PDF Oxu

Araşdırma

  • 11 244

Azərbaycanda pambıqçılığın inkişafı dövlətin prioritetidir

image

Prezident İlham Əliyev: "Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır"

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bir müddət ölkədə yaranmış hərc-mərclik, bütün sahələr kimi, kənd təsərrüfatına da mənfi təsirini göstərdi. Bir vaxtlar respublikamıza külli miqdarda vəsait gətirən, əhalinin dolanışıq, gəlir mənbəyinə çevrilən "ağ qızıl" istehsalı da tədricən unuduldu. Torpaqlar kəndlilərə verildikdən, kolxoz və sovxozlar dağıldıqdan sonra pambıq əkinində də sərbəstlik yarandı. Texnika, mineral kübrələr və məhsulu satmaq üçün bazar olmadığından, pambıqçılığa olan maraq ildən-ilə zəiflədi. Bundan sonra zavodların istehsal gücü azaldıldı və bu məhsulun bazarında durğunluq yarandı.

Lakin Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra, ölkənin bütün sahələrində olduğu kimi, aqrar sektorda da canlanma başladı. Kənd təsərrüfatının ayrı-ayrı sektorlarında olduğu kimi, pambıqçılıqda da irəliləyişlər müşahidə edildi. Məhz Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində, "ağ qızıl"ın istehsalı sahəsində dönüş yarandı. Xüsusilə də, dövlət başçısı İlham Əliyevin son tapşırıqlarından sonra bu sahədə ciddi nailiyyətlər əldə olunur. Elə ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Saatlı rayonuna səfəri çərçivəsində pambıq sahələrində olarkən, bir daha bu sahədə əldə olunan nailiyyətləri əyani şəkildə gördük.

Qeyd edək ki, dövlətimizin başçısı ölkəmizdə pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlar da verib. Son məlumata görə, bu il 136 min hektarda pambığın səpini gözlənilir və orta məhsuldarlıq 20 sentner səviyyəsində olmalıdır. Belə ki, Ağcabədi rayonunda 8 min 800, Ağdamda 3 min, Ağdaşda 3 min, Ağsuda 2500, Beyləqanda 8 min 500, Bərdədə 8 min 500, Biləsuvarda 11 min, Cəlilabadda 500, Füzulidə 2 min, Goranboyda 5 min, Hacıqabulda 1200, İmişlidə 18 min, Kürdəmirdə 4 min, Neftçalada 10 min, Saatlıda 17 min 100, Sabirabadda 15 min, Salyanda 7 min, Samuxda 30, Tərtərdə 3 min, Ucarda 2500, Yevlaxda 2 minə yaxın, Zərdabda 3100 hektarda pambıq əkiləcək.

Bütün bunlar, bir daha sübut edir ki, bu strateji məhsulun inkişafı yenidən dövlətin diqqət mərkəzindədir və "ağ qızıl"ın əvvəlki şöhrəti qaytarılır. Xüsusilə də, Milli Məclisdə "Pambıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul olunması ölkədə pambıqçılığın, yüngül sənayenin inkişaf etdirilməsinə, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, regionlarda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və torpaqdan səmərəli istifadə olunmasına hüquqi, təşkilati və iqtisadi zəmin yaratmaqdır.

Pambıqçılığın inkişafı ilə ölkədə yeni iş yerlərinin yaradılması istiqamətində də əsaslı dönüş yaranacaq. Çünki Aran zonasında yaşayanlar pambığın necə qiymətli bir bitki olduğunu çox yaxşı bilir. Pambıqçılığın inkişaf etdirilməsi işsizlik probleminin aradan qaldırılmasında böyük rol oynayacaq. Qeyd edək ki, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur və olunacaq. Keçən il bu rəqəm 64 min idi. Yəni burada da iş üçün 3 dəfədən çox imkan yaranıb. Bu, əlbəttə ki, məşğulluğun artırılmasına, işsizliyin azalmasına gətirib çıxaracaq. İşləmək istəyən vətəndaşlar özləri üçün iş tapa biləcəklər. Çünki pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdi. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından, pambıqçılığın çox böyük xeyri var. Bunu, artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər və görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər.

Bu sahənin daha da genişləndirilməsi ölkədə yeni sənaye müəssisələrinin, məsələn, toxuculuq və digər yüngül sənaye müəssisələrinin yaradılmasına kömək edəcək. Bu da yeni iş yerlərinin açılması deməkdir. Digər tərəfdən, əvvəllər ölkəmizdə fəaliyyət göstərən, son illər isə pambıq istehsalının kəskin azalması ilə əlaqədar fəaliyyətini dayandıran müəsssiələr yenidən bərpa olunacaq. Sovetlər dövründə isə zavodların emal gücü 900 min ton idi. O zavodların bir çoxu artıq fəaliyyətsizdir, cəmi 22 zavod fəaliyyətdədir. Əgər pambıqçılığı götürülən sürətlə inkişaf etdirilsə, emal gücü təqribən bir-iki ilə 400 min tona çatacaq.

Pambıqçılıq, eyni zamanda, Azərbaycanda yüngül sənayenin də inkişafına böyük təkan verəcək. Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunaraq, qeyd edib ki, keçən il Mingəçevirdə sənaye parkının təməli qoyuldu: "Orada 9 zavod tikiləcəkdir, o cümlədən, iplik zavodu. Bu ilin sonuna qədər, artıq ilk zavodlar fəaliyyətə başlamalıdır. Bu da çox böyük, ciddi iqtisadi təşəbbüsdür. Bu doqquz zavodun və ümumiyyətlə, sənaye parkının fəaliyyəti nəticəsində, ən azı 5 min insan işlə təmin ediləcək. Mingəçevir kimi şəhər üçün bu, çox yaxşı göstəricidir. Bilirsiniz ki, bəzi böyük şəhərlərdə işsizlik rayon yerlərindən daha da çoxdur. Ona görə Mingəçevir Sənaye Parkının yaradılması, bu baxımdan da, çox əhəmiyyətlidir".

Pambıq məhsullarından həm də yeyinti sənayesində istifadə olunur. Ölkənin ərzaq təhlükəsizliyi həmişə dövlətin nəzarətində saxlanılmaqla tənzimlənir. Bu baxımdan, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" da qəbul olunmuşdu. Məlum olduğu kimi, pambıq texniki bitki olsa da, onun toxumundan-çiyiddən emal olunmaqla, ərzaq üçün pambıq yağı və heyvandarlıq üçün qüvvəli yem istehsal olunur. Yüksək səviyyədə rafinə olunmuş pambıq yağı və digər məhsullar daxili və xarici bazarlarda satılır. Prezident İlham Əliyevin sözlərilə desək, pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür.

Göründüyü kimi, əkin sahələrini genişləndirmək və məhsuldarlığı artırmaq üçün bütün imkanlardan istifadə edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, keçən il 1800 ədəd texnika, o cümlədən, 94 pambıqyığan kombayn və 300-ə yaxın traktor alınmışdır. Bu il 3811 ədəd texnika, o cümlədən, 209 pambıqyığan kombayn və 810 traktor sifariş edilib. Bu texnikaların alınması üçün keçən il və bu il 150 milyon dollar vəsait xərclənib. Bu, dövlətin pambıqçılığa göstərdiyi real diqqətin təkcə bir əlamətidir. Əgər texnikanı, meliorasiya işlərini və digər lazımi tədbirləri əlavə etsək, görərik ki, buna nə qədər böyük diqqət göstəririk, bir məqsədlə ki, insanlar daha yaxşı yaşasınlar.

"Səs" Analitik Qrupu

Digər xəbərlər