PDF Oxu

Köşə

  • 730

28 il əvvəlki və 28 il sonrakı 8

image

Yaxşı yadımdadır işğal olunduğun gün, Şuşa: 8 may 1992-ci il. Azərbaycanın başının üzərini dumanların aldığı, Naxçvanın blokadasının ağrılı-əzablı ilk illəri idi. Hərtərəfli blokada şəraitində yaşayırdıq. Sədərəkdə döyüşlər gedirdi. Bir tərəfdən də 3-4 saatdan bir işıq yanarkən televizor vasitəsilə yalnız Qarabağdan acı xəbərlər alırdıq. Əliyalın insanların canları-qanları bahasına yurd yerlərimizin müdafiəsinə qalxmasını, onların Azərbaycan rəhbərliyindən dəfələrlə kömək istəməsini, lakin heç bir kömək ala bilmədiklərini eşitmişdik, bilirdik. Onlara heç bir köməyin gəlməyəcəyini də bilirdik. Çünki Qarabağ da, ətrafındakı rayonlar da o zamankı ölkə rəhbərləri tərəfindən imperiyaya hədiyyə olunmuşdu. Ona görə də ardıcıl şəkildə gedəcəkdilər. Getdilər də. Bizə qalan isə şəhid övladlarımız, yurdları talanmış didərginlərimiz, bir də 28 illik nisgil, həsrət oldu.

Naxçıvan da sizlərin ardınızca gedəcəkdi. Bilirsən niyə getmədi? 1990-cı ildə Ulu Öndərimiz Heydər Əliyev Moskvadan Bakıya gələrkən törədilən əngəllərə görə onun Bakıya deyil, Naxçıvana gəlişi qurtardı Naxçıvanı. Əgər O, Naxçıvana gəlməsəydi, Naxçıvan da həmin işğal olunmuş şəhərlərin sırasında olacaqdı. Naxçıvandan Azərbaycan rəhbərliyinə işğala son qoyulması, kömək göstərilməsi üçün böyük ürək yanğısı ilə üz tutdu Ulu Öndər. Lakin bütün bunlara baxmayaraq, alındı əlimizdən torpaqlarımız.

İşğal altındakı torpaqlarımızı hər zaman təəssüf hissi ilə anan, onların geri qaytarılmasına böyük inam bəsləyən Ümummilli Liderimiz ömrünün sonunadək bu sözləri dedi: “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik. Bu, qarşımızda duran vəzifədir və biz onu nəyin bahasına olur-olsun yerinə yetirəcəyik”.

Ulu Öndər torpaqlarımızın geri alınması üçün beynəlxalq aləmdə böyükmiqyaslı işlər həyata keçirdi. Lakin dünya susdu. 2020-ci ilə qədər ölkə Prezidenti də eyni Ulu Öndər kimi bu istiqamətdə danışıqlar apardı, Qarabağ problemini beynəlxalq səviyyədə həll etməyə, düşmənin sülh yolu ilə torpaqlarımızdan çıxarılmasına çalışdı. Lakin dünya yenə də susdu. Mənfur düşmən isə hələ üstəlik yeni ərazilər işğal etmək xülyasına düşdü. Belə olanda isə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni yerində oturtmağı bacardı. Şəhər, qəsəbə və kəndlərimiz qarış-qarış, kənd-kənd geri alındı. Biz övladlarımızı itirdik, lakin onların qanı ilə Azərbaycan tarixinin yeni səhifələrini yazdıq.

8 noyabr 2020-ci il. Qarabağın döyünən ürəyi Şuşanın azadlıq müjdəsini xalqına çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

Bəli, 28 il əvvəlki 8-in üzərindən 28 il sonrakı 8 xətt çəkdi. Şuşa əbədiyyən Azərbaycana-öz doğma anasına qaytarıldı. Artıq qovuşub iki doğma. Onlar indi Azərbaycan bayrağını çiyinlərinə salıb Şuşanın ən uca zirvəsində oturub bir-biri ilə ötənlərdən söhbət edir, biçib-tikəcəkləri yeni qırmızı köynəklərdən, yaşıl ətəklərdən, mavi kəlağayılardan danışırlar.

Zamanın o başındakı 8-lə bu başındakı 8 bir-birindən nə qədər fərqli olsa da, Şuşanın taleyində o səkkizlərin hər ikisi var imiş... Biri utanc, biri qürur.

Mətanət Məmmədova

Digər xəbərlər