Bu planda kimlərin və hansı təşkilatların adı keçir?
Məqalənin əvvəlini buradan oxuyun: (http://sia.az/az/news/politics/560752-xain-feto-plani-azerbaycanda-ifsa-olunur)
Ötən ay qardaş Türkiyədə Fətullah Gülənin lideri olduğu FETÖ təşkilatının dövlət çevrilişinə uğursuz cəhdindən sonra bu ölkədə ciddi araşdırmalara başlanıldı və müəyyən olundu ki, dövlətin aparıcı strukturlarına yerləşdirilən nurçular sektası məqsədli şəkildə qanuni, demokratik hakimiyyəti ələ keçirməyə cəhd göstəriblər. Hətta bunun üçün uzun illər xain planlarını realizə edərək, paralel hökumət qurub vəzifələrini bu və ya digər şəkildə icra ediblər. Artıq Türkiyədə bu istiqamətdə əməliyyat-istintaq tədbirləri aparılır, dövlətin daxilinə qədər yerləşdirilmiş FETÖ üzvləri ifşa olunaraq məhkəmələr qarşısına çıxarılır.Lakin son günlər xain FETÖ planının Azərbaycanda da realizə edilməsi hallarının baş verməsi müxtəlif faktlara və sübutlara söykənən dəlillərlə üzə çıxmağa başlayıb. Artıq sirr deyil ki, Fətullah Gülən şəbəkəsinin Azərbaycanda qolları çox uzundur və onlar hakimiyyət orqanlarının yuxarı postlarına, Milli Məclis orqanlarına və s. qədər yayılıblar. O cümlədən, hakimiyyət daxilində uzun illər çalışmış gülənçilər AXCP sədri Əli Kərimli ilə gizli işbirliyinə gedərək, bu və ya digər şəkildə FETÖ liderinə "hizmətçilik" ediblər. Bu məqsədlə, "SƏS" qəzeti olaraq sözügedən istiqamətdə daxili araşdırmalarımızı davam edirik.
Şahid mənbə: "Bəy o vaxt yaxın ətrafı ilə qapalı toplantı keçirdi və ölkə siyasətinə xarici amillərin daxil edilməsini yolverilməz adlandırdı"
Artıq, Fətullah Gülən hərəkatının məhz AXC Azərbaycanda hakimiyyətdə olan illərdə ölkəmizə gələrək, burada möhkəmləndirilməsi, kök salması, şaxələnməsi, təbliğ olunması barədə faktları təqdim etmişik və nəticə olaraq, "Hizmet"in, yaxud da FETÖ-nün nəzarətindəki təhsil müəssisələrinin, dövlət qurumlarının, cəmiyyət və fondların, siyasi təşkilatların ölkəmizdəki fəaliyyətləri barədə, bu fəaliyyət fonundakı əsas şəxslərin kimliklərini də açıqlamışıq.
Lakin araşdırmamızın sonu olaraq, biz yenə də əsas mövzunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin üzərində aparacağıq. Daha dəqiq desək, növbəti xatırlatmaları etmək niyyətindəyik. Məsələn, AXC-nin hakimiyyətə yiyələnməsindən sonar Gülən hərəkatının Azərbaycanda ayaq açmasına qarşı o zamankı president, mərhum Əbülfəz Elçibəy razı deyildi. O dövrlərdə - 1992-ci ilin payızından başlayaraq, fəaliyyət istiqamətlərini genilşətməyə başlayan gülənçi "hizmətçilər" əsas olaraq Elçibəyin yaxın ətrafı sayılan Əli Kərimli ilə sıx əlaqələr qururdular. Qeyd edək ki, o vaxtlar AXCP sədri Əbülfəz Elçibəyin müavini olmuş Əli Kərimli nurçulardan bəhrələnərək Gülənin sahibi və rəhbəri olan Qərbin aparıcı dövlətləri, xüsusilə ABŞ, Böyük Brtitaniyanın siyasi dairələrinə yarınmağa çalışırdı. Ona bu imkanı yaradan isə əlbəttə ki, Fətullah Gülən idi.
Həmin hadisələrin şahidi olan, lakin müəyyən səbəblərə görə adının açıqlanmamasını israrla xahiş edən mənbə bununla bağlı bildirib ki, Əbülfəz Elçibəy Əli Kərimlinin bu işlərindən xəbər tutanda AXCP-də böyük qalmaqal yarandı.
"Bəy o vaxt yaxın ətrafı ilə qapalı toplantı keçirdi və ölkə siyasətinə xarici amillərin daxil edilməsini yolverilməz adlandırdı", - deyə qeyd edən mənbə onu da bildirib ki, toplantıda aparılan söhbət sirr olaraq saxlanılmadı: "…Və o toplantıda baş verənlər sonradan kəskin mübahisə vəziyyətində partiyanın qərargahının yerləşdiyi, "Azadlıq" qəzetinin redaksiyasının da olduğu binanın həyətindəki çayxanada davam etdirildi. Artıq hər kəsin söhbətin nədən getməsi barədə məlumatı var idi".
Corc Buşun portret müəmması indi üzə çıxır – təlimatı Fətullah Gülən verib!
Məhz bu kimi olaylardan sonar Əli Kərimli birbaşa Elçibəyə qarşı kampaniyalara başladı və hakimiyyət daxilində ciddi parçalanmalar yaşanmağa başlandı.
Əli Kərimli müxalifətdə olduğu dövrlərdə də aktiv fəaliyyətindən qalmırdı. Məsələn, 2003-cü ildə keçirilmiş president və 2005-ci il parlamanet seçkiləri ərəfəsində Fətullah Gülənin təşkilatı ilə AXCP arasındakı əlaqələr daha da genişləndi. Əbəs yerə deyildi ki, 2005-ci ilin noyabrında radikal müxalifətin mitinqlərində Fətullah Gülənin əsas himayədar ölkələrindən biri olan ABŞ-ın o zamankı prezidenti Corc Buşun portretləri başlar üzərinə qaldırılırdı. Bəli, bu həmin vaxtlar onlara verilən xüsusi təlimat idi. Bu təlimatın baş icraçısı isə AXCP sədri Əli Kərimliydi.
Fətullah Gülənin bir sözü ilə Rəsul Quliyev nifrət etdiyi müxalifətçilərlə sülh bağlamış, hətta onlarla tərəfdaş və müttəfiq olmuşdu
Lakin bütün bunlara qədər xatırlatmaq yerinə düşərdi ki, Fətullah Gülən özünü "liberalizm və demokratiya carçısı" kimi təqdim edən AXCP sədri Əli Kərimli ilə yanaşı, parlamentin sabiq spikeri Rəsul Quliyevlə də sıx təmaslarda idi. Təmaslar o səviyyədə idi ki, aşkar nepotist, Azərbaycan Demokrat Partiyasının "həmsədri" statusunu ələ keçirmiş Rəsul Quliyev nifrət etdiyi müxalifətçilərlə sülh bağlamış, hətta onlarla tərəfdaş və müttəfiq olmuşdu. Yəni Fətullah Gülənin bir sözü ilə müxalifət birləşir və parçalanırdı. O cümlədən, belə bir vaxtlarda hazırda Əli Kərimlinin siyasi kuklasına çevrilmiş "Milli Şura"nın sədri Cəmil Həsənli də xüsusi rol alırdı.
Cəmil Həsənlinin "Amerikanın səsi"nə etirafı
Əbəs yerə deyil ki, bu gün müsahibələr verib, guya Əli Kərimlinin və ətrafının "repressiyalara" məruz qaldığını iddia edən Cəmil Həsənli həmin müsahibələrində Fətullah Gülənə məxsus təşkilatdan təlimat almadıqlarını deyərək, əslində özünü daha çox ifşa etmiş olur. Məsələn, "Amerikanın səsi"nə müsahibə verən http://www.amerikaninsesi.org/a/siyaset/3476286.html
Cəmil Həsənli həmin müsahibəsində iddia edir ki, hakimiyyət içində olduğu, dəstəklədiyi, şəbəkələşdirdiyi bir prosesdən indi müxalifətə qarşı istifadə etmək istəyir: "Hamıya bəllidir ki, ümumiyyətlə "Gülən Şəbəkəsi", "Nurçuluq" və digər dini təmayüllər və xüsusilə söhbət "Gülən hadisəsi"ndən" gedirsə, Azərbaycanda bu dövləti hadisədir. Bunu hansısa bir ictimai təşkilatla, hansısa bir siyasi partiya ilə əlaqələndirmək sırf siyasi mülahizələrdən irəli gəlir" (?-R.N.)
Bəli, hakimiyyət içində olmuş Gülən Şəbəkəsi" deyilən xəyanətkarları ifşa edib və ictimai rəyə bununla bağlı məlumatlar verilib. Bu gün hakimiyyət yenə də bu kimi halların olduğunu bəyan edir və zamanı çatınca dövlət strukturlarındakı xəyanətkarları ifşa ediləcəklərini, onların qanun qarşısında cavab verəcəklərini bildirir. Yəni Cəmil Həsənli bunu nəzərdə tutursa, qətiyyən narahat olmamalıdır. Həqiqətən də bu dövlət hadisədir və dövlət öz daxilində formalaşmağa cəhd edən bütün ünsürləri zərərsizləşdirməklə yanaşı, dövlətçiliyə xələ gətirməyə səy gösətərən müxalifət qurumlarınakı "hizmətçiləri" də aşkarlayacaq. Əslində, aşkarlayıb, sadəcə bütün sübutlar tam şəkildə ortaya qoyulduqdan sonra həmin ünsürlər qanun qarşısına çıxıb cavab verməli olacaqlar. Yəni bu, Cəmil Həsənlinin iddia etdiyi kimi şəxsi müstəviyə yönəlmiş siyasi mübarizə deyil, bu dövlətin, xalqın maraqlarını qorumaq üçün atılmış qətiyyətli addımdır.
Ən azından, Türkiyədə baş verənlərin təkrarlanmaması üçün lazım olduğu təqdirdə daha sərt ölçülər götürüləcək. Bu baxımdan, Cəmil Həsənli dolayı yolla özünü və Əli Kərimlini ifşa edib.
Bütün bunlar isə nəticə olaraq AXCP sədri Əli Kərimli də daxil olmaqla, Gülən şəbəkəsinin sızdığı digər dairələrin qısa zamanda ifşa olunaraq, qanun çərçivəsində cavab verəcəkləri günün uzaqda olmadığını göstərir.
sia.az