Laçın dəhlizi bizdədir, ermənilər hələ də Paşinyanı sevir
Erməni cəmiyyəti çox qəribədir. Mövqeyini müəyyənləşdirmək o qədər də asan deyil. Bu gün sevdiyinə sabah nifrət edir, bu gün topa tutduğunu da sabah elə əzizləyir ki, çaşıb qalırsan. Ermənistan cəmiyyətinin Paşinyana olan münasibətini heç analiz etmisinizmi? Bütün günümüzü siyasi xəbərlərin içində keçiririk, amma Paşinyana nifrətmi edirlər, yaxud sevirlər, hələ də müəyyənləşdirmək mümkün deyil. Amma bu qeyri-müəyyənlik sonsuza qədər deyil, yəni qeyri-müəyyən də deyil. Belə ki, Ermənistan cəmiyyətini Paşinyana münasibətə görə iki cəbhəyə bölmək olar. Reallığı dərk edənlər və utopiya ilə yaşayanlar…

Reallığı dərk edənlərdən danışacağıq. Bu təbəqəyə aid olan ermənilər Laçın dəhlizinin statusundan, keçmişindən və gələcəyindən xəbərdardırlar, yəni sabah bu yolun tam olaraq qapadılacağına da özləri qədər inanırlar. Utopiya həvəskarları isə hələ də “Böyük Ermənistan” barədə düşünürlər. Nə etməli, qoy düşünsünlər, onsuz da “min fikir, bir borcu ödəmir”. Amma çomağımızı da yerə qoymamalıyıq…
Bu gün Qarabağdan şad xəbərlər gəlməkdədir. Laçın dəhlizi vaxtından əvvəl Azərbaycanın nəzarətinə keçib. Rusiya sülhməramlıları porunu-posunu götürüb yeni nəzarət-buraxılış məntəqələrinə daşınıblar. Amma inanırıq ki, müvəqqətilik statusu 3 ildən sonra həqiqətən sona çatacaq. 30 il içimizi gəmirən əsəb, ermənilərin içimizə saldığı məxlətə sona çatacaq, Qarabağda bir dənə də olsun yad ünsürlər, bizə başağrısı gətirən yad məxluqlar qalmayacaq. Azərbaycan 30 il gözlədiyi haqqına qovuşacaq, zorla əlindən almaq istədikləri Qarabağına tam olaraq, yəni de-fakto qovuşacaq.
Qarabağ ətrafında vəziyyətin müzakirəsi davam edib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi bir daha təsdiqlənib. Bu gün Ermənistanın Baş naziri Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər regionda sabitliyin təmin edilməsində Rusiya sülhməramlı kontingentinin rolunu qeyd ediblər. Bundan başqa, Paşinyan və Putin Ermənistan və Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqliyin gələcək inkişafı üçün bəzi aktual məsələləri müzakirə ediblər. Xatırladaq ki, Ermənistanın baş naziri ilə Rusiya prezidenti arasında əvvəlki söhbət avqustun 8-də olub. Sonra iki ölkə liderləri Qarabağ ətrafında vəziyyətin inkişafı, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

“Gallup International” təşkilatı iyul-avqust aylarında keçirdiyi sorğuların nəticələrini açıqlayıb. Onların fikrincə, əgər gələn bazar günü Ermənistan parlamentinə seçkilər keçirilsəydi, o zaman baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” partiyası 16,1 faiz, müxalif “Ermənistan” bloku isə 5,1 faiz səs qazanardı. Diqqət edin, birincilər hakimiyyətdə, ikincilər isə müxalifətdədirlər. Qeyd edək ki, potensial seçicilərin hər iki siyasi qüvvəyə rəğbəti azalıb. Belə ki, apreldə dərc olunmuş sorğulara əsasən, respondentlərin 20,4%-i hakim partiyaya səs verməyə hazır idi, indi isə bu rəqəm 16,1%-ə qədər azalıb. Apreldə keçirilən sorğuların nəticələrinə görə, respondentlərin 8,3%-i “Ermənistan” blokuna səs verməyə hazırdır. İndi bu rəqəm, yuxarıda qeyd edildiyi kimi, cəmi 5,1% təşkil edir. Sorğulara əsasən, respondentlərin 32,8 faizi seçkilərdə səsvermədə iştirak etməyəcəyini bildirib. 12,1% - cavab verməkdən imtina edib, 15,6% - cavab verməkdə çətinlik çəkib. Seçkilər gələn həftəsonu keçirilsəydi, sorğulara görə, yalnız yuxarıdakı iki qüvvənin parlamentə düşmək şansı var idi, qalan partiyalar baryeri aşa bilməzdi. Məsələn, üçüncü prezidentin rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku cəmi 2,7% səs toplayıb.

Hakimiyyətdən başlayaq. Hakim elitaya ictimai inamın və reytinqin aşağı düşməsini asanlıqla izah etmək olar. Ölkədə həyatın yaxşılaşdırılması ilə bağlı bütün vədlərə və hətta Ermənistanda guya sosial-iqtisadi fonun yaxşılaşdığı və ÜDM-in artdığı barədə bəyanatlara baxmayaraq, reallıqda hər şey o qədər də gülməli deyil. Ərzaq və ilkin tələbat mallarının qiymətinin demək olar ki, hər gün bahalaşdığı, əhalinin böyük təbəqəsi üçün əlçatmaz hala gəldiyi zaman, yəqin ki, işsizlik və inflyasiyanın artması nəticəsində öz vəziyyətinin pisləşməsini hiss edilir. Maaşlar və pensiyalar artarsa, yenə də bahalaşma ilə ayaqlaşmır. Başqa cür ola bilməz, çünki iqtisadiyyatda hər şey pisdir, insanlar hər şeyə dözməkdən yorulublar. Kimin imkanı çatır ölkəni tərk edir, qalanlar isə kəmərlərini daha möhkəm sıxır.
Gələk Laçın rayonunda baş verənlərə. Ermənistan cəmiyyəti media üzərindən Laçın dəhizi ətrafında baş verənlərdən narazı kimi mövqe sərgiləyir. Amma əksəriyyət hadisələrin gedişindən məmnun görünür. Qarabağın erməni xalqının boğazındakı kəndir olduğunu hər kəs təsdiq edir. Gəlirik, yuxarıda verdiyimiz suala. Ermənilərin Qarabağ məğlubiyyətində əsas ssenarist olan indiki hakimiyyətə nifrət etmək əvəzinə onu bir az da sevməsi və dəstəkləməsinin səbəbləri ortaya çıxır. Ermənistan və ermənilər, Ter-Petrosyan demişkən maksimalist olsalar da artıq bu xarakterin keçərsiz olduğunu anlayıblar. Azərbaycan Qarabağın təkbaşına yiyəsidir, bu torpaqların sahibidir. Sadəcə, erməni lobbisinin yanlış tərtibatı, yalan ideologiyası, utopik çağırışları il meydanlara çıxan ermənilər gec də olsa anlayıblar ki, 30 il ərzində onlara yalan deyiblər, yanlış məlumat veriblər.

Azərbaycan ərazilərini qarış-qarış öz ərazilərinə qatır, üçtərəfli Bəyanatın müddəalarına əməl edərək Qarabağda, xüsusən Laçın rayonunda haqqı olanlara qovuğur. Belə bir gözlənti də var ki, sanki Paşinyan növbəti müharibə istəmir. Amma hadisələrin gedişində müharibə variantı da istisna edilmir. Erməni cəmiyyətində hələ də Ermənistanın dövlətçiliyini və Qarabağı (ermənilər Artsax adlandırır) xilas etmək üçün müharibəni qaçılmaz variant adlandıranlar hələ də var. Kiminsə xoşuna gəlsə də, istəməsə də, Paşinyan hökumətinin öyünə biləcəyi yeganə şey budur.
Erməni müxalifəti də müharibənin nəticələrindən sarsılan ilk aylarda ümidsizliyə qapılsa da ayağa qalxaraq indiki hakimiyyəti devirməyə cəhd edir. Hətta hərbçilərin bir hissəsi andını unudaraq müxalifətin tərəfinə keçib. Müxalifət isə cəmiyyətin əksəriyyətini öz bayraqları altında toplaya bilmədi və indi sorğunun nəticələri göstərdiyi kimi, getdikcə daha az vətəndaş tərəfindən dəstəklənir.
Sarkisyanın bloku ümumiyyətlə heç kim tərəfindən nəzərə alınmır və Köçəryan və onun Daşnaksütyundakı müttəfiqləri seçkilərin gələn bazar günü keçiriləcəyi təqdirdə 5%-lik baryeri böyük çətinliklə keçə biləcəklər.
Görünən odur ki, müxalifət Paşinyanla mübarizədə məğlubiyyətini etiraf edir. Bu barədə Müqavimət hərəkatının koordinatoru İşxan Saqatelyan “Yerkir Media”ya müsahibəsində bildirib. Saqatelyanın sözlərinə görə, Nikolanın sülh proqramı müxalifətin təqdim etdiyi mübarizə proqramından daha çox insanı cəlb edib. Təəccüblənmək və ağıllamağa nə var ki, cənab Saqatelyan? Həyata uyğun mübarizə proqramı hazırlayıb cəmiyyətə təqdim etmisinizmi? Xeyr, siz ancaq çox arzuladığınız hakimiyyəti ələ keçirməyə çalışaraq ölkədə vətəndaş müharibəsinə səbəb oldunuz. Qalan hər şey erməni cəmiyyətində maraq doğurmayan boş söhbətlərdir.

Ümumiyyətlə, həm iqtidar, həm də müxalifət “Gallup İnternational” sorğusunun nəticələrini diqqətlə təhlil etməlidir ki, bu da erməni xalqının həm Paşinyandan, həm də Köçəryandan bezdiyini göstərdi. Amma yenə də respondentlərin cavablarına əsasən, Paşinyan artıq 2018-2019-cu illərdə olduğu kimi cəmiyyətdə qeyd-şərtsiz dayağa malik deyil. Amma insanlar hələ də başa düşürlər ki, o, iki şərdən kiçikdir və ona dözməyə hazırdır.
Ermənistan müstəqillik bəyannaməsinin qəbul edilməsinin 32-ci ildönümünü çox da bayram əhval-ruhiyyəsində qeyd etməyə çalışır. Hökumət Ermənistan Respublikasının müstəqilliyi uğrunda hər gün mübarizə apardığı görüntüsü yaratmağa çalışır. Bu görüntülər isə bayram deyil. Azərbaycan qoşunları bir həftə ərzində Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində üç yaşayış məntəqəsinində yerləşdi. Bu, Laçın şəhərinin özü, eləcə də Zabux və Sus kəndləridir.
Erməni mətbuatı xəbər verir ki, Qarabağın “Ərazi İdarəetmə və İnfrastruktur naziri” Hayk Xanumyan onların yanına gələrək Azərbaycanın yaşayış məntəqələrini məhz bu tarixə qədər tərk etməsi tələbini onlara çatdırıb. Bakının vaxtından əvvəl Xankəndindən Ermənistan sərhəddinə qədər yeni yol çəkməsi, bundan sonra Laçın dəhlizinin alternativsiz marşrut statusunu itirməsi diktə edirdi. Düzdür, Caliber.az-ın Azərbaycan redaksiyasının Laçına səfər edən jurnalistlərin verdiyi məlumata görə, kəndlərin son köçürülmə günü bir qədər təxirə salınıb. Azərbaycan nümayəndələrinin Rusiya sülhməramlıları ilə söhbətindən məlum olmuşdu ki, Laçın rayonunun sonuncu erməni sakinləri sentyabrın 1-dək oranı tərk edəcəklər. Bir həftə davam edən çaxnaşma çox güman ki, bu ərazilərdə fəaliyyət göstərən infrastrukturun köçürülməsi ilə bağlı qalan təşkilati məsələlərlə bağlı idi. Amma ermənilərin gedişi Azərbaycanın tələbi ilə tezləşdirildi. Əslində Azərbaycan burada taktiki gedişlər etdi, ermənilər düşünürdülər ki, avqustun 25-ə kimi Zabuxda, Susda və Laçın şəhərində qalacaqlar. Son dəqiqələri, saatları ehtiyat variant kimi saxlayan ermənilər düşünürdülər ki, məhz həmin vaxt həm evləri yandıracaq, həm də azərbaycanlılar üçün müxtəlif növ tələlət quraşdıracaqlar. Amma bu baş vermədi, daha doğrusu ermənilərin bəd planları ifşa olundu, Azərbaycan vaxtından əvvəl bu ərazilərə nəzarət əldə edə bildi.

İndi də ermənilrin Azərbaycanın Laçın rayonunda törətdikləri, daha doğrusu törətmək istədikləri təxribatlardan danışaq. Ermənilər özlərinin yaşadığı, əslində azərbaycanlılara məxsus evləri yandırmağa cəhd etsələr də bu mümkün olmadı, naməlum şəxslər isə Zabux kəndi ərazisindən keçən fiber-optik kabeli oğurlamağa vaxt tapa bildilərr və bu səbəbdən Qarabağın qalan sakinlərinin internetə çıxışı kəsilib. Beləliklə, informasiya terroru dövlət qurumlarının çağırışlara cavab vermək qabiliyyətini xeyli zəiflədib.
Bəli, Laçın dəhlizi artıq Azərbaycanın nəzarətindədir. Halbuki, iki il bundan əvvəl kimsənin ağlından da keçə bilməzdi ki, Azərbaycan Laçın rayonuna bu qədər sahib ola bilər. Reallıq belə idi. Amma Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, sərkərdəliyi altında Azərbaycan Silahlı Qüvvələri mümkün olmayanı etdilər. Bu gün Laçın dəhlizi ilə bərabər Sərsəng su anbarının işlənməsi, nəzarəti də Azərbaycanın əlindədir. Sabah Gəncəliyevin Xankəndidə ofisinin açılışına, Ədliyyə orqanlarının fəaliyyətə vaşlamasına, bu şəhərdə Azərbaycan bayrağının dalğalanacağına kimsə şübhə etməsin, sadəcə buna inanmaq lazımdır. İnam bütün problemlərin açarıdır…
V.VƏLİYEV