Ataların məşhur deyimini hər kəs bilir: “Danışmaq gümüşsə, susmaq qızıldır!” Heç şübhəsiz, atalarımızın bizlərə miras qoyduqları hər bir kəlam illərin, əsrlərin sınağından çıxmış müdrik deyimlərdi. Amma deyilən hər bir müdrik kəlamın yerini, məqamını nəzərə almaqla anlamaqda fayda var.
Susmağın qızıl olması fikri də belə kəlamlardandır. Yəni susmaq hər zaman qızıl deyil axı! Bəzən susmaq kədərə, qəmə, bəzən hətta faciəyə gətirib çıxarır. Elə müasir dövrümüzdə hər gün rastlaşdığımız saysız-hesabsız olayları seyr etməklə kifayətlənib, susuruqsa, bu, bizi hansı fəlakətlərə sürükləyir. Məni bəzən buna görə qınayanlar, “əşi, nə dərdinə qalıb, dünyanı sən düzəltməyəcəksən ki!” deyənlər də tapılır. Amma xarakterimləmi bağlıdır, yoxsa anormallıqlara biganə olmağa iradəmin çatmamasındanmı, bilmirəm, belə öyüd-nəsihətləri hər zaman qulaq ardına verirəm. Bir-ikisini deyim, görün o məqamlarda susmağım doğru olardı, yoxsa susmamaqla doğru eləmişəm? Bir “ford” markalı avtobusla rayona gedirdim. Sürücü Afət Fərmanqızı deyilən bir “bəstəkar”ın “bəstə”sində Nəsiminin “Sığmazam” “mahnı”sını səsgücləndirici ilə salona verdi. Bu “mahnı” haqqında çox danışıldığına görə vaxt aparıb onun məziyyətlərindən danışmaq istəmirəm. Musiqi səslənən kimi, dərhal səsimi qaldırıb o “mahnı”nı götürməyi tələb elədim. Əvvəl sürücü səsləndi ki, sənin xoşuna gəlmir, qulaq asma, biz xoşlayırıq. Mübahisə yarandı. Avtobusdakı bir-iki cavan da sürücüyə haqq qazandırdı. Amma mən geri durmaq fikrində deyildim. Nəhayət, musiqi dayandırıldı və mən Nəsiminin bu dünyanı heyrətə gətirən fəlsəfi əsəri haqqında bir neçə kəlmə dedim. Sonra isə belə bir əsərin hind melodiyası altında oxumağın təkcə Nəsimiyə deyil, milli kimliyimizə hörmətsizlik olduğunu izah etdim. İnanın ki, sürücü də, o biri cavanlar da məndən üzr istədilər və həmin diski maşının pəncərəsindən tullamaqla məni sakitləşdirdilər. Necə bilirsiniz, bir ziyalı kimi belə bir biabırçılığa susmaq qızıldı, yoxsa danışmaq?
Şəhər marşrutunda yol gedirdim. Mənimlə yanaşı və üzbəüz əyləşən iki ortayaşlı xanım gözlərini açıb, ağızlarını yumub hökumətə qarşı hədyanlar yağdırırdılar. Ətrafda boynu qalstuklu, bazburtlu çoxlu adamlar var idi, bəzisi sadəcə başını bulayır, bəzisi istehzalı şəkildə gülümsünürdü. Nəhayət, adətim üzrə, yenə mən dözmədim və birbaşa sual verdim: işləyirsiniz, xanım? “Hə” deyib ikisi də müəllim olduqlarını bildirdilər. Vaxt itirmədən iyirmi il əvvəl aldıqları əmək haqqını soruşdum. Dedilər. Bu gün aldıqları əmək haqqını soruşdum. Məlum oldu ki (hətta nəzərə alsaq ki, müəllimlər indiki əmək haqlarını azaldaraq dedilər-T.N.) , iyirmi ildə bu müəllimlərin əməkhaqqı nə az, nə çox, səkkiz dəfə artıb. Sonra fikirlərimi dedim, dövlətdən hamının umması, amma dövlətə borcumuzu çoxumuzun unutduğumuzu deyib, bəzi məqamlara öz fikrimi bildirdim. İnsafən, xanımlar mənimlə diskussiyaya maraqlı oldular və avtobusdan enənə kimi danışdıq. Danışdıq və düşəndə mənimlə razı olduqlarını etiraf elədilər.
Daha bir nümunə. Yenə ictimai nəqliyyatda iki gənc qız bir-biri ilə yarı rus, yarı Azərbaycan sözlərindən ibarət anlaşılmaz bir “dil” formalaşdırıb danışırdılar. Yenə dözməyib dilləndim:”Ay qızım, ya rusca danışın, ya da azərbaycanca!” dedim. Qızlardan biri “ağsaqqal kişisən, sənin (sizin yox a... sənin-T.N.) nə borcuna necə danışırıq” deyə məni borclu çıxarmaq istəyəndə, kənardan bir xanım (sonradan bildim ki, AMEA-da çalışır-T.N.) müdaxilə etdi. Mənim haqlı olduğumu deyib, o da qızlara xırda məsləhət verdi. Artıq qızlar danışmadılar. Amma, səmimi deyirəm, sanki mənim həmin reaksiyam hər tərəfə yayıldı və o zamandan ictimai yerlərdə belə danışanlarla qarşılaşmamışam.
Belə faktlardan hələ çox misallar gətirə bilərəm. Amma, düşünürəm ki, bu misallar mənim nə demək istədiyimi anlamaq üçün kifayətdir. Bəzən şəxsiyyətmizə toxunan bir kəlməyə görə ətrafdakıları da nəzərə almır, iki-üç qat kobud ifadələr işlədir, bəzən də əlbəyaxa davaya çıxırıq. Amma dövlətimizə, dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, dilimizə hörmətsizlik edənlərə seyrçi qalır, susuruq. Mən belə susmağı nəinki qızıl, heç dəmir də hesab eləmirəm. Axı bu dövlət də, bu milli dəyərlər də, bu dil də bizim min illər qoruduğumuz və min illər də bundan sonra qoruyacağımız ən qiymətli xəzinəmizdir. Bu xəzinəyə toxunan hər kəsi başa salmaq, başa düşməsə zorla qandırmaq bizim, xüsusilə millətin ziyalı kəsiminin borcudur! Biz susarıqsa iblislərin insan cildində yer üzünə səpələdikləri dördayaqlılar danışar. Onlar isə iblisin istədiyi kimi danışar. Nəticə? Bu suala cavabı oxucuların ixtiyarına buraxıram.
Təhmasib Novruzov