdirilməsini nəzərdə tutan dəyişikliklərin və əlavələrin irəli sürülməsi ictimaiyyətdə daha geniş müzakirələrin baş tutmasına səbəb oldu.

Vitse-prezidentlik vəzifəsinin yaradılması, Milli Məclisi buraxmaq və növbədənkənar seçkilərin elan edilməsi və s. kimi təkliflər böhranlı situasiyaların idarə edilməsi üçün çevik idarəetmə aparatının formalaşdırılmasına hesablanıb. Məsələn, məlumdur ki, islahatların hamısı ölkə Prezidentinin təşəbbüsü ilə və ya onun tərəfindən başlanıb. Ona görə də, islahatların keçirilməsində Nazirlər Kabinetinin rolu və funksiyaları ilə bağlı suallar meydana çıxıb. Məsələ heç də Nazirlər Kabinetinin fəaliyyətinin səmərəli olub-olmamasında deyil, öz təbiətinə görə çevik və radikal tədbirlər görmək imkanına malik olmayan bu orqanın institusional mahiyyətindədir.

Prezidentlə yanaşı, müstəqil icra hakimiyyəti orqanı qismində Nazirlər Kabinetinin mövcudluğunu nəzərdə tutan yarıprezident idarəetmə sistemi digər keçmiş İttifaq respublikalarında olduğu kimi, Azərbaycana da SSRİ-dən qalıb. SSRİ-də bu idarəetmə modeli ötən əsrin 80-ci illərində Mixail Qorbaçov tərəfindən tətbiq edilib. Onun fikrinə görə, süquta uğramış, dağılan iqtisadiyyat şəraitində cavabdehliyi Nazirlər Soveti daşımalı, bununla da, Sovet İttifaqındakı iqtisadi qarma-qarışıqlığa və faktiki aclığa görə, məsuliyyəti SSRİ prezidenti üzərindən atmalı idi.

Ölkədə radikal iqtisadi islahatlar, məhz Prezident tərəfindən irəli sürülüb və Prezident onların həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Kollegial orqan olan Nazirlər Kabinetinin qərarlar qəbul etməsi mexanizmi mürəkkəb mexanizmli tənzimləmədir. Baş Nazir tərəfindən imzalananadək Nazirlər Kabinetinin hər bir qərarına onun üzvləri tərəfindən viza verilməlidir. Nəticə etibarilə, mühüm qərarların qəbulu bir sıra hallarda illərlə uzanır və məhz bu səbəbdən, Nazirlər Kabineti ölkədə aparılan iqtisadi islahatların lokomotivinə çevrilə bilməyib.

Vitse-prezident institutunun təsis edilməsi isə Prezidentin müvafiq fərman və sərəncamlarının yerinə yetirilməsini nəzarətdə saxlamaq, habelə, iqtisadi islahatları daha da ixtisaslaşdırılmış səviyyədə həyata keçirmək imkanı verəcək. İcra hakimiyyəti qolunun daxilində dəyişiklikləri nəzərdə tutan bu müddəalar nəinki hakimiyyətin digər qollarının statusuna toxunmur, hətta Prezidentin vəzifə başında olduğu müddətdə vitse-prezidentə əlavə səlahiyyətlər verməyərək, Nazirlər Kabinetinin üstünlüyünə xələl gətirmir. Başqa sözlə, layihədə konstitusiyanın 114-cü maddəsinin II hissəsində təsbit olunan Nazirlər Kabinetinin Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanı statusuna heç bir dəyişiklik nəzərdə tutulmayıb.

Eyni zamanda, ölkə başçısı vəzifəsini icra edə bilmədiyi təqdirdə, onu əvəz edən şəxsin, təyinatı Milli Məclislə razılaşdırılan Baş nazir və ya Milli Məclisin sədri əvəzinə, təyinatı təkbaşına ölkə Prezidenti tərəfindən aparılan Birinci vitse-prezidentin olması layihədən birbaşa irəli gəlir. Sonrakı vitse-prezidentlərin bu səlahiyyətləri birbaşa konstitusiyadan irəli gəlmir, layihəyə görə digər vitse-prezidentlərin bu imkanı ölkə Prezidentinin əvvəlcədən "müəyyən etdiyi ardıcıllıqla" şərtləndirilir. Əlbəttə ki, bütün bunların təyinatı aparılan şəxslərin həm idarəetmə və təşkilatçılıq bacarığı ilə, həm də ölkəni və dövləti təmsil etməyə hazır olması, xarici geosiyasi vəziyyəti anlamaq və xarici siyasət xəttini aparmaq qabiliyyətindən asılı olacağı aydındır.

Vitse-prezidentin toxunulmazlığı konstitusiyanın 106-cı maddəsində təsbit olunan ölkə Prezidentinin toxunulmazlığına deyil, məhz Baş nazirin toxunulmazlığına bərabər tutulur. Hal-hazırda konstitusiyanın 105-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə, üç ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda, yeni prezident seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir. Konstitusiyanın 105-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə, üç ay ərzində növbədənkənar prezident seçkiləri keçirilir. Seçki Məcəlləsində isə növbəti prezident seçkilərinin 60 gün müddətində keçirilməsi nəzərdə tutulur və belə olduqda, növbədənkənar prezident seçkilərinin 3 ay müddətində keçirilməsi izahedilməz olur.

Beləliklə də, müstəqillik dövründə beynəlxalq aləmdə layiqli yer tutmağa nail olan, mühüm uğurlara imza ataraq, dünya iqtisadiyyatına daha sıx inteqrasiya olunan Azərbaycan iqtisadiyyatı intensiv əməkdaşlıqdan yararlanmaqla yanaşı, qlobal iqtisadi təsirlərə getdikcə daha həssas olur. Dünya iqtisadiyyatında son 20 ildən az müddətə baş vermiş iqtisadi və maliyyə böhranları, habelə, qloballaşma şəraitində ölkədə qeyri-neft sektorunun inkişafının təşəkkül tapması üçün iqtisadiyyatının diversifikasiyası zərurəti bir çox hallarda bu sahədə radikal tədbirlərin görülməsi və çevik qərarlar qəbul edilməsini, bu qərarlara görə məsuliyyəti üzərinə götürəcək səlahiyyətli şəxslərin önə çıxarılmasını labüd edib. Belə böhranlarla və onun nəticələri ilə mübarizə təcrübəsi bir daha əyani şəkildə göstərir ki, məhz çevik, bəzi hallarda isə, olduqca radikal qərarlar qəbul etməyə imkan verən dövlət idarəçiliyi sisteminə malik olan ölkələr böhranın təsirlərindən, əsasən, ziyansız və ya daha az ziyanla ötüşüblər. Məhz konstitusiyaya təklif olunan dəyişikliklər, həmçinin, bu reallıqdan da irəli gəlir, eyni zamanda, ölkəmizin dünya iqtisadiyyatında tutduğu mövqelərin qorunub-saxlanaraq möhkəmləndirilməsini təmin etməyə yönəlib. Yəni sözügedən dəyişikliklərə əsasən, vitse-prezident institutu hakimiyyət bölgüsü prinsiplərinə xələl gətirmədən, Baş nazirin statusuna toxunmadan, yalnız ölkə Prezidentinin vəzifədə olduğu dövrdə onun Administrasiyası daxilində idarəetmənin daha təkmil formada aparılmasının təşkilinə xidmət edir.

Bir sözlə, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər siyasi sistemin daha da möhkəmləndirilməsi ilə yanaşı, müasir çağırışlara cavab verən idarəetmə modelini də yaratmış olacaq və Azərbaycanda çevik və radikal qərarlar qəbul etməyə imkan verən təkmil dövlət idarəçiliyi sistemi formalaşdırılacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər