PDF Oxu

Köşə

  • 4 279

Nə gözəl Bakımız var... KÖŞƏ

image

Ümidvaram ki, mən tək deyiləm. Bunu hər kəs duyur, hiss edir. Nə gözəl Bakımız var, deyilmi? Xəyalım, illər öncəyə gedir. Bugünkü Bakı necə də o Bakıya bənzəyir. Az adamlı Bakı... Az maşınlı Bakı... Az səs-küylü Bakı...

Şükür ki, aylar sonra Bakının bu gününü görmək bizə nəsib-qismət oldu. Nə gözəldir belə Bakı? Yollarda maşın sıxlığı yox, ən əsası siqnal səsi xeyli azalıb. İctimai nəqliyyatda ta camaat bir-birinin çiynində deyil. Səkilərdə, parklarda barmaqla sayılacaq qədər adam var.

Bakının nəfəs aldığını hiss edirəm. Nəfəs aldıqca daha da gözəlləşir. Bu şəhərin də haqqıdır nəfəs almaq. Niyə də almasın ki?..

İllər öncəki Bakını görürəm Bakıda. O vaxt ki insanlar öz kəndində-kəsəyində oturmuşdu. Bakı eşqi başlarına vurmamışdı. O vaxt ki Bakı əsl Bakı idi. Yollarında maşın maşına dayanmırdı. Siqnal səslərini toyda-düyündə eşidirdik. O vaxt ki tədris vaxtı da ictimai nəqliyyat bugünkü qədər sıx olmurdu. Çünki insanlar kəndlərini Bakıdan daha çox sevirdilər. Torpaqlarından qopub onu Bakı ilə əvəz etmək fikrində deyildilər. Əkib-becərir, Bakıda yaşayan övladlarına meyvə-tərəvəz payı göndərirdilər. Özləri də hərdən Bakıya gəzməyə gəlirdilər. Elə ki hamı bakılı olmaq sevdasına düşdü, kəndlər boşaldı, yurdlar yetim qaldı, Bakının da qara günləri başladı. Axı bu şəhər minlərlə insana necə qucaq açsın? Axı o, müəyyən ölçüyə malikdir. Bu ölçüləri genişləndirə, artıra bilmir...

Bu gün o-illər öncəki Bakının ətri gəlir Bakımızdan. Çünki dərs ili başa çatıb, tələbələr yollanıb rayonlara. Yayın istisi başlayıb, idarə, müəssisə, təşkilatlarda çalışanlar məzuniyyətlərini götürüb yollanıblar rayonlara. Bir də Bakıya daşlanan camaat rayondakı bağ-bağatlarında aşıb-daşan meyvələri bir yanlıq etmək üçün indi də rayonlara daşlanıb... Bu səbəbdən də Bakı xeyli azad olub. Nəfəsi genişlənib. Elə burada qalanlar da bunu hiss etməkdədir. İndi nə nəqliyyatda sıxlıq var, nə küçədə, nə bazarda, nə marketlərdə, nə də mağazalarda. Küçələrində insan əlindən yeriməyin mümkün olmadığı Bakı indi bu küçələri ilə gözəllik saçır.

İş otağımızın pəncərəsini yarıb içəri keçən maşın siqnalları, maşınlardan ətrafa yayılan musiqi guppultusu yoxa çıxıb. Otağımızın qorxudan aça bilmədiyimiz pəncərəsini indi aradabir aça bilirik. Çünki pəncərə önündəki maşın karvanı demək olar ki, azalıb.

Metroda bir, iki, üç qatarı ötürüb, nəhayət dördüncü qatara minməyə can atdığımız təqdirdə indi elə gələn birinci qatara minmək şansı var adamın. Marşrut avtobuslar da eynilə...

Nə gözəl Bakimız var. Adam xəyal edir ki, kaş ki həmişə belə olardı bu şəhər. Axı belə ola bilər. İllər öncə belə idi bu şəhər.

Nə üçün kəndlərimizi tərk edirik? Hamımız şəhərli olmağa çalışırıq. Kəndləri də orada məyus qoyuruq? Gəlib şəhərin ən ucqar yerlərində yaşayıb, “biz Bakıda yaşayırıq”,- deyirik. Nə olub ki, kəndlərimizə? Havası, suyu tərtəmiz. Meyvəsi-tərəvəzi bol, təbii...

Nə üçün qapılarımızı bağlı qoyub şəhəri seçirik? XXI əsrin dəbidirmi bu? Əziyyətsiz yaşamağa üstünlük veririk. Mal-heyvandan, əkin-biçindən, toyuq-cücədən qaçıb şəhərdə rahatlıq axtarırıq. Axı onların hər biri gözəl bir təsərrüfat sahəsidir: gəliri, qazancı, zəhməti-sağlamlığı ilə...

Biz şəhərli olmağa can atırıq. Asan, rahat həyat axtarırıq. Lakin əsl gözəlliyi arxamızda qoyub sıxlıq yaratdığımız şəhərə üz tutanda nələrin üzərindən xətt çəkdiyimizi necə, düşünürükmü? Düşünürükmü ki, sağlamlığımıza, əlvida, deyirik. Yurdumuza bağlılığa, əlvida, deyirik. Evi-eşiyimizə, bağ-bağçamıza, buradakı ata-babamız yaşda olan ağaclara, əlvida, deyirik. Onları susuzluqla sınaqla üz-üzə qoyub tərk edirik...

Gəlirik şəhərə. Gəldikcə də Bakının gözəlliyini əlindən alırıq. İstər-istəməz çirklənir bu şəhər. Sıxlıqdan əziyyət çəkir. Bakı Bakılıqdan çıxır...

Bilirəm, o sıxlıq irəlidə yenidən görünəcək. Bu, sözsüzdür. Lakin o vaxta qədər “nə gözəl şəhərimiz var”,- demək istəyirəm. Deyəcəyəm də. Heç olmasa, qısa zaman kəsiyində bu gözəlliyi görə, duya bilək...

Mətanət Məmmədova

Digər xəbərlər