Köşə

  • 18 960

Ən təhlükəsiz ev - FELYETON

image

Elçin Bayramlı

Biri var idi, biri yox idi, günəşli, küləkli, meşəli, dənizli odlar yurdunda bir qoca yaşayırdı. Qoca ömrünü yaşadığı kənddə kərpic kəsib satmaqla keçirirdi. Pafoslu desək, insanlara təbii materialdan ev tikməyə imkan yaradardı. Bu minvalla aylar keçdi, illər ötdü, zəmanə birdən-birə dəyişdi. Alimlər kimya elmini inkişaf etdirib yeni-yeni süni materiallar kəşf etməyə başladılar. Bundan bəhrələnən bir para dələduzlar başladılar kimyəvi tiiinti materilallari düzəldib satmağa.

Qocanın yaşadığı məmləkətin əhalisi də bir az ədəbaz, bir az da modabaz olduğundan kərpici daha vecinə almayaraq başladılar bu təhlükəli materialları alıb süni evlər tikməyə. İnsafən bunlardan çoxu ucuz başa gəlirdi, üstəlik gözqamaşdıran bər-bəzək evə xüsusi yaraşıq verirdi.

Qoca gördü vəziyyət pisdir, belə getsə acından öləcək, sexin profilini dəyişib keçdi taxta qapı-pəncərə düzəltməyə. Amma bu işdən də kar edə bilmədi. Bir də baxdı ki hamı keçib plastik qapı-pəncərəyə. Soruşdu ki, ey əhli kəndistan, niyə bu təhlükəli, zəhərli, kimyəvi qapı-pəncərəni evinizə vurub uşaqlarınızı və özünüzü zəhərləyirsiniz? Cavabında ərz elədilər ki, ağsaqqal, vəziyyət belədir ki, indi sən gördüyün zaman deyil. İndi moddur, hamı bundan vurur.

Qoca heç zad qana bilmədi bu mod söhbətindən. Bunu görən yaxınlıqdakı şəhərdən qonaq gəlmiş müəllim ona bir təklifdə bulundu- “Gəl gedək bizim evə, sənə bunun səbəblərini əyani şəkildə göstərim”.

Az getdilər, üz getdilər axır gəlib çatdılar şəhərə. Qalxdılar 5-ci mərtəbəyə. Evə girən kimi, adam plastik pəncərəni açıb qocaya dedi: “Yaman istidir, 5 daağa yanıvu bas stula sərinlən, mən də bir kraskalı çay dəmləyim içek”.

Qoca əyləşdi və həyəti seyr eləməyə başladı. Elə bu anda ətrafa elə bir dəhşətli öküz səsi yayıldı ki, sanki ən böyük səsgücləndiricilərdən 5-6 dənəsini yandırıb mikrofonu da tutmusan hər tərəfdən biz batırılan öküzün ağzına.

Səsin qüdrətindən qocanın ürəyi getdi. Ayılanda gördü ki, dostu üzünə su vurur. Soruşdu ki, “qərdeşimsön bu nə hangamədü, mən məəttəl qalmışam”. Ev yiyəsi ərz elədi ki, “bəs qonşunun oğludur, maşınına belə siqnal qoyub, hər gün məələdə bu öküzü 20-30 dəfə böyürdür. Əybi yoxdur, sən bir-iki dəqiqə hövsələ elə, çay dəm alır, gətirim bir iskən içek. Arvadağa evdə yoxdur, o biri mikrorayondan su daşımağa gedib, neçə gündür suyumuz gəlmir”.

Xülasə, qoca təzədən əyləşdi stulda və həyəti seyr eləməyə davam elədi. Bir tərəfdə məktəbdən gələn uşaqlar süpürləşir, o biri tərəfdə arvadlar dalaşır… səs-küyləri aləmi götürüb. Üstəlik, bu dəmdə yan balkonda birdən əcaib bir rok musiqisi başlamadımı? Bir neqr gurultulu, çingiltili, çığırtılı musiqinin fonunda necə əcaib səslər çıxarırdısa qocanın halı pisləşdi, stuldan yerə yıxıldı.

Səsə dostu gəlib onu yerdən qaldırdı, qonşudakı yelbeyin gəncdən da xahiş elədi ki o maqnitofonun səsini kəssin. Getdi yenə çayı dəmləməyə. Bu arada həyətdə eyni zamanda 2 kişi və 1 arvad bağırmağa başladı: “Xooloor, xooloor…”, “qatıq vaar, süd vaar”, “pomidoor, kartoşkaa, almaa…”.

Nəhayət dostu pürrəngi çay gətirib qoydu qocanın qarşısına. Yanında da neftdən və palma yağından düzəldilmiş şokalad. Elə yenicə istəyirdilər ki söhbətə keçsinlər, bir də gördülər, daha doğrusu eşitdilər ki, nə isə möhkəm guruldayır.

Ev sahibi qonaq eşitsin deyə var gücü ilə qışqıraraq dedi ki, “narahat olma, həyətdə ağacları kəsib yerində təzə moyka açıblar, ağlın köhnələrə getməsin, indi naporla yuyurlar maşınları”. Uzun sözün qısası, 15 dəqiqə çay içib gözlədilər ki, səs kəsilsin söhbət edələr. Qoca ha dedi ki, pəncərəni örtək, ev yiyəsi dedi ki, a kişi görmürsən, 50 dərəcə isti var, müəllim maaşı ilə də kondisoner almaq mümkün deyil. Deyirsən nəfəsimiz kəsilsin?

Qoca bu söhbətdən çox pəjmürdə olub, bir də bura gəlməyəcəyinə ürəyində tövbə etdi və qalxıb getməyə hazılaşdı. Elə bu momentdəcə ev yiyəsi plastik pəncərəni örtdü. Bayaqdan səs-küydən dəlixanaya dönən evə bir anda sakitlik çökdü. Qoca məəttəl-məəttəl dostuna baxdı.

Ev yiyəsi dedi ki, “ağsaqqal, özün dünya görmüş kişisən, day mən sənə artıq söhbət eləməyim. Bu xəstəlik yaradan plastik pəncərələri almasaydım, indi çoxdan dəlixanada idim. Bax müasirlik budur- sağlamlığından kəsib rahatlığını təmin etməyə məcbursan, eləməsən əsəblərin pozulub dəli olacaqsan və düşəcəksən dəlixanaya. Yoxsa elə bilirsən, biz qanmırıq bu kimyəvi şeylər bizim başımıza nə oyun açır?”.

Qoca dostu ilə sağollaşıb mürəxxəs oldu qulluğundan və düz getdi öz sexinə, yarı qiyməyə obyekti satıb, başladı həyətlərdə xlor satmağa...

Digər xəbərlər