Yerləşdikləri regionlarda söz sahibi olan Azərbaycan və Venesuela bütün sahələr üzrə əlaqələrinin inkişaf etdirilməsi haqqında razılığa gəliblər
Məlum olduğu kimi, oktyabrın 22-də Venesuela-Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycana səfərə gəldi. Səfər çərçivəsində Prezident İlham Əliyevin Nikolas Maduro ilə görüşü oldu. Təkbətək və geniş tərkibli görüşlərdən sonra Azərbaycan ilə Venesuela arasında bir sıra dövlətlərarası sənədlər imzalandı. İki ölkə arasında siyasi münasibətlərin qurulması mexanizminin təşkilini nəzərdə tutan "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela-Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumuna və "Azərbaycan Respublikası Hökuməti ilə Venesuela-Bolivar Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş"ə imzalar atıldı.
Qeyd edək ki, Cənubi Amerika qitəsində yerləşən Venesuela Karib Hövzəsində geniş təsir dairəsinə malik güclü ölkədir. BMT-nin, ADB-nin, həmçinin, OPEK-in üzvü olan Venesuela And Paktının da tərkibində yer alıb. Neftin qiymətinin yüksək olduğu illərdə Venesuela karbohidrogen ehtiyatlarını milliləşdirməklə bu sahədə güclü və açıq siyasət yürütməyə başlayıb. Bu səbəbdən də, neft ixracı güzəştlərilə Meksika, Kolumbiya, Nikaraqua, Honduras, Qvatemala, Panama, Kosta-Riko, Kuba və Beliz kimi dövlətlərə və bir çox ada ölkələrə nəzarət və təsir etmək imkanına malikdir.
Məlumdur ki, artır bir ildən çoxdur dünyada baş verən maliyyə-iqtisadi böhran çərçivəsində neftin də qiyməti kəskin şəkildə aşağı düşdü. Neft ixrac edən ölkələr isə bundan əziyyət çəkdi. Elə bu səbəbdən də, neftin qiymətinin süni şəkildə salınmasına qarşı OPEK və qeyri-OPEK ölkələrinin birgə əməkdaşlığı platforması qurulmağa başlandı. Rusiya və Venesuela bu prosesdə xüsusi olaraq aktivlik nümayiş etdirir. Bu mənada, Venesuela Rusiya və Çinlə güclü siyasi-iqtisadi münasibətlərə malikdir.
Dünyada neftin qiymətinin sabitləşdirilməsi prosesi getdiyindən Venesuela prezidentinin Azərbaycana səfəri başa düşülən idi. Çünki Azərbaycan da yerləşdiyi regionun ən güclü dövləti kimi Avropa qitəsinin enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bu baxımdan, Azərbaycan ilə münasibətlər qurmaq Venesuela üçün də xüsusi əhəmiyyət kəsb edir.
Məhz təkbətək görüş zamanı Prezident İlham Əliyev Venesuela prezidentinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi və ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanlar yaratdığını vurğuladı. Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına yol açacağını dedi. O, bunun hər iki ölkənin regionları üçün əhəmiyyətli olduğunu bildirdi. Görüşdə ticarət, investisiya qoyuluşu, energetika sahələrində əməkdaşlıq əlaqələrinin araşdırılması barədə fikir mübadiləsi aparıldı. Söhbət zamanı dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi baxımından, OPEC-ə üzv və üzv olmayan ölkələr arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Bakıda keçirilmiş mətbuat konfransında çıxışı zamanı səfərin Venesuela-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm rol oynayacağını deyən Prezident İlham Əliyev bildirib ki, görüşümüzün xüsusi mənası var: "Tarixdə ilk dəfədir ki, Venesuela Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Bu səfərin tarixdə çox böyük rolu olacaq".
"Biz bu gün ticarət əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Qərara gəldik ki, müvafiq qurumlar hər iki ölkənin ixrac imkanlarını öyrənsin və ticarət dövriyyəsinin artırılması üçün əlavə tədbirlər görülsün. Venesuelada istehsal və ixrac olunan bəzi malları biz idxal edə bilərik. Həmçinin, bizim istehsal etdiyimiz mallar Venesuelaya ixrac edilə bilər. Beləliklə, biz qarşılıqlı ticarətə də dəstəyimizi vermiş olarıq" - deyə vurğulayan Prezident İlham Əliyev əlavə edib ki, çox geniş və səmimi şəkildə dünyanın enerji bazarında mövcud olan vəziyyəti müzakirə və təhlil etdik: "Mən Prezident Maduronun bu sahədə gördüyü işləri, göstərdiyi səyləri yüksək qiymətləndirirəm. Prezident Maduro regiona səfər edir. Bu turda neft hasil edən bir neçə ölkəyə səfər edəcəkdir. Birinci ölkə isə Azərbaycandır. Mən Cənab Prezidentə dedim və eyni zamanda, Azərbaycan ictimaiyyəti bunu bilir. Mən bu yaxınlarda rəsmi qaydada bildirdim ki, dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir. Bu, çox məsuliyyətli bir mövqedir. Bir daha demək istəyirəm ki, biz bunu birtərəfli qaydada elan edirik. Hesab edirik ki, digər neft ölkələri bu yanaşmaya dəstək verəcəklər və onlar da öz növbəsində oxşar addımlar atacaqlar. Biz neft bazarını ancaq bu təqdirdə sabitləşdirə bilərik. Neftlə zəngin olan ölkələr artıq öz təbii resurslarına görə ədalətli qiyməti də alacaqlar. Əlbəttə, burada ölkələrarası koordinasiya işlərinə gərək bütün ölkələr çox diqqətlə yanaşsınlar, xüsusilə, OPEK ölkələri və müstəqil hasilatçılar. OPEK-ə üzv olmayan ölkələr burada çox səmimi, açıq əməkdaşlıq etməlidirlər, birgə düzgün qərarlar qəbul olunmalıdır və qərarların icrası ilə bağlı çox güclü nəzarət mexanizmi işlənməlidir. Əgər bu olarsa, əminəm ki, yaxın gələcəkdə neftin qiyməti lazımi səviyyəyə qalxmalıdır. O səviyyəyə ki, həm hasilatçı ölkələri, neft kompaniyalarını, eyni zamanda, istehlakçı ölkələri də qane etsin. Yəni burada balans olmalıdır. Bu gün bu balans pozulub və neftlə zəngin ölkələr böyük əziyyət çəkirlər. Bu, ədalətsizlikdir və bu balans bərpa edilməlidir. Əminəm ki, belə olarsa, hər kəs ancaq mənfəət götürə və burada maraqlar balansı da təmin edilə bilər. Çünki artıq 2 ilə yaxındır ki, dünya bazarlarına neft ixrac edən ölkələr böyük itkilərlə üzləşiblər. O ölkələrin, o cümlədən, Azərbaycanın gəlirləri azalır və bu, ədalətli deyil. Bu ədalət bərpa edilməlidir. Mən bu münasibətlə prezident Maduronun bu xüsusi missiyasını bir daha qeyd etmək istəyirəm. Prezident Maduro çox böyük səylər göstərir ki, OPEK və qeyri-OPEK hasilatçılarını bu ədalətin bərpa edilməsinə inandırsın. Mən bu missiyaya uğurlar arzulayıram. Azərbaycan artıq öz sözünü deyib. Siz bizə istinad edə bilərsiniz ki, artıq Azərbaycan bu öhdəliyi öz üzərinə götürüb və gözləyirik ki, digər ölkələr də oxşar addımlar atsınlar".
Venesuela-Bolivar Respublikasının prezidenti Nikolas Maduro da, öz növbəsində, deyib ki, bizim iki güclü neft şirkətimiz iqtisadi, maliyyə, texnoloji, ticari və praktiki mübadilələr üçün yaxın vaxtlarda əməkdaşlığa başlayacaq. Prezident Əliyev bildirmişdir ki, Azərbaycan neftinin 95 faizi dənizdə hasil olunur. Bu, Venesuela üçün lazım olan zəngin təcrübədir. Texniki mütəxəssislərimiz təkmilləşə, dövlətlərimiz və şirkətlərimiz arasında enerji sahəsində münasibətlər daha da dərinləşə bilər: "Son iki ildə dünyanın neft sərmayələri üzrə rəsmi statistikası ilə tanış olmuşuq. Son 45 illik müddəti götürsək, axırıncı 22 ay ərzində neftin ən aşağı qiymətlərini müşahidə etdik. Proses 2014-cü ilin oktyabrından başladı. Həmin vaxt neft sərmayəsi dünya miqyasında 700 milyarddan 520 milyarda düşmüşdü. Qarşımızda duran sual ondan ibarətdir ki, bir barrelin 20-30 dollara olması dünya iqtisadiyyatı və sabitliyi üçün məqbuldurmu? Neft sektorunda sərmayələr artıq kifayət deyil. Halbuki bəzi illərdə neftin qiyməti 150 dollar təşkil edib. Bu, düzgün deyil. Nail olmağa çalışdığımız razılaşma OPEK ilə qeyri-OPEK ölkələri arasında siyasi iradə tələb edir. Azərbaycanı da buraya aid etmək olar. Biz həmin sazişə çox yaxınıq. Çox nikbin baxıram ki, bu razılaşma lap yaxın vaxtlarda əldə olunacaq və elan ediləcək. Bu, sabitlik və sərmayələr, gəlirlər və rifah, sabit hasilat və neftin qiymətinin yeni düstur dövrünə yol açacaq. Bu, OPEK və qeyri-OPEK ölkələri arasındakı razılaşmaya söykənəcək. Bir sözlə, Azərbaycandan başladığımız bu səfər çox uğurlu olacaq. Mən Prezidentə verdiyi məsləhətə, rəyə və nümayiş etdirdiyi iradəyə görə bir daha minnətdaram. Ümid edirəm ki, gələn günlər ərzində səfərimizi uğurla davam etdirəcəyik. Əməkdaşlığımız nəinki Qoşulmama Hərəkatı daxilində, o cümlədən, dünyada sülhün bərqərar olunması naminə davam edəcək".
"Səs" Analitik Qrupu