22 iyuldakı statusunuza isti-isti cavab yazmaq istədım, lakin sizə görə bayram əhval-ruhiyyəmi əsla poza bilməzdim. İyulun 23-ü də cavab yazmadım, çünki istirahətimi sizdən yana pozmaq əsla xəyalımdan keçə bilməzdi. Bu cavabı saxladım adi iş gününə, gözünüzü-könlünüzü intizarda qoyaraq, susmaqdan böyük cəzanın olmadığını bilərəkdən. Lakin bu zayıllamağa tamamilə cavab verməmək də mümkün deyildi. Çünki sizə (görürsünüz, ayın 24-də isə tərbiyəmi yerində saxlayaraq yenə də “sənə” deyil, “sizə” ifadəsindən istifadə edirəm) xatırlatmaq istədiyim bir neçə məqam var. Hansı ki, bunları görünür, siz tamamilə unutmuşunuz.
Birinci məqam: AXCP-Müsavat cütlüyünün üzvləri arasında qəti şəkildə dövlətimizin başçısının adını dilə gətirməyə layiq bir kimsə yoxdur. Bu səbəbdən də xatırladım ki, bu adı dilinizə almayın. Çünki kənardan çox cılız və gülünc görünürsünüz.
İkinci məqam: Son 20 ildən artıq dövrdə xalq da, jurnalistlərin özü də onlara göstərilən dövlət qayğısına şahiddir, sizin hakimiyyətdə olduğunuz o bədbəxt illərdə də şahid oldu. O illər ki, kreslonuzu qorumaq üçün torpaqlarımızı böyük qardaşlarınıza peşkək etdiniz. Və düz 30 il dövlət bu səhvin aradan qaldırılması ilə məşğul oldu. Sizin səhviniz, tamahınız ucbatından 30 ilin o başında da minlərlə şəhid verdik, bu başında da. Ölkəmizin nə qədər maddi və mədəni irsi yox edildi, təbii sərvətləri göyə sovruldu. Ən əsası isə minlərlə insan illərlə sizin ucbatınızdan köçkün həyatı yaşadı. Hə, yeri gəlmişkən, bu yolda neçə jurnalistləri qurban verdiyinizi də xatırlasanız, yaxşı olar. Mən sizə bir ipucu verim: yerdəki qurbanlarınız, göydəki qurbanlarınız... Bunlar hamısı sizin qanlı əllərinizlə, planınızla olmadımı?
Üçüncü məqam: ən ağrılı yeriniz olan “Səs” qəzetinin tarixini sizə xatırlatmaq istəyirəm. Bu qəzetin 32 yaşı var. Status yazarkən xronologiyanı qarşınızda tutun ki, sonradan cəmi bir qərinəyə malik tarixi bilmədiyinizi üzünüzə çırpmasınlar. “Səs” qəzeti 32 il bundan əvvəl yarananda AXC-Müsavat kimi cütlüyün üfunətini Azərbaycan mətbuatından kənarlaşdırmaq məqsədi daşıyırdı. Mətbuatımızın milli şüarı da bu qəzetin illərdir ki, rəmzinə çevrilib: düzü düz, əyrini əyri görmək və yazmaq. Bundan başqa “Səs”in heç bir məqsədi və məramı olmayıb. Düzü yazdığı üçün bu redaksiya hücumlarınızı, burada çalışan jurnalistləri təhdid etdiyinizi də xatırladım ki, üfunəti küləyin haradan Azərbaycan mətbuatına əsdiyini də xatırlamış olasınız.
Dördüncü məqam: onu da öyrənməyi məsləhət bilirəm ki, “Əkinçi” haqqında paylaşdığınız fikirlər əsla etik qanunlara sığmır. Bu ifadələri işlətməklə siz Milli Mətbuat Günündə milli mətbuatımıza qarşı sayğısızlığınızı nümayiş etdirdiniz. Bu elə bir tarixdir, elə bir yaranışdır ki, illərdir qorunaraq bu günlərə gəlib çıxıb. Yoxsa, bunu da unutmuşunuz? Açın yenə də xronologiyanı, baxın görün, son 30 ildə milli mətbuatımıza göstərilən qayğı, onun qorunması üçün görülən işlər “Əkinçi”dən bəri daha hansı illərdə olub? Ümidvaram ki, 90-cı illərdə sizlər hakimiyyətdə qalsaydınız, “Əkinçi”nin başını dediyiniz kimi əkib onun tarlasına elə bir toxum səpəcəydiniz ki, üfunətindən baş götürüb bu ölkədən gedəsi olacaqdıq. Həmin illərdə ölkədə yaratdığınız iqtisadi böhran ucbatından insanların iş dalınca xarici ölkələrə üz tutduğu, jurnalistlərin aclıq, səfalət içərisində yaşadığı, aylarla əməkhaqlarını ala bilmədikləri kimi...
Beşinci məqam: deyir, bilsən ki, danışdığına qarşındakı necə cavab verəcək, bir qədər düşünüb, sonra ağzından artıq quluna çevrildiyin sözləri çıxararsan. El arasında deyildiyi kimi, hərcayi sözün mərcayi cavabı... Buyurun!
Mətanət Məmmədova