Elçin Bayramlı
Bu günlərdə elm və təhsil nazirinin verdiyi açıqlamalar ictimaiyyətdə birmənalı qarşılanmayıb. Müəllimlərin sertifikasiya nəticələrini tənqid edən nazir bildirib ki, yüksək nəticə göstərən müəllimlərin əməkhaqqı 1000 manatdan çox olacaq. Əvvəl ikinci məsələdən başlayaq. Müəllimlərə 1000 manat əməkhaqqı vermək başqa ölkələrlə müqayisədə çox zəif göstəricidir. Bunu fəxrlə demək ki, uzun illərdən sonra bəzi müəllimlərin maaşı ayda 1000 manatı keçəcək- bu, qəribədir. Çünki bu məsələyə qiymət-maaş balansı ilə baxanda görürük ki, 1000 manat minimum maaş olmalıdır.
Müəllimlərin sertifikasiyadan keçirilməsinə gəldikdə, bu, bir tərəfdən yaxşıdır. Çünki burada rüşvətlə işə düzəlmiş savadsız müəllimlər aşkar olunacaq. Yüksək bal toplayanları isə seçib onlara metodist funksiyası verərək, müəllimləri əlavə işlə yükləyəcəklər. Yəni müəllim, ən azı, 2-3 nəfərin işini gördüyü təqdirdə o maaşı ala biləcək ki, bu da fiziki cəhətdən onlar üçün ağırdır. İndiki dövrdə müəllimlər gündə 2-3 saat fərdi hazırlığa vaxt sərf etməklə ondan çox pul qazanırlar.
Bu hesabla yaxşı müəllimləri dövlət məktəblərində saxlamaq mümkün olmayacaq. Onlar ya özəl məktəblərə üz tutacaqlar, ya hazırlıq kurslarına işə keçəcəklər, ya da sərbəst repetitor fəaliyyətinə üstünlük verəcəklər. Nazirin dediyi 1000 manat isə müəllimlərin 1/3-nə, yəni 30%-nə aid olacaq. Digərləri isə yenə aşağı maaş alacaq. Bu isə işin keyfiyyətinə təsir edəcək. Çünki heç bir insan bu qədər yüklənərək, az maaşa effektiv və təsirli iş görə bilməz.
Görünən odur ki, son dövrlərdə təhsildə aparılan islahatlar heç bir nəticə və fayda vermir. Müxtəlif eksperimentlər edirlər, hamısı da mənfi nəticə verir. Bu, belə olmur. Birincisi, sən diplom verdiyin müəllimlərə inanmayıb tez-tez sınaqlardan keçirirsən, camaatı bezdirirsən. Bunu bir dəfə et qurtar də. Diplom vermisənsə, arxasında durmalısan. Deməli, sənin öz universitetlərinə inamın yoxdur, onların nə olduğunu, rüşvətlə məktəblərə düzələnlərin çox olduğunu bilirsən.
Nəticələrə baxanda hər şey aydın görünür. Məsələn ibtidai sinif müəllimlərinin cəmi 10%-i 50 baldan yuxarı yığaraq yüksək nəticə göstərə bilib, 35 faizi isə 0-30 bal arası toplayıb. Bunlar aşağı göstəricilərdir və bu o deməkdir ki, universitetlərin yetişdirdiyi kadrların yarıdan çoxu orta səviyyəni keçə bilmir. İkinci tərəfdən də bunları seçmək üçün hər il imtahan keçirməyə ehtiyac yoxdur. Bu şəxslər işə qəbul olunanda baxılmalı, seçilməli və onun savadı yoxlanılmalıdır.
Üstəlik, məlum olub ki, yüksək bal toplayan müəlouimlərin bir çoxu xüsusi kursa gedib imtahanda yüksək bal yığıb. Məsələ bununl ada bitmir. Müəllimin təkcə savadı kifayət etmir, onun şəxsi psioxologiyası pedaqoji metodikası, dərsi mənimsətmə bacarığı da vacibdir. Bunu necə imtahan edəcəksən?
Müəllimləri kurikulum sistemi ilə hədsiz yükləyiblər. Onların əsas vaxtı jurnalları doldurmağa, nələrisə qeydiyyata salmağa gedir. Dərsin yarısı da sərf olunur. Müəllimlər artıq fiziki və psixoloji olaraq yorulub, üstəlik, tez-tez keçirilən sertifikasiya imtahanları filan onları lap əldən salır.
Bütün bunların nəticəsində təhsil bərbad vəziyyətə düşüb. Kurrikulum, Bolonya sistemi və s... bu qədər eksperiment olar?! 20 ildir bu proses gedir və hər dəfə yeni bir sistem tətbiq edib “yaxşı olacaq” deyə-deyə vəziyyəti daha da pisləşdirirlər. Artıq heç kimdə inam yoxdur ki, nə isə düzələr.
Ali məktəblərə qəbul imtahanlarındakı nəticələr də biabıçırlıqdır. Universitetlər 150-200 balla, yəni 1, 2 qiymətlə tələbə qəbul edir. Belə olan halda hansı təhsildən söhbət gedir? Uzun illər apardıqları səhv siyasətlə təhsili məhv ediblər, ümid qalıb ancaq repetitorlara. Əhalinin yüksək gəlirli təbəqəsi uşaqlarını özəl məktəblərdə oxudur, hazırlıq kurslarında hazırlayır. Bu, elə əhalinin təhsilə verdiyi qiymətdir.
Əhalinin təhsilə yanaşması belədir: valideynlərin pulu gücünə repetitor və kurslarda uşaqları hazırlayaraq universitetə qəbul etdirmək. Ona görə də, təhsildə nəyisə dəyişib pisə aparmaqdansa, ən yaxşısı, heç nə etməyin.