Elçin Bayramlı
Bir neçə gün əvvəl AzTV tərəfindən paytaxtın və Abşeron yarımadasının əsas su təchizatı bazası olan Ceyranbatan su anbarına axıdılan kanalizasiya suları haqda reportaj bu sahədə indiyədək deyilən, amma məsul şəxslər tərəfindən təkzib edilən problemin sübutu oldu. Elə həmin AzTV-nin efirində dəfələrlə içməli su problemini ekspertlərlə birgə müzakirə etmişik və həyəcan təbili çalmışıq, lakin məsul şəxslər bunu "eşitməyib".
Faktiki olaraq Bakı və Abşeron zonasının içməli su təchizatında həm kəmiyyət, həm keyfiyyət üzrə ciddi problemlər var. Baxmayaraq ki, bu sahəyə dövlət tərəfindən milyardlarla manat vəsait ayrılıb, lakin problemin həllinə səbəb olmayıb.
İçməli su əhalinin həyatı və sağlamlığı üçün 1 nömrəli vasitədir. Burada baş verən təhlükələr çox ciddi nəticələrə səbəb ola bilər. Əvvəlcə suyun çirkliliyinin hansı təhlükələr yaratdığına baxaq.
Hazırda dünyada 2 milyarddan çox adam içməyə yararlı olmayan su içir. Təхminən, 50-60 il bundan əvvəl ətraf mühitin çirklənməsi əsasən, iri sənaye müəssisələri və ayrı-ayrı dövlətlərin hərbi-sənaye kompleksi tullantıları hesabına baş verirdisə, günümüzdə ölkələrin əksəriyyətində bu amilə daha biri- iri yaşayış məntəqələrinin məişət çirkabı amili əlavə olunub.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir.
Beynəlxalq təşkilatların hesablamalarına görə, suyun antropogen çirklənməsi ilə bağlı xəstəliklər ildə 4 milyon uşağın ölümünə səbəb olur. İnkişaf etməkdə olan ölkələrdə 80 faiz xəstəliklər və ölüm hadisələri məhz içməməli su ilə bağlıdır.
Azərbaycanda bu problem özünü tam çılpaqlığı ilə göstərir. Çünki ölkəmizin su hövzələri böyük sürətlə çirklənməyə məruz qalır və insanlarımız bu ifrat dərəcədə çirklənmiş, təhlükəli xəstəliklər yaradan suyu içmək məcburiyyətində qalır.
Bu proses ən çox Abşeron yarımadasında özünü biruzə verir. Məlum olduğu kimi Bakı şəhəri və Abşeron rayonu uzun illərdir ki, şirin su tələbatını əsasən 5 su kəməri vasitəsi ilə təmin edir. Bunlar Şollar, Samur-Abşeron, Kürdən gələn 1-ci və 2-ci su kəmərləri, həmçinin Bakı-Qəbələ-Oğuz su kəməridir.
Başlıca narahatlıq isə ondan ibarətdir ki, Bakı və Abşeronun bir hissəsi, habelə bəzi şəhər və kəndlərin əsas hissəsi Gürcüstan və Ermənistanın (Araz vasitəsilə) hədsiz dərəcədə çirkləndirdiyi Kür suyu ilə təmin olunur. Digər narahatlıq doğuran məqam isə, Bakı-Qəbələ-Oğuz su kəmərinin və Şollar su kəmərinin suyunun sonradan Kür suyu ilə qarışdırılması, nəticədə bu suyun da çirklənməsi ilə bağlıdır.
Maraqlıdır ki, paytaxtda içməli suyun çirkli olması faktı real olaraq ortada olsa da, aidiyyatı dövlət təşkilatları bunu inkar edir və bu sahədəki vəziyyəti normal hesab edirlər.
Mütəxəsislər isə deyir ki, əhaliyə verilən içməli su standartlara uyğun deyil. İnsanın qəbul etdiyi bütün qidalar həzm sistemi tərəfindən yalnız suda həll olmuş şəkildə həzm oluna bilir. Çirkli qidanın tərkibində olan zərərli qarışıqlar da məhz onların sulu məhlulundan sorulur və insanın qanına keçir. Çirkli suyun hesabına davam edən bu proses toplumu ən müхtəlif fəlakətlərə sürükləyir. Belə ki, qana daхil olan həmin çirkləndiricilər insanın gen strukturlarına dağıdıcı təsir göstərir- genetik informasiyanı pozur, gen kodlarını dağıdır. Bu da insan orqanizmində ən müхtəlif patalogiyaların və mutagen proseslərin başlanmasına gətirib çıхarır.
Qeyd etmək lazımdır ki, hətta mövcud təmizləyici qurğularla belə tullantı suların tam təmizlənməsi mümkün olmur. İçməlu su təchizatına cavabdeh olanlar daim iddia edirlər ki, Kürün, Ceyranbatanın və digər hövzələrin suyu yetərli səviyyədə emala məruz qoyulandan sonra əhaliyə təklif olunur və bu səbəbdən də içməyə yararlıdır.
Halbuki, abonentlər evlərə verilən suyun hansı vəziyyətdə olduğunu real videoçəkilişlərlə ortaya qoyurlar. Mütəxəssislər isə bildirirlər ki, içməli suyun meхaniki qarışıqlardan tam təmizlənməsindən söhbət belə, gedə bilməz! Digər tərəfdən isə həmin sutəmizləyici qurğular suyun kimyəvi tərkibini təmizləmək qüdrətində deyil.
İçməli su təsərrüfatı idarələri bildirir ki, əhaliyə təklif olunan su хlorun köməyi ilə emal edilir və bu zaman suyun tərkibində olan mikroblar ölür. Хlorun təsiri ilə suda olan bakteriyaların hüceyrə maddələri oksidləşir, müхtəlif virus və zooplanktonlar məhv olur. Suyun хlorla emalından sonra o, içməyə yararlı olur. Lakin xlorun özü də sağlamlıq üçün təhlükəli maddədir.
Su hetiyatları Agentliyinin yaradılması da problemi həll edə bilmədi. Artıq bu sahədə vəziyyət kritik həddə çatıb və içməli su sistemi sökülüb yenidən qurulmalıdır. Əhalinin sağlamlığı üçün 1 nömrəli məsələ budur.