Köşə

  • 6 935

YAP -“Səs” birliyi KÖŞƏ

image

30 il öncə ölkəmizdə cərəyan edən xaos, anarxiya və hərc-mərclik o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ulu öndərimizə ölkənin xilası və Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ziyalılar tərəfindən ünvanlanmış və “Səs” qəzetində dərc olunmuş “Azərbaycan Sizin sözünüzü gözləyir” tarixi müraciətində əks olunmuşdu. Müraciətdə deyilirdi: “İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Siz bu gün siyasi, iqtisadi, hərbi və mənəvi blokadada olan Naxçıvan Muxtar Respublikasını məhz öz şəxsi nüfuzunuz və uzaqgörən diplomatik səriştənizlə qoruyub saxlayır və idarə edirsiniz... İstərdik ki, bu işləri bütün Azərbaycan üçün görəsiniz... Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli “Yeni, müstəqil Azərbaycan uğrunda” cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verərək deyirdi: “Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.Bu tarixi cavabdan sonra 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis olundu. Ölkəmizin müxtəlif bölgələrindən gələn 550 nəfər nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsi qəbul olundu, ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi.Yeni Azərbaycan Partiyası yaradıldığı ilk gündən YAP-“Səs” birliyi yarandı. Həmin tarixi ilk məktubdan başlayaraq partiyanın o gündən bu günədək olan bütün fəaliyyəti “Səs” qəzetinin səhifələrində yer aldı. YAP-“Səs” birliyi gündən-günə daha da möhkəmləndi. Ulu öndərimizin bütün tarixi çıxışları, YAP-la bağlı tədbirlər, YAP-ın gördüyü işlər “Səs”-in səhifələrində tarixləşdi.90-cı illərdə “Səs”-in atdığı bu addım tarixin qürur səhifəsidir. Bir faktı da vurğulamaq yerinə düşər ki, “Səs” bu addımına görə həmin dövrdə saysız təzyiqlərlə üzləşmiş, redaksiyanın iş otaqlarına qədər basqın edənlər tərəfindən qəzetin əməkdaşlarının həyatı təhlükə qarşısında qalmışdır. Lakin “Səs” kollektivi bütün bunlara birliyi və kəsərli qələmi ilə sinə gərmiş, ölkəmizin gələcək taleyində mübarizlərə çevrilmişlər.Bu gündən dünənə nəzər saldıqda, həmin dövrdə ölkəmizdə fəaliyyət göstərən qəzetlər sırasında bu addımın nə üçün məhz “Səs”ə məxsus olduğunun cavabını “Səs”-in cəsarətində, uzaqgörənliyində, tarixi hadisələrə real yanaşma qabiliyyətində açıq şəkildə görmək olur.Çox qürurvericidir ki, YAP-ın bu gün qeyd olunan 30 illik yubileyində ölkəmizdə fəaliyyət göstərən qəzetlər içərisində “Səs”-in bu bayram sevincinə qatılmaq haqqı birinci yerdə dayanır. Bu yeri “Səs” 30 ildə YAP rəhbərlərinə nüfuzu, partiyanın dünənin, bu günün və gələcəyin partiyası olmasına inamı, YAP-ın fəaliyyəti ilə bağlı yaratdığı arxivi ilə qazanıb. O arxiv ki, bu gün ölkəmizdə tam təfsilatı ilə yalnız “Səs”dədir. Beləliklə qürurla söyləmək olar ki, “Səs” qəzeti YAP-ın 30 illik fəaliyyət yolunun salnaməçisidir.Sevindirici, bir o qədər də qürurvericidir ki, ulu öndərimiz “Səs” qəzeti haqqında dəyərli fikirlər söyləmişdir: “Səs” qəzeti mənim üçün çox əziz qəzetdir. 1991-ci ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım,- xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmirdilər, amma mənə lazım idi ki, o, dərc olunsun,- “Səs” qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları “Səs” qəzetində dərc edə bildik. Nəhayət, “Səs” qəzeti “91-lər”in müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə də “Səs” qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın.Bəli, ümummilli liderimizin bu kəlamları “Səs”in pasportudur. Bu mətbu orqanın daim gələn və gələcək səsidir. Bu kəlamlar bu qəzetin qiyməti, dəyəri, ölkəmizin müstəqilliyi, suverenliyi yolunda mübarizəsi, əqidəsidir. Beləliklə də deyə bilərik ki, ötən 30 ildə YAP-“Səs” birliyi bundan sonra da “Səs”-YAP birliyi ilə davam edəcəkdir. Bununla qürur duyuruq!

Mətanət Məmmədova

Digər xəbərlər