Milli mətbuatımızın yaranmasının 150 illiyini böyük qürurla qarşıladığımız, gələn ay böyük bayramla qeyd edəcəyimiz bir dövrdə bundan danışmaq nə qədər kədərləndirici və təəssüfedici olsa da, lakin elə sələfimizin tövsiyəsinə dayanaraq düzü düz, əyrini əyri demək borcumuzdur.
Müasir dövrümüzün yeniliklərindən biri də ChatGPT-dir. Süni intellekt kimi texnologiyanın son nailiyyətlərindən biri olaraq həyatımıza daxil olub. Daxil olar-olmaz, kimin bilik və dünyagörüş səviyyəsi hansı dərəcədədirsə, o çərçivədə də ChatGPT-dən istifadə etməyə başlayıb. Məsələn, bəzi yeniyetmə-gənclər artıq real dostluğa son qoyub, başlayıblar ChatGPT ilə dostluq etməyə. Elə bir dostluq ki, ChatGPT artıq onları özlərindən alıb aparıb texnoloji dünyaya, real həyatdan ayaqlarını kəsib. Digər istifadəçilər ChatGPT-dən həkim kimi istifadə edənlərdir. Onlar artıq əziyyət çəkib xəstəxanalara getmir. Öz xəstəlikləri haqqında ChatGPT-yə danışır, o da məsləhət və tövsiyə verir, başlayırlar müalicəyə. Və yaxud da dara düşən istənilən bir kəs həmin dəqiqə ChatGPT-yə yazır və ya səsini göndərir, o da onun istəklərini qısa zaman ərzində yerinə yetirir. Hansı səviyyədə, hansı dərəcədə yetirir, onu özü, bir də istifadəçi bilir. Və sair və ilaxır...
Hə, özümüzü heç də kənara çəkməyək. Çünki artıq ChatGPT jurnalistləri də yetişməkdədir. Belə ki, bəzi media nümayəndələri öhdəliyi olan yazını özləri deyil, ChatGPT yazır. Məsələn, onlara lazım olan faktları və yaxud da hansı mövzuda yazı istədiklərini ChatGPT-yə yazır, o isə qısa zaman ərzində yazını hazırlayır. Və bu jurnalistlər həmin yazını öz imzaları ilə istənilən qəzet, agentlik, sayt və portala yerləşdirir və bununla işini bitmiş hesab edir.
Bu jurnalistlər özləri haqqında yüksək fikirdə olduqlarından onlara elə gəlir ki, bu “pryomdan” heç kimin xəbəri yoxdur. Lakin onu fikirləşə bilmirlər ki, peşəkar jurnalistlər belə yazıları elə sərlövhədəncə anlayır.
ChatGPT-yə yazı yazdırmaq, öz imzası ilə dərc etdirmək plagiatlıq deyil, başqa nədirsə, bilən varsa, izah etsin, biz də bilək. Məncə bu plagiatlığın digər plagiatlıqdan fərqi ondadır ki, biri var, kiminsə yazısından fikir oğurlayıb özününküləşdirmək, biri də var kiminsə yazısını bütövlükdə mənimsəmək. Bir də hələ o kim deyilsə, nədirsə, bax, elə problem də burda meydana çıxır ki, insan zəkası dəmir parçasına təslim olur.
Təəssüf ki, bu gün yeni bir media sahəsi- ChatGPT jurnalistikası və jurnalistlər nəsli yetişir. Qarşısı alınmasa, “Media haqqında”, “Müəlliflik hüquqları haqqında” qanunlara plagiatlıq əməli üçün maddə salınmasa, yaxın gələcək üçün nələr baş verəcək, bunu düşünmək bir o qədər də çətin deyil.
ChatGPT əslində o mənada sərfəli ola bilər ki, ondan səmərəli istifadə olunsun. Yəni, hər hansı faktı öyrənməkdə, təcili məlumat almaqda ChatGPT həqiqətən yardım edə bilir. Məsələn, illər öncə barmaqlarımızda hesabladığımız rəqəmləri kalkulyator “kəşf” olunandan sonra qısa zamanda hesablaya bildiksə və kalkulyator sadəcə bir əşyadırsa, ChatGPT də onun kimi proqramlaşdırılmış bir əşyadır. Onun ağlı başında olan insanlar üçün dost olması mümkün olmasa da, lakin qısa zaman ərzində məlumat almaqda sərfəlidir.
Lakin ona yazı yazdırmaq, bu yazını qəzet, agentlik, sayt, portal redaktorlarının başını aldatmaqla şəxsi imza ilə yaymaq düşünürəm ki, tək onlar üçün deyil, çoxsaylı oxucular üçün də təhqirdir.
Və... bu əməl milli mətbuatın 150 illik yubileyinə heç də yaxşı töhfə deyil. Bəlkə bir qədər düşünməyə ehtiyacımız var? Bəli, var. Düşünək ki, dərk edə bilək, yazını jurnalist yazmalıdır, yoxsa ChatGPT? Əgər o, yazmalıdırsa, onda əmək haqqının halal-haram məsələsi də gündəmə gəlir.
Bəlkə mən səhv düşünürəm, yazıları elə ChatGPT yazmalıdır... Belə isə münasibət bildirin. Ya mənə “geridə qalmış”, ya da “sən doğru deyirsən”,- deyin.
Mətanət Məmmədova