PDF Oxu

Araşdırma

  • 9 925

Vandalizmə məruz qalmış mədəni irsimiz bərpa olunur TƏHLİL

image

Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıb, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikib, onları oğurlayaraq özününküləşdirməyə çalışıblar. Azərbaycanın mədəni irs nümunələrini erməni mülkiyyəti adı ilə tanıtmağa çalışaraq əqli mülkiyyətimizin terrorçusuna çevriliblər. Azərbaycanın işğal altında olmuş ərazilərini xarabalığa çevirən ermənilər vəhşilik missiyalarını həyata keçiriblər. İşğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda, bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir. Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. bu sırada vurğulanmalıdır. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri olan məscidlər, türbələr və digər inanc yerləridir ki, bu da erməni vandallığının göstəricisidir.Bütün qeyd olunan bu və digər abidələrimizlə yanaşı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ərazisində məhv edilən Azərbaycan abidələrini də qeyd etməliyik. Şuşada tarixi, dini və memarlıq abidələri dağıdılıb, məhv edilibdir. Bu abidələr xalqın tarixi keçmişindən olan nümunələrdir ki, hər birində neçə-neçə əsrin sirri-sorağı vardır. İşğaldan əvvəl rayonda dövlət tərəfindən qorunan 248 tarixi abidə mövcud olub. Pənah xanın sarayı, Qara Böyük Xanım bürcü, Hacıqulların malikanəsi, Əsəd bəyin evi, İkimərtəbəli karvansara, Mehamandarovların malikanə kompleksi: məscid, kiçik yaşayış evi, böyük yaşayış evi, İbrahim xanın qəsri, M.P.Vaqifin məqbərəsi və s. Şuşanın tarixi maddi-mədəniyyət abidələri sırasında yer alır.Xatırlatmaq yerinə düşər ki, XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud idi. Sovet dövründə Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Ulu Öndər Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşmışdır. Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edildi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı.Ermənistanın Şuşanı işğalda saxladığı dövrdə bir çox tarixi-mədəni abidələrlə yanaşı, oradakı məscidlər də vandalizmə məruz qalıb. Aşağı Gövhərağa məscidi də bu abidələr sırasındadır. Bu məscidin tarixinə nəzər salsaq görərik ki, Qarabağın sonuncu xanı İbrahim xanın qızı Gövhərağa (əsl adı Gövhərnisə) dövrünün məşhur xeyriyyəçilərindən olmuşdur. Onun vəsaiti hesabına tikilən Aşağı Gövhərağa məscidi Şuşa şəhərində 1874-1875-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmişdir. Məscid "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilib. 1992-ci ilin mayında Şuşanın işğalı zamanı Aşağı Gövhərağa məscidinin binası və minarələri zirehli texnikanın atəşlərinə məruz qalaraq ciddi zədələnibdir.Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarını kobud şəkildə pozmuşdur. 8 may 1992 –ci ildən işğal altında olan Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan xalqının qətiyyəti sayəsində müzəffər ordumuz tərəfindən erməni vandallarının işğalından azad edildi. Artıq şəhərin tarixi dini-mədəniyyət abidələri bərpa və təmir olunur. Heydər Əliyev Fondu Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin bərpa-təmir işlərini aparır. Hər üç məscidin memarı Kərbəlayi Səfixan Qarabağidir və bu məscidlər ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.Bu gün tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Qısa bir zamanda Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu. Eyni zamanda, dövlət başçımızın göstərişi ilə Şuşada vaxtilə keçirilən "Xarıbülbül" festivalı bərpa olundu. Görülən işlər bir daha deməyə əsas verir ki, Şuşa yenidən qurulur və dirçəlir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər