PDF Oxu

Köşə

  • 759

Qaranquşlar, bayquşlar...

image

Lalə Mehralı

İki gündür Bakı səmasında xeyli qaranquş var, Bayılda, Sahil ərazisində ayrı-ayrı vaxtlarda rast gəldim. Elə sevinirəm ki onları gördüyümə. Qaranquş mənim uşaqlığımdır, xatirələrimdir, qayğısız illərimdir. Uşaqlıq xatirələrimin hamısında qaranquş var, çünki evimizin divarında onların yuvası vardı, hər yaz geri qayıdanda o yuvada bala çıxarırdılar, hər səhər biz o balaların səsinə oyanırdıq. Təbii zəngli saatımız qaranquşlar idi yəni. Neçə dəfə yuvadan yerə düşmüşdü balalar, nərdivanla çıxıb yerinə qoyurduq. Yadımdadır, yuvanın olduğu divarın dibinə, yerə döşəkcələr düzmüşdük uşaq ağlımızla ki, balalar yuvadan yerə düşəndə zədə almasın.

Bizi qaranquşun müqəddəs olmasına inandırmışdı böyüklər. Qaranquşun yuvasını uçuranın, balasını öldürənin yurdu viran qalır, övladları zərər görür deyirdi nənəm. Qaranquşlar da hər adamın evinə yuva qurmazdı. Yuvasını hördüyü evə bərəkət gətirdiyinə inanılırdı. Onlar sülhün, dincliyin, bərəkətin, yazın simvolları idi bizim gözümüzdə.

Qida zəncirində, ekoloji tarazlıqda da rolları böyükdür qaranquşların. Məsələn, ağcaqanadların çoxalmasının səbəbi qaranquşların azalmasıdır. Əgər bir mühitdə qaranquşlar azalırsa orda ekoloji tarazlıq pozulub, su çirklənib, torpaq zəhərlənib, oksigen məhv olub deməkdir. Bakı səmasında qaranquş görmək möcüzə kimi bir şeydir bu vəziyyətdə. O Bakının ki, nə suyu içiləsidir, nə havası udulasıdır. Əgər qaranquşlar Bakı səmasında süzürlərsə ekolojitarazlığı bərpa etmək barədə görülüən tədbirlər bir nəticə verir deməli.

Qaranquşdan yazdım, bayquşu xatırladım. Nənəm onun səsi gələn kimi deyirdi: "Xoş gəlmisən a bəy quşu". Gətirib çörəyin üstünə duz səpib hasarın üstünə qoyurdu. "Bəy quşunu adına layiq qarşılayarlar" deyirdi. Amma el arasında "bayquşun qonduğu yurd viran qalır" deyə bir mif də vardı. Nənəmin evinə hər gecə qonurdu, o yurd yeri bizim qibləgahımız kimi bir yerdi indi. Kəndə gedəndə ata evindən əvvəl ora qaçırıq, əmim və ailəsi yaşayır o yurdda, həmişə də şenlik, qələbəlik, qonaqlı-qaralı olur. Yəni uydurma miflərə görə yazıq bayquşun adını bədnam edib xalq.

Bayquş sözünün kökündəki “bay” kəlməsini çox eşitmişəm uşaq ikən. Adətən, yaşlı adamlar gənclərə, yeni doğulanlara, evlənənlərə deyirdilər. Alqış mənasında işlənirdi, yeni evlənənə “səni görüm bay olasan”, yeni doğulan körpənin ailəsinə “yurdunda bay olsun” deyirdilər. Bayquşdakı “bay” sözü də oradan qaynaqlanır böyük ehtimal. Bayram, bayraq sözlərində də eyni mənada işləndiyini düşünürəm, ehtimal ki hər iki söz yurdun, şəxsin bay olması, yəni yüksəlməsi mənasını verir. Deməli, bayquş da bədniyyətli ola bilməz, əgər hansısa bir evə, yurda gəlirsə, yurdu bay etmək üçün qonur.

Təbiət insana pislik etmir, təbiət suyu çirləndirmir, torpağı pstisidlərlə zəhərləmir, atmosferə karbon qazı buraxmır. Hamısını biz edirik, biz - bütün dünyanın sakinləri öz əlimiz ilə öz oturduğumuz budağı kəsirik. Quşlar köçüb gedirsə, ekoloji fəlakətlər yaranırsa, bu insan “əməyi” sayəsində olur. Biz nə özümüzdən sonrakı nəsilə, nə də başqa canlılara yaşa biləcəkləri bir dünya buraxırıq. Hər addımda təbiəti zəhərləyirik, zibilləyirik, məhv edirik. Qaranquşlar qayıdırsa, sərçələr cikkildəyirsə, hələ yaşanılacaq bir dünyamız var deməli. O dünyanı qorumamağa bizi nə vadar edir bəs?

Digər xəbərlər