PDF Oxu

Araşdırma

  • 3 205

Sənaye parkları və məhəllələrinin yaradılması on mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaq

Sənaye parkları və məhəllələrinin yaradılması on mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaq

Prezident İlham Əliyev: "Sumqayıt bu gün əgər Cənubi Qafqazın ikinci sənaye şəhəridirsə, bu şərəfli adı daim daşıyacaq"

Dünyada qlobal siyasi və iqtisadi proseslərin davam etdiyi hazırkı şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi strategiyası çərçivəsində qeyri-neft sektorunun inkişafına yönəlmiş sistemli tədbirlər, aparılan islahatlar ölkənin dayanıqlı inkişafı baxımından strateji əhəmiyyət kəsb edir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə ciddi sənaye potensialı formalaşdırılıb, Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Mingəçevir də sənaye mərkəzlərinə çevrilib. Ölkə Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində, son illərdə yüzlərlə müasir sənaye müəssisəsi yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı yüksəlib və beləliklə, sənaye yeni inkişaf mərhələsinə qədəm qoyub. Ümumilikdə, görülən işlər nəticəsində qeyri-neft sənayesində məhsul istehsalı 2014-cü ildə 6,9 faiz, 2015-ci ildə 8,4 faiz, cari ilin yanvar-avqust aylarında isə 3,3 faiz artıb.

2014-cü ilin "Sənaye ili" elan edilməsi, sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi bu sahədə işlərin kompleks şəkildə ardıcıllıqla aparılmasını təmin edir. Proqramın icrası məqsədilə biznes və investisiya mühitinin davamlı olaraq təkmilləşdirilməsi, sənayenin rəqabət qabiliyyətinin artırılması, sənaye sahəsində fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin göstərilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi və infrastruktur təminatının yaxşılaşdırılması istiqamətlərində tədbirlər həyata keçirilib.

Xüsusilə də, investisiya fəaliyyətinin genişləndirilməsi məqsədilə investisiya təşviqi mexanizmi yaradılıb və qısa müddətdə ümumi dəyəri təxminən yarım milyard manat olan 58 layihəyə investisiya təşviqi sənədi verilib. Qeyd olunan layihələr çərçivəsində 4000-dən çox yeni iş yerləri açılacaq. Hazırda investisiya təşviqi sənədinin alınması məqsədilə təqdim olunmuş ümumi dəyəri 200 milyon manatdan çox olan investisiya layihələrinin qiymətləndirilməsi aparılır. Bununla yanaşı, istehsalı stimullaşdırmaq məqsədilə yerli istehsalçılar tərəfindən təklif edilən mal və xidmətlərə xarici istehsalçılarla müqayisədə 20 faiz qiymət güzəşti tətbiq edilib.

Sənayenin inkişafına yönəlmiş mexanizmlərdən biri də sənaye parkları və sənaye məhəllələrinin yaradılmasıdır. Son dövrlər ölkəmizdə bu istiqamətdə real addımlar atılıb. Neftçala rayonunda yaradılmış ilk sənaye məhəlləsində bütün zəruri infrastruktur qurulub, 6 rezident qeydiyyatdan keçib və bunlardan 3-ü ilin sonunadək, digərləri isə gələn il fəaliyyətə başlayacaq. Layihələrin icrasına 40 milyondan yuxarı investisiya qoyulacaq və 500-dən çox iş yeri açılacaq.

Növbəti sənaye məhəlləsinin Masallı rayonunda yaradılması istiqamətində işlər aparılır. Sənaye məhəlləsində fəaliyyət göstərmək istəyən sahibkarlar tərəfindən ümumi dəyəri 31 milyon manatdan çox olan 33 layihə təklifi daxil olub.

Sənaye parklarının qurulmasına isə daha əvvəl başlanılıb. Belə ki, tullantıların təkrar emalı sahəsində ixtisaslaşan Balaxanı Sənaye Parkında ümumi dəyəri 23 milyon manat olan və 300 iş yerinin açılmasını nəzərdə tutan layihələrin icrası məqsədilə 5 rezident qeydiyyatdan keçib. Gələn ilin ilk yarısında parkda infrastruktur işlərinin tamamlanması və bütün müəssisələrin fəaliyyətə başlaması planlaşdırılır.

Gəmiqayırma sahəsində ixtisaslaşan Qaradağ Sənaye Parkında həyata keçirilən investisiya layihəsinin dəyəri 470 milyon ABŞ dolları təşkil edir. Park 2000 nəfərin işlə təmin olunmasına imkan verir.

Yeni yaradılmış Pirallahı Sənaye Parkı əczaçılıq məhsullarının istehsalının təşkili və bu sahədə idxaldan asılılığın azaldılması baxımından əhəmiyyətlidir. Parkda Rusiya və İran şirkətləri ilə birgə həyata keçiriləcək dərman vasitələrinin istehsalı üzrə ilk iki layihə çərçivəsində 90 milyon dollara yaxın investisiya qoyulacaq və burada 300-dək iş yeri yaradılacaq. Bu ilin sonunadək müəssisələrin tikintisinə başlanacaq.

Dövlət başçısının təməlqoyma mərasimində iştirak etdiyi Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, parça, ayaqqabı və geyim istehsalı üzrə 9 fabrikin yaradılması ilə 200 milyon dollardan çox investisiya qoyuluşu və 5500-dən çox iş yerinin açılması nəzərdə tutulur. Vacib amillərdən biri də odur ki, yaradılacaq müəssisələr, əsasən, yerli xammalla təmin olunacaq. Pambıqçılığa göstərilən dövlət dəstəyi istehsalın xammala tələbatını ödəməklə, xammaldan son məhsuladək sənaye klasterinin yaradılmasına xidmət edir.

Məlum olduğu kimi, Sumqayıt şəhərinin olduqca zəngin sənaye ənənələri var. Təsadüfi deyildir ki, ilk sənaye parkı da Prezident İlham Əliyevin Fərmanı ilə 5 il əvvəl, məhz Sumqayıtda yaradılıb. Sumqayıt Kimya Sənaye Parkı ərazisinin genişliyinə, rezidentlərin sayına, investisiya qoyuluşuna, istehsal ediləcək məhsulun çeşidi və həcminə görə ölkədə ən böyük sənaye parkıdır. Parkda yüksək səviyyəli infrastruktur təminatı həyata keçirilir. İlk növbədə, buradan 1,9 milyon kubmetr torpaq tullantı, o cümlədən, 41 min kubmetr təhlükəli tullantı çıxarılıb, parkın ərazisi ekoloji tələblərə cavab verən vəziyyətə gətirilib.

Artıq parkın 168 hektar ərazisində xarici elektrik verilişi və bütün yeraltı kommunikasiya xətlərinin tikinti-quraşdırma işləri tamamlanıb, 128 hektar ərazidə isə söküntü və düzənlənmə işləri başa çatdırılıb. Parkın daxili avtomobil yollarının, Peşə-Tədris Mərkəzinin, ərazidaxili elektrik xətlərinin və yarımstansiyanın tikinti-quraşdırma işləri davam etdirilir.

Parkın ilk rezidenti olan, boru və hidrotexniki avadanlıq istehsalçısı "Azərtexnolayn" MMC-də 700 nəfər işləyir. Müəssisədə cari ilin səkkiz ayı ərzində istehsal edilmiş 55 milyon manatlıq məhsulun 85 faizi ixrac olunub.

Növbəti rezident "SOCAR Polimer" MMC-nin istehsalı olan polipropilen və yüksək sıxlıqlı polietilen ixrac olunmaqla yanaşı, yerli müəssisələrin, kiçik və orta sahibkarlığın xammala olan tələbatını ödəyəcək və onların inkişafına stimul verəcək. Nəticədə, hazırda idxal olunan yüzlərlə adda məhsul ölkə daxilində istehsal ediləcək.

"MST Engineering" MMC tərəfindən yüksək təzyiqədavamlı xortumların və fitinqlərin istehsalı layihəsi üzrə 40 nəfər daimi iş yeri ilə təmin olunacaq.

"Aqrokimya Azərbaycan" MMC tərəfindən aqrokimyəvi məhsulların, o cümlədən, pestisidlərin istehsalı layihəsi üzrə 100 nəfər daimi iş yeri ilə təmin ediləcək. Layihənin icrası nəticəsində, bu sahədə idxaldan asılılıq aradan qaldırılacaq, ixrac potensialı yaranacaq.

"Alco Lubricant Company" MMC tərəfindən yüksək keyfiyyətli sintetik və yarı-sintetik sürtkü yağlarının istehsalı layihəsi üzrə 100 daimi iş yeri açılacaq.

İsveçrənin tanınmış "SİKA" şirkəti tərəfindən müxtəlif tipli tikinti məhsullarının istehsalı layihəsi üzrə (5,3 milyon manat) 60 nəfər daimi iş yeri ilə təmin olunacaq. Bu dörd layihənin hamısı 2017-ci ildə fəaliyyətə başlayacaq.

Bakı ferroərintilər zavodu tərəfindən metallurgiya sənayesində istifadə olunan ferroərintilərin istehsalı layihəsi üzrə 70 daimi iş yeri yaradılacaq. Bu layihənin isə 2018-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Parkın digər rezidentləri "Azerbaijan Fibro Cement" MMC və "Azerfloat" QSC tərəfindən müvafiq olaraq, fibro-sement lövhələrin və şüşə vərəqələrin istehsalı planlaşdırılır.

Qeyd olunan layihələrin icrası nəticəsində parkın 9 rezidenti tərəfindən qoyulan investisiyaların həcminin 1,1 milyard ABŞ dollarını keçəcəyi və 2000-dən çox yeni iş yerinin açılacağı gözlənilir.

Həmçinin, Sumqayıt Texnologiyalar Parkında emal sənayesinin müxtəlif sahələri, o cümlədən, elektrotexniki avadanlıqlar, yüksək gərginlikli elektrik kabelləri, maşın və avadanlıqlar, polietilen borular, alüminium və PVC profillər, sendviç panellər və polikarbonat lövhələr istehsalı üzrə 17 zavod fəaliyyət göstərir. Bununla yanaşı, Karbamid zavodunun tikintisi davam edir. Qeyd olunan layihələrin icrası idxaldan asılılığın əhəmiyyətli dərəcədə azaldılmasına və ixrac potensialının artırılmasına xidmət edəcək.

Bir sözlə, qeyd olunanlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar kursunun qarşıdakı illərdə də iqtisadiyyatın dayanıqlı və davamlı inkişafının təminatçısı olduğunu bir daha əyani şəkildə göstərir. Sumqayıta səfəri çərçivəsində çıxışı zamanı bir daha qeyd etmişdi ki, Sumqayıtın sənaye potensialı ölkəmizi gücləndirir: "Sumqayıt artıq bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Bu gün çıxışlarda həm görülən, həm də görüləcək işlər haqqında məruzələr səslənəcək. Mən xüsusi göstəriş vermişəm ki, bu məruzələrdə həm sumqayıtlılara, həm də respublika əhalisinə görülən və görüləcək işlər haqqında hesabat verilsin. Çünki əlbəttə, siz yaxşı bilirsiniz ki, şəhərinizdə hansı işlər görülüb. Ancaq bu təqdimatlar bu gün daha da geniş formada veriləcək. Hər kəs görəcək ki, Sumqayıt bu gün əgər Cənubi Qafqazın ikinci sənaye şəhəridirsə, bu şərəfli adı daim daşıyacaq. Çünki Sumqayıtda təməlini qoyduğumuz böyük sənaye layihələri, müəssisələr dünya səviyyəli layihələrdir".

"Səs" Analitik Qrupu

Digər xəbərlər