PDF Oxu

Araşdırma

  • 4 936

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv olmasından 30 il ötür TƏHLİL

image

Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoyaraq beynəlxalq aləmdəki mövqeyini artıraraq, beynəlxalq əlaqələri möhkəmlətməyə önəm verdi. Təbii ki, Azərbaycan qarşıya çıxan bir sıra mühüm problemlərin, ilk növbədə, dövlət müstəqilliyinin qorunub-saxlanılması və möhkəmləndirilməsi, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və s. proseslərdə bu qarşılıqlı əlaqə və münasibətlərə xüsusi olaraq diqqət ayırdı. Qısa müddət ərzində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Türk Dövlətləri Birliyi, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpa və İnkişaf Bankı və İslam İnkişaf Bankının üzvü oldu, Parlamentlərarası İttifaq, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti, NATO və başqa beynəlxalq və regional qurumlarla qarşılıqlı faydalı əlaqələr yaratdı. Beynəlxalq təşkilatlara üzv olmaq, onların işlərində iştirak etmək, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini və həqiqətlərini dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Odur ki, bu imkanlardan geniş istifadə edilməsi zəruridir. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və s. sahələri əhatə edərək, çoxşaxəli xarakter daşıyır və Azərbaycanın maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlər qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir.Azərbaycan bir çox beynəlxalq təşkilatlarla yanaşı, Birləşmiş Millətlər Təşkilatının da üzvüdür. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb. 1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin noyabrında isə, BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi, qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub.

QARŞILIQLI SƏFƏRLƏR VƏ GÖRÜŞLƏRİN KEÇİRİLMƏSİ AZƏRBAYCANIN BMT İLƏ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINA TÖHFƏSİNİ VERİB
Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayıb. Qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi də Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına töhfəsini verib. Əməkdaşlığın dərinləşməsində BMT-nin Baş Katibi Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynayıb. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan Butros Qali mövcud problemlərin həllində ölkəmizə dəstək vermək üçün BMT-nin müxtəlif təsisatlarının səylərini artıracağını bildirib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edib, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmiz ilə bağlı, xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb.
1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı Baş Məclisdə keçirilən xüsusi təntənəli iclasda iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlayıb, xüsusilə, Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdı.
Azərbaycanın BMT-nin ixtisaslaşmış qurumları ilə də səmərəli əməkdaşlığı mövcuddur. Ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ilə əlaqələri siyasi, iqtisadi, sosial, humanitar, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilir. 2011-ci il oktyabrın 24-də Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş vermişdir. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilmişdir. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək, ölkəmizi bu mötəbər təşkilata üzv seçmişdir. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında demişdir: "Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz, iki il ərzində, qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirmiş, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini vermiş, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynamış və daim öz qətiyyətli mövqeyini ortaya qoymuşdur.
Azərbaycan müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələrin aparılmasının və qərarların qəbul edilməsinin, bilavasitə iştirakçısı olmuşdur.
2012-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi və BMT-nin Baş Katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclası keçirilmişdir. Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir.
AZƏRBAYCAN BMT ORQANLARINDA SÜLH VƏ TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİNƏ DAİR SİYASİ MÜZAKİRƏLƏRDƏ İŞTİRAK EDİR
BMT-nin fəaliyyəti 3 sütun üzərində qurulub: sülh və təhlükəsizlik, inkişaf və insan hüquqları. Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi BMT Nizamnaməsində əks olunmuş əsas məqsəd olan beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına davamlı olaraq töhfə verir. Azərbaycan bu məqsədlə BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə iştirak edir və BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir.
Azərbaycan BMT-yə üzv olduğu tarixdən inkişaf məsələləri üzrə əhəmiyyətli əməkdaşlıq formalaşdırılmışdır. Azərbaycanın bu istiqamətdə BMT ilə əməkdaşlığı iqtisadi artım, yoxsulluğun aradan qaldırılması, ərzaq təminatı, təhsil, ətraf mühit, gender bərabərliyi və s. kimi mühüm inkişaf məsələlərini əhatə edir. 1 mart 2021-ci il tarixində BMT və Azərbaycan arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişafa dair Əməkdaşlıq üzrə Çərçivə Sənədi imzalanmışdır. 2021-ci ildə həmçinin 2021-2025-ci illər üçün BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu və BMT-nin Uşaq Fondu ilə əməkdaşlığa dair ayrıca proqram sənədləri qəbul edilmişdir.
"COVID-19 ƏLEYHİNƏ PEYVƏNDLƏRƏ BƏRABƏR, MƏQBUL QİYMƏTƏ, VAXTINDA VƏ UNİVERSAL ƏLÇATANLIĞIN TƏMİN EDİLMƏSİ" ADLI QƏTNAMƏ QƏBUL EDİLMİŞDİR
COVID-19 pandemiyasına qarşı mübarizədə həmrəylik, çoxtərəflilik və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi nəzərə alınaraq, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təklifi əsasında Hərəkatın təşəbbüsü və BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə 3-4 dekabr 2020-ci il tarixlərində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19-a qarşı mübarizə mövzusuna həsr olunan 31-ci xüsusi sessiyası çağırılmışdır. Sessiyanın yüksək səviyyəli seqmentində 70-dən çoxu dövlət və hökumət başçıları, 48-i isə nazirlər səviyyəsində olmaqla ümumilikdə 147 üzv dövlət çıxış etmişdir.
23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edilmişdir. Qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Qətnaməyə ümumilikdə 137 dövlət həmmüəlliflik etmişdir ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir.
Beynəlxalq təşkilatlar içərisində öz universallıq dərəcəsinə, əhatəliyinə, dünya siyasətindəki roluna və yerinə görə, ən yüksək qurumlardan biri olan BMT ilə Azərbaycan əlaqələri davamlı xarakter daşıyır.
Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər