Elçin Bayramlı
Son dövrlərdə azyaşlıların intiharı ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bu, bizim üçün alışılmış bir tendensiya deyil, yaxın tariximizdə belə halların demək olar ki baş vermədiyini nəzərə alsaq, narahatlıq aydındır. Bəs uşaqların özünə qəsd hallarının səbəbləri nədədir? Bu suala cavab axtarmağa çalışacağıq.
Sosioloq və psixoloqların bu məsələdə mövqeyi tam yekdil deyil. Ekspertlər azyaşlıların intiharının da böyüklərin intiharı kimi 2 əsas səbəbdən sosial və psixoloji səbəblərdən baş verdiyini düşünürlər.
Lakin bunların hansının əsas səbəb olduğu haqda ümumi fikirə malik deyillər. Biz bu variantların hansının üstünlük təşkil etməsini araşdırmağa çalışaq. Əvvəlcə, problemin sosial tərəfindən baxaq, görək problem həqiqətən də yoxsulluqla bağlıdırmı?
Beynəlxalq statistika göstərir ki, intiharlar, o cümlədən uşaq intiharlarının yüksək səviyyəsi daha çox inkişaf etmiş ölkələr sayılan Norveç, Yaponiya, İsveç, ABŞ, Almaniya kimi ölkələrdə qeydə alınır. Əksinə, ən az intiharlar yoxsulluq içində yaşayan ölkələrdə- bir çox Afrika və Asiya ölkələrində müşahidə olunur.
Burda qeyd etmək yerinə düşər ki, II Dünya Müharibəsi illərində intiharlar ən aşağı səviyyədə qeydə alınıb. Ümumiyyətlə, dünyada təxmini hesablamalara görə, uşaq intiharları daha çox imkanlı ailələrin uşaqları arasında olur. Nəticə etibarilə, problemi “kasıbçılıq” qədər bəsitləşdirmək gördüyünüz kimi doğru deyil.
İndi problemin digər tərəfinə- mənəvi-psixoloji aspektlərinə nəzər salaq. İntihar etmiş uşaqların bir çoxu əvvəldən yazıb qoyduğu məktubları analiz edəndə ortaya maraqlı məqamlar çıxır. Məlum olur ki, onların böyük əksəriyyəti heç də ağır maddi problemlərdən, istədikləri yeməkləri, paltarları əldə edə bilməmələrindən, hansısa maraqlı oyuncaqlarının olmamasından yox, laqeydlik, soyuqluq, təhqir olunma, zorlama, qaçırılma, döyülmə kimi sırf mənəvi-psixoloji təzyiqlərdən bu yolu seçiblər.
Hər hansı bir cəmiyyətdə uşaqların özünü öldürməsi o cəmiyyətin artıq mənəvi baxımdan tənəzzülə uğramasının göstəricisidir. Bu problemin kökü ailədən başlayır. Son dövrlərdə cəmiyyətdə, hətta ailə daxilində zorakılıq və münaqişələrin sayı artır. Bu gərgin mühitdə böyüyən uşaq təbii ki, normal psixologiyaya malik olmayacaq, psixoloji problemləri olacaq.
Burda əsas səbəblərdən biri də, uşaqların ətraf mühitdən aldıqları zərərli informasiyalardır. Məlum olduğu kimi, indi hər evdə peyk antena, internet, computer və smartfonlar var. Aqressiv planlı, qorxu yaradan teleistehsallar yayımlanan kanalların sayı-heabı yoxdur, internetdə azad şəkildə milyonlarla belə materiallar doludur.
Kompüter oyunlarında ölüb-öldürməyi gündəlik həyat tərzinə çevirən uşaq ya qatil olmalıdır, ya da intihar etməlidir. Bir dəfə yaxın bir qohumumun evində 7 yaşlı uşağın oynadığı qanlı döyüşlərə baxanda dəhşətə gəlmişdim. Uşaq bu oyunda yoldan keçən uşaqlı-böyüklü bütün insanları qanına bələyirdi...
...Bir neçə il əvvəl rayonların birində dəhşətli uşaq intiharı baş vermişdi. 11 yaşlı uşaq “Qurdlar Vadisi” serialına baxandan sonra gedib qarajda özünü asmışdı. Bacısının dediyinə görə, uşaq asılmanı real dərk etmək üçün bu yola əl atıb. Belə ki, serialda asılan adamın işgəncələrini görən uşaq bacısına “gərək mən də yoxlayam görüm bu necə olur” deyibmiş...
İndi bir çox uşaqlar məşğuliyyətsizlikdən əziyyət çəkir və virtual dünyaya qapanır. Çünki onun gedə biləcəyi idman və yaradıcılıq kursları pulludur və bir çox valideynlərin buna maddi imkanı çatmır. Nəticədə internet dünyasına üz tutur.
Nəzarətsiz buraxılan uşaq istədiyi vaxt istədiyi şeyi izləyə bilir. Baxdığı proqramlar və filmlər onun alt şüuruna həkk olunur və psixologiyasını formalaşdırır. Bir sözlə, kimlərsə bizim uşaqlarıın psixologiyasını bizim əvəzimizə formalaşdırmağa cəhd edirlər. Biz isə bu prosesi seriala baxan kimi rahatlıqla seyr edirik.
Valideyn olmaq təkcə uşaqları yemək, paltar və oyuncaqlarla təmin etmək deyil. Valideyn olmaq uşağa vaxt ayırmaq, onunla maraqlanmaq, diqqət göstərmək, onu sağlam yönəltməkdir. Əgər dünyaya uşaq gətiririksə, bunları etmək borcumuzdur. Edə bilməyəcəyiksə, dünyaya uşaq gətirməməliyik. Sağlam gələcək formalaşdırmaq üçün həm dövlət, həm də cəmiyyət bu işdə maksimum diqqətli olmalı, uşaqların düzgün böyüdülməsi üçün əlimizdən gələni etməliyik.