PDF Oxu

Araşdırma

  • 2 696

2017-ci il "Cənub Qaz Dəhlizi"nin yaradılması üçün həlledici il olacaq

image

Prezident İlham Əliyev: "Əgər kimsə düşünürsə ki, biz indi çətin, çıxılmaz vəziyyətdəyik və bizim qarşımızda hansısa əsassız tələb qoyula bilər, tamamilə yanlış yanaşmadır"

Bu gün enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Bu problem, xüsusilə də, son illər ərzində, əsasən, Avropa qitəsində yerləşən ölkələr üçün aktuallıq kəsb etməyə başlayıb. Çünki müəyyən dövlətlər Avropa ölkələrinə ambisiyalarını diktə etmək üçün təbii qazdan siyasi alət kimi istifadə etməkdədirlər. Lakin hər zaman normal əməkdaşlıq və tərəfdaşlıq təklif edən Azərbaycan enerji təhlükəsizliyi məsələsinə iqtisadi prizmadan yanaşıb.

Dünyada fəaliyyətinə görə etibarlı tərəfdaş imici qazanmış Azərbaycan 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"ndən sonra enerji təhlükəsizliyi məsələsinə xüsusi töhfələr verib. BTC neft, BTƏ qaz kəmərlərinin istifadəyə verilməsindən sonra TANAP və TAP kimi layihələrin də təşəbbüskarı kimi çıxış etdi. Bu layihələr üzrə yaradılmış "Cənub Qaz Dəhlizi" isə artıq reallığa çevrilməkdədir. Çünki adıçəkilən layihələrin əsas resurs mənbəyi "Şahdəniz" və "Abşeron" qaz yataqlarıdır. Ancaq Azərbaycanın qaz ehtiyatları daha böyükdür. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,5 trilyon kubmetrə bərabərdir. Ehtimal olunan, proqnozlaşdırılan ehtiyatlarımız 4-5 trilyon kubmetr səviyyəsindədir. Yəni Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. Məhz bu mənada, "Cənub Qaz Dəhlizi" bir daha Azərbaycanın bölgədə ən qətiyyətli bir aktor kimi yeni transkommunikasiya dəhlizlərinin yaradılmasında vacib ölkəyə çevrilməsini isbatlayır.

Bütün sadalanan məsələləri əsas götürərək, deyə bilərik ki, 2017-ci il "Cənub Qaz Dəhlizi"nin yaradılması üçün həlledici il olacaq. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı danışıb. Dövlətimizin başçısı bildirib ki, bu il biz "Cənub Qaz Dəhlizi"nin yaradılması ilə bağlı çox böyük işlər görəcəyik: "Bu il həlledici il olacaq. Bu nəhəng layihəni maliyyələşdirmək üçün bizim kifayət qədər öz vəsaitimiz var. Beynəlxalq maliyyə qurumları da bu layihəyə vəsait ayırırlar. Ona görə yox ki, bizə belə xüsusi xoş münasibət bəsləyirlər. Ona görə ki, bu, səmərəli layihədir. İndi beynəlxalq maliyyə qurumları elə layihələri axtarırlar ki, o layihələr pul gətirsin. Bax, "Cənub Qaz Dəhlizi" o layihələrdəndir. Bu layihə həm iqtisadi cəhətdən çox səmərəlidir, həm də ki, enerji təhlükəsizliyi baxımından bir çox ölkələrin maraqlarını təmin edəcək, ilk növbədə Azərbaycanın".

Əlbəttə ki, ortada güclü siyasi iradənin və maliyyənin olmasını nəzərə alsaq, əminliklə demək olar ki, heç bir qüvvə "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsinə mane ola bilməyəcək. Prezident İlham Əliyev xüsusi olaraq, qeyd edib ki, heç bir qüvvə Azərbaycan qarşısında tələb qoya bilməz: "İlk növbədə, heç bir kənar qüvvə bizi istəmədiyimiz layihəyə cəlb edə bilməz, bu, birincisi. Bizim üçün əsas dövlətimizin, xalqımızın maraqlarıdır. İkincisi, heç kim bizə heç nəyi diktə edə bilməz. Bunu yaxın tarix artıq göstərib, bütün bu səylər əbəsdir. Bizi bu vəziyyətlə şantaj etmək istəyənlər, sadəcə olaraq, özlərinə hörmət etmirlər və onlara olan-qalan, azalan inamı da tamamilə aradan götürürlər. Biz "Cənub Qaz Dəhlizi"ni də, bütün başqa layihələri də icra edəcəyik. Yenə də deyirəm, bu layihənin icrası bizə də, Avropaya da lazımdır. Bu layihənin icrası nəticəsində onların enerji təhlükəsizliyi təmin ediləcək. Ona görə, belə ucuz şantaj hərəkətləri yersizdir. Ancaq onu da qeyd etməliyəm ki, biz təkcə Avropa maliyyə qurumları ilə işləmirik, biz Asiya maliyyə qurumları ilə də işləyirik və daha da səmərəli işləyirik, daha asan yolla vəsait əldə edirik. Misal üçün, Asiya İnkişaf Bankı bu layihəyə böyük vəsait ayırır, özü də qısa müddət ərzində. Asiya İnfrastruktur Bankı da - biz özümüz də bu bankın təsisçisiyik, qısa müddət ərzində böyük vəsait ayırıb. Bu qaz Asiyaya getməyəcək, Avropaya gedəcək, ancaq vəsaiti biz Asiyadan alırıq. Ona görə, əgər kimsə düşünürsə ki, biz indi çətin, çıxılmaz vəziyyətdəyik və bizim qarşımızda hansısa əsassız tələb qoyula bilər, tamamilə yanlış yanaşmadır. Heç kim bizim qarşımızda heç bir tələb qoya bilməz. İstəyirlər əməkdaşlıq etsinlər, istəmirlərsə bizə də lazım deyil. "Cənub Qaz Dəhlizi"ni biz icra edəcəyik və vaxtında".

"Səs" Analitik Qrupu

Digər xəbərlər