İşçi avtomobilini iş yerinin yaxınlığında "park" etsə, maaşın çox hissəsi bunun üçün xərclənəcək
Bakının nəqliyyat sistemində problemlər artmaqda davam edir. Belə bir zamanda bütün dayanacaqların pullu edilməsi və yüksək qiymət qoyulması problemi aradan qaldırırmı? Gəlin baxaq.
Nəzərə alsaq ki, hər il paytaxta on minlərlə yeni avtomobil daxil olur, əhali sayı artır, deməli, problem getdikcə daha da kəskinləşəcək. Bu yaxında verilən yeni qərarla bütün dayanacaqların pullu edilməsi, həm də çox yüksək qiymət qoyulması ciddi problem yaradıb. Belə ki, əvvəllər işə gələn şəxs maşınını saxlayıb işdən çıxanda götürdükdə “parkovşik”-ə 1 manat ödəyirdisə, indi 10 manata yaxın pul ödəməlidir. Bu da ayda 250 manat vəsait edir. Yəni, Bakıda parklama qiyməti 10 dəfə artmış sayılır.
Bu səbəbdən avtomobili olan bir çox insanlar taksidən istifadə edir. Nəticədə, şəhərdə maşın sayı azalmır, sadəcə, vətəndaş öz maşını yerinə taksi maşını ilə getməli olur- bir maşını digər maşın əvəzləyir.
Bəzi ekspertlərin dediyinə görə, problem maşın sayının çoxluğundan qaynaqlanır. Bu fikir reallığı əks etdirmir. Biz əhalinin hər 1000 nəfərinə düşən maşın sayına görə Avropada son sıralardayıq. Problem sayda deyil.
Problemin qarşısının alınması üçün fundamental tədbirlər görülmür. Şəhər infrastrukturu düzgün qurulmayıb, arxitektura sistemi pozulub. Son 30 ildə harada kimin kefi nə istəyir tikib, bazar vəziyyəti yaranıb. Küçələrin quruluşu, bəzi dairələr, körpülər, işıqforlar optimal deyil, daha çox problem yaradır. Heç bir qaydaya, normaya əməl edilmir. Mərkəzi hissələrdə saysız-hesabsız binalar tikilir, ofislər açılır. İş üçün məcburən həmin əraziyə yollananların çoxluğu vəziyyəti pisləşdirir. Hazırda nəinki şəhərin mərkəzi, kənar yerlərdə belə avtomobil saxlamaq mümkün deyil.
Şəhərin nəqliyyat axınlarında intellektual idarəetmə, aidiyyatı orqanlarda peşəkar və savadlı kadr bazası çatışmır. Şəhər təsərrüfatının nizamlanması, nəqliyyat hərəkətini düzgün qurmaq, dayanacaqların təşkil edilməsi məsələsi əsasdır.
İndi yeni arqument ortaya atıblar ki, avtomobildən istifadə etməyin. Bu nə deməkdir? Bəs avtomobil nə üçündür? Belədirsə, avtomobilləri bir sinif kimi ləğv edək, qadağan edək. Yeraltı və yerüstü dayanacaqların pullu olması vəzyyəti yaxşılaşdırmır, çünki onlardakı tariflər Azərbaycan reallığı üçün həddən artıq baha qiymətdir. Orta təbəqə insanının belə büdcəsi bu qiymətlərə uyğun deyil.
Bəzi insanlar işə avtomobillə getməyə məcbur olur. Elə işçilər var ki, xəstəlik və ya fiziki qüsurlar səbəbindən, ya da işinin xarakterinə görə avtomobildən istifadə etməlidir. Onun maaşı şərti olaraq 500 manat götürək. Bu maaşın tam yarısını dayanacaq kimi ödəməlidir. Nəzərə alsaq ki, ölkədə minimum əməkhaqqı 350 manatdır, bu halda, işçi maşınını saatına 1 manat ödəməklə "park" etsə və 8 saat işdə olsa, maaşın 70 faizi bunun üçün xərclənəcək. Dünyanın heç bir yerində sadə vətəndaş maşını ilə gedib-gəlmək üçün əməkhaqqının yarısını və ya yarıdan çoxunu xərcləmir. Bu göstərici maksimum orta maaşın 5% dərəcəsində olmalıdır.
Əks halda bəziləri düşünür ki, əsas məqsəd isə şəhərdə nəqliyyat sistemini yüngülləşdirmək deyil, pul yığmaqdır. Belə olmasaydı çoxlu sayda ucuz dayanacaqlar təşkil edilərdi. Dayanacaqların sayı artırılmalı, qiymətlər minimuma endirilməlidir. Yeraltı dayanacaqlarda 70% yerlər boş vəziyyətdə olur. Səbəbi isə bəllidir. İnsanlar ödənişə görə dayanacaqlardan istifadə edə bilmir. Bir çox binaların altında yeraltı dayanacaqların tikilməməsi, tikilənlərdə də qiymətin yüksək olması böyük problemlər yaradır.
Bu səbəbdən dayanacaqlara yüksək qiymət qoyulması problemin həllinə gətirmir. Əvvəlcə, şəhərin ictimai nəqliyyat sistemlərini yüksək səviyyəyə çatdırmaq lazımdır ki, vətəndaşlar könüllü olaraq avtomobildən az istifadə etsin.
Hazırda isə əksər paytaxt sakinləri basabas avtobuslarda və metroda əziyyətlə getməli, bir yerdən digərinə getmək üçün əksər hallarda 2-3 marşrut dəyişməli olurlar. Çünki yeganə yerüstü nəqliyyat sistemi avtobus nəqliyyatı olan Bakıda avtobus marşrut xətləri optimal qurulmayıb. Dünyanın heç bir iri şəhərində cəmi 1 növ yerüstü ictimai nəqliyyat olmur, tramvaylar, trolleybuslar və sair sistemlər effektli işləyir. Vaxtilə bunlar Bakıda da var idi, təəssüf ki, ləğv edildi. İndi onların bərpası vacibdir.
Hələlik isə, parklama qiymətlərinin azı 2-3 dəfə aşağı salınması vacibdir. İlk saat üçün 1 manat müəyyən etmək olar, amma sonrakı saatlar üçün 20-30 qəpikdən hesablanmalıdır ki, üzrlü səbəbdən maşını 8-10 saat parkovkada qalan vətəndaş 10 manat ödəməli olmasın.