Elçin Bayramlı
Bakı şəhəri getdikcə yaşanmaz hala gəlir. Adi yağış yağarkən şəhər iflic olur, sakinlər ciddi problemlərlə üzləşir. Şəhərin su altında qalması, hərəkətin dayanması bir yana, hətta canlı itkilər də verilir. Bu, artıq fundamental problemdir və lokal tədbirlərlə problemin həlli təklifləri tamamilə mənasızdır.
Problem şəhərin həddindən artıq yüklənməsi, xaotik tikililərın sıxlığı və su-kanalizasiya xətlərinin adekvat olmaması ilə bağlıdır. Bu problemlər təbii olaraq Bakıda böyük infrastruktur problemləri yaradır. Bəzi ekspertlərə görə, Bakı şəhərinin kanalizasiya sisteminin yenidən qurulması, yağış və çirkab sularının ayrılması, yağış sularının toplanması və təkrar istifadəsi şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və su ehtiyatlarının səmərəli idarə olunması problemin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Hesab edilir ki, bu yanaşma, həmçinin şəhərin infrastrukturunun müasirləşdirilməsi və ətraf mühitin qorunması istiqamətində atılan vacib addımlar problemi həll edə bilər. Lakin, fikrimizcə, bunlar da problemi fundamental olaraq həll edə bilməyəcək, yalnız yüngüllləşdirə bilər.
Uzun illərdir mütəxəssislər bununla bağlı çoxsaylı təkliflər verir, tövsiyələr irəli sürürdü. Vaxtında bu məsləhətlərə qulaq asıb iş görmədilər, indi isə çox gecdir. İndi bu təkliflərin həyata keçirilməsinin də heç bir mənası qalmayıb. Ümumiyyətlə, praktik olaraq Bakı şəhərini xilas eləmək mümkün deyil. Bakı artıq şəhər statusunu çoxdan itirib, onu ən yaxşı halda “idarə olunmaz hala gəlmiş xaotik beton cəngəllik” adlandırmaq olar.
Adi yağış zamanı şəhəri niyə su basır? 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərindən başlayan tikinti bumu zamanı yağış suları üçün nəzərdə tutulmuş xətlər, drenaj sistemləri sıradan çıxarılıb və sonradan bərpa olunmayıb. Bu, kanalizasiya sisteminin bərbad vəziyyətə düşməsinə səbəb olub. Nəinki kanalizasiya xətləri, heç bir kommunal infrastruktur bu yükün öhdəsindən gələ bilmir. Düzənlik şəhərlərindən fərqli olaraq Bakının relyefi imkan verir ki, su xətləri vasitəsilə şəhərin kanalizasiya və yağış suları rahatca dənizə yönəldilsin, lakin şəhər təsərrüfatının rəhbərləri bu asan və sadə sistemi belə qurmayıblar, vaxtilə qurulanı da dağıdıblar.
Milyonlar qazanmaq xatirinə şəhərsalmanın bütün qaydalarına tüpürülərək Bakını məhv edib, altını üstünə çeviriblər. Artıq heç bir qüvvə, heç bir layihə bu şəhəri düzəldə bilməz.
Ölkə əhalisinin yarısı- 5 milyona yaxın vətəndaşımız paytaxtda yaşayır. Bu isə normadan 2-3 dəfə çoxdur. Nəticədə şəhərin nəqliyyat və kommunal infrastrukturu çox yüksək gərginlikdə işləyir. Adi günlərdə belə şəhərdə hərəkət etmək, avtomobili saxlamaq, metroya minmək əzabdır. Sıx-sıx tikilən çoxmərtəbəli binaların həyətində tərpənməyə yer yoxdur, uşaqların oynaması, böyüklərin istirahəti üüçün yer yoxdur, ətrafında avtomobili dayandırmağa yer yoxdur. Paytaxt artıq yaşanılmaz hala gəlib.
Problemi həll etmək üçün irəli sürülən təkliflərin heç bir mənası yoxdur və edffekti olamayacaq. Yeganə çıxış yolu şəhərin azı yarısı sökülüb, yeni şəhərsalma layihəsi ilə yenidən inşa olunması və şəhər əhalisinin 2 dəfə azaldımasıdır. Bunun üçün də, azı 10-15 il vaxt və on milyardlarla vəsait lazım olduğu üçün, bu, qeyri-mümkündür. Ancaq bu sahədə müasir texnologiyaların tətbiqi və infrastrukturun yenilənməsi şəhər təsərrüfatının səmərəliliyini cüzi də olsa artıra və ətraf mühitin qorunmasına töhfə verə bilər. Nə yaxşı ki, Bakıda heç vaxt təbii fəlakət baş vermir, ildə 1 gün qar, bir neçə dəfə də adi yağış yağır. Əgər bir neçə gün davam edəcək qar və ya yağış yağsa, yaranacaq faciəvi vəziyyəti heç təsəvvür belə etmək mümkün deyil.
Dediyim kimi, şəhəri xilas etmək üçün çox gecdir. Bakı üçün görüləcək yeganə iş əhalinin ən azı yarısını regionlara köçürmək və yerlərdə sosial-iqtisadi inkişafa nail olmaqdır. Ən azı Qarabağdan olan məcburi köçkünlərin hamısı Bakıdan çıxarılmalıdır. Qaçqınların müyyən bir hissəsi də işğaldan azad olunmuş ərazilərə köçürülməlidir. Digər rayonlardan axının qarşısı alınmalı, regionlarda iqtisadi aktivlik yaratmaq üçün vergi güzəştləri tətbiq edilməlidir. Elə bir şərait yaradılmalıdır ki, insanlar könüllü şəkildə Bakını tərk eləsin. Əhalinin sayı azaldıqdan sonra paytaxtın infrastrukturunu yeniləmək və hansısa qabaqlayıcı tədbirlər görmək olar.