Lalə Mehralı
Evin işıqlarını söndürdü, suyu-qazı yoxladı, balkondakı zibil torbasını əlinə əldı, qapısını bağlayıb yavaş addımlarla düşdü pilləkanları. Səhər hələ saat 7 idi. Çoxumuza öyrədilən şeyi edirdi – zibili səhərlər atırdı. Deyilənə görə, axşam atılan zibil evin bərəkətini də silib aparır özü ilə.
İki gündür sərin keçirdi havalar, yağış dayanmırdı. Təmiz havanı ciyərlərinə çəkib yavaş-yavaş zibil qutularına tərəf getdi. Axşamdan dolmuş qutuları hələ təmizləməmişdi mənzil istismarı idarəsinin əməkdaşları. Yeşiklər də dolu idi, zibillər ətrafa da səpələnmişdi. Yaxınlaşıb əlindəki torbanı ehmalca zibil yeşiyinin yanına qoydu. Geri dönüb uzaqlaşmaq istəyəndə zəif inilti eşidildi. Pişik balası sandı, axı buralar həmişə pişiklə dolu olur. Heyfsləndi, evdən pişiklər üçün yemək götürmədiyi üçün özünü danladı. Ətrafa göz gəzdirdi, pişiyi görmədi. Qayıtmaq istədi, yenə səs eşitdi. Təlaşlandı. Bu pişik balası deyil axı, insan səsidir.
Ağlına gələn fikir bədənini ürpərtdi, gözləri iri-iri açıldı. Dəhşətlə boyladı ətrafa. Yerdəki torbaları açdı tələsə-tələsə. Axı xəbərlərdə görmüşdü neçə dəfə, körpə ölsün deyə sellofan torbaya qoyub ağzını bərk-bərk bağlayıb atırlar qansızlar. Çirkli, tullantı dolu torbaları titrək əlləri ilə eşdi. Yoxdur heç kim, heç nə.
İnilti yenə eşidildi. Qulaq verdi. Zibil yeşiyindən gəlirdi səs. Yerdəki torbalar ayağına dolaşa-dolaşa yeşiyə tərəf getdi. İlahi! Saralmış əskiyə bükülmüş körpə vardı tullantıların içində. Heysiz, taqətsiz, tabsız, inildəyən körpə. Ağzının kənarları göyərmiş, burnu qızarmış, bədəni ağappaq ağarmış bir körpə. Titrəyən əllərini uzadıb uşağı götürdü oradan, jaketini açıb sinəsinə sıxdı, üzünə hovxurdu isti nəfəsini, isitməyə çalışdı.
Tullantıları toplayan maşının səsi gəldi, qapısından asılan kommunal idarə işçisi yerə hoppandı, yeşiklərə tərəf gəldi. Onu görüb dayandı, salamlaşdı. Hər səhər qarşılaşırlar, tanışdırlar axı. Qucağındakı uşağı fərq edincə tutuldu. Sinəsinə uşaq sıxan qocanın yaşarmış gözlərinə baxanda başa düşdü vəziyyəti: “Yenə uşaq atıblar?” deyə təəssüflə soruşdu.
Qoca titrək addımlarla yaxınlıqdakı ağacın altına doğru getdi, yerdəki daşın üstündə oturdu. Uşağı jaketinin yaxası ilə daha möhkəm bükdü, əllərini ağzına yaxınlaşdırıb yenə hovxurdu, isitməyə çalışdı. Uşağın rəngi yavaş-yavaş allanırdı, inilti kimi səs çıxarırdı. Gözləri bağlı idi, əynində nazik can köynəyi, bir də bez vardı. Büküldüyü pamazı əski köhnə idi, rəngi solmuşdu.
Qocanın gözlərindən süzülən yaş uşağın yanağına düşəndə körpə diksindi, iniltisi dayandı, gözlərini yavaş-yavaş açdı. İlahi! Elə bil qapqara kömür var idi gözlərinin əvəzində. Başının üstündəki adamı gördü. Səhərin işığı gözlərini qamaşdırdı, təkrar yumdu. Üzünü qocanın sinəsinə doğru çevirib ağzını açdı, dilini marçıldadıb dodaqları ilə nə isə axtardı. Başını o yan-bu yana çevirdi, axtardığını tapmadı. Dodaqlarını büzdü. Qoca kədərli-kədərli gülümsədi.
“Budur tapılan uşaq?” – səsə başını qaldıranda qabağında polis formasında gənc bir oğlan gördü. Qoca başı ilə təsdiqlədi. Başqa bir polis də aralıda, zibil yeşiklərinin yanında kommunal idarəsinin əməkdaşı ilə söhbət edirdi. Görünür, o işçi çağırıb polisi. Uzaqdan təcili yardım avtomobilinin sirenasının səsi gəlirdi. Gənc polis yaxınlaşıb körpənin çəlimsiz biləyindən tutub nəbzini dinlədi, yaşayıb-yaşamadığını yoxladı. Qoca “sağdır” - dedi.
Təcili yardım maşını yaxınlaşıb dayandı, tibb bacısı maşından düşüb qocaya tərəf gəldi, yaxınlaşıb körpəni götürmək üçün qollarını uzatdı. Qoca jaketinin yaxasını açdı. Qadın körpəni götürmək istədi, amma qocanın jaketi də uşaqla birlikdə gəldi. Uşaq balaca barmaqlarını qocanın jaketinin düymə ilgəyinə keçirmişdi. Qocanın gözündə yığılan yaş ixtiyarsız yanağından aşağı süzüldü. Körpənin çöp kimi nazik barmaqlarını yavaş-yavaş açdı, ilgəkdən çıxardı. Dodağına yaxınlaşdırıb ehmalca öpdü. Tibb bacısı uşağı götürüb təcili yardım maşınına apardı.
Qoca əlini yerə dayayıb oturduğu yerdən ağır-ağır qalxdı. Polisin suallarını cavablandırıb bomboş evinə doğru yönəldi. Çiyinlərində bir dünyanın yükü, ayaqlarına ən ağır zəncirlər vurulmuş kimi...