Köşə

  • 2 995

“Aldanmış kəvakib”(lər)

image

İndi həm də aldatmaq dövrüdür. Hər dəfə aldadanlardan və aldananlardan söhbət düşəndə xəyalıma Mirzə Fətəli Axundovun “Aldanmış kəvakib”i gəlir. Düzdür, oradakı aldanmışlarla buradakı aldanmışlar arasında fərq xeyli olsa da, yalnız aldanmaq elə aldanmaqdır, mövzusu fərqli olsa da. Aldadan da müsəlmandır, aldanan da.

Deməli, o zaman rəiyyət də avam idi, şah da. Münəccimin sözü ilə şah aldanır və rəiyyət bəladan qurtarır. Lakin rəiyyət avamlığı ilə yenidən aldanır və yenidən bəlaya düçar olur. Şah tərəfdarları başlarına gəldiyi üçün aldanmağın nə olduğunu bilir və insanları yenidən aldatmağı bacarırlar.

O dövrdən düz iki əsr keçsə də, görünür, xalq arasında avamlar hələ də qalmaqdadır ki, onları aldadırlar və onlar da aldanırlar. Düz iki əsr sonra, avamlıqdan maarifə doğru ötən iki yüz il ərzində bu gün yenə aldananlar varsa, ta onlara nə deyək...

Guya ki, dövrümüz texnologiya dövrüdür. Lakin elə başımıza nə oyun açırsa, bu texnologiyalar açmırmı? Bir də texnologiya nə etsin axı, bizdə ağıl olmayandan sonra...

Deməli, əynindən-başından, uşağının boğazından kəsib hərə bir telefon alıb qoyub cibinə. İçini də doldurub sosial şəbəkələrlə. Həyatdan əlini üzüb, ikinci həyata baş vuranlar var ki, gün boyu saatlarla qalır bu sosial şəbəkələrdə. Bu sosial şəbəkələr də doludur fır-fırıldaq adamlarla. Yəni onlar aldatmağa adam axtarır. Bizim bu avamlar da olur onların hərifi. Bunlardan cəmi 1-2-nə nəzər salaq...

Hərifləyirlər, gənc, gözəl qadınlara sevgi dastanı söyləyir, iş tapmaq istəyən qadınlara guya köməklik göstərmək istəyirlər. Saxta profillərlə qadınlarla elə şirin, inandırıcı dil tökürlər ki, bu yazıqlar da inanmış olur. Fakt var ki, onlardan hələ rayonlardan durub Bakıya gələnləri də var. Nədir, nədir ki, filankəsə aşiq olub. Hələ ailə-uşağını atanlar da var onların içərisində. Və yaxud da bu fırıldaqçıların şirin dilinə aldanıb iş üçün kilometrlərlə yol qət edib gəlib burada iş əvəzinə başqa təkliflərlə qarşılaşanlar da var.

Nə deyim sənə internet əsri? Səni parça-parça olub yerə töküləsən deyim, bir günün güdazına gedəsən deyim, nə deyim ki, ürəyimdən tikan çıxmış olsun?..

Bu müsəlmanlığından, namusundan, arından keçən işbazlara nə deyim? Allah sizin cəzanızı versin, deyim. Bu yazıqları onsuz da Allah avam yaradıb da. Nə üçün onlardan istifadə edirsiniz?..

Yaxşı, siz dindən-mənsəbdən uzaqlaşmısınız, deyək ki. Bəs bu yazıqlara nə üçün divan edirsiniz? Nədir məqsədiniz? Axı sizin də ana-bacınız olmamış deyil. Belə isə bu hərəkətlərə başlayarkən heç onları da göz önünə gətirmirsiniz?

Bəli, biz çox deyirik, görünür ki, bizi dinləyən azdır. Deyəndə ki, bu sosial şəbəkələr sosial bəladır, bizi qınayanlar olur. Bu sosial şəbəkələr neçə-neçə ailə dağıdıb, neçə-neçə sevgilini bir-birindən ayırıb, neçə-neçə nişanı geri qaytarıb.

Budur, indi də onlarla aldatma, onlarla aldanma...

Ya biz şah Abbas ağlındayıq, ya o dövrün rəiyyəti dünyagörüşdəyik, ya da bəlkə də onlar bizdən dünyagörüşlü idilər. Nə isə... Heç deyəsən, nə şah Abbasdan, nə də rəiyyətindən geri qalırıq. Çünki biz də həm şah Abbas, həm də rəiyyəti kimi aldanırıq.

Aldanıb “Aldanmış kəvakib”(lər) olmağın isə sonradan heç bir mənası yoxdur. Şah Abbas da aldandı, rəiyyət də. Sonra qandılar ki, nə qədər aldanıblar, artıq onda güc idi.

Söhbəti bütün çılpaqlığı ilə edə bilmirik. Çünki bu aldatmalar və aldanmalar mövzu etibarilə çox utandırıcıdır. Lakin bir onu deyə bilirik ki, “Aldanmış kəvakib”(lər) olmayaq: ayıbdır, günahdır...

Mətanət Məmmədova

Digər xəbərlər