PDF Oxu

Köşə

  • 6 073

Dünyamızı işıqlandırmaq üçün özünü tükəndirən şam – ESSE

image

Elçin Bayramlı

Dünyada 20 mindən artıq peşə və sənət növü var. Lakin bütün bu peşələrin sahiblərini bir peşə sahibi yetişdirir. Bu, Müəllimdir! Ona görə də, yazı qaydalarını pozmaq bahasına olsa belə, bu sözü böyük hərflə yazmaq lazımdır.

Harada, nə üzrə və hansı qaydada tədris verməsindən asılı olmayaraq Müəllim özündən daha yüksək biliyə mailk olan, cəmiyyətə töhfələr bəxş edəcək ağıllı, mədəni və ziyalı insanlar yetişdirmək istəyi ilə çalışır. Məhz buna görə Müəllim adı şərəfli sayılır və uca tutulur.

Təsadüfi deyil ki, bizim cəmiyyətdə müxtəlif müraciətlər formaları (yoldaş, cənab, bəy, xanım) olsa da, insanlarımız hörmətə layiq bildikləri şəxsə “Müəllim” deyə müraciət edirlər. Təkcə bu fakt “Müəllim”in ən hörmətli söz olduğunun əyani sübutudur.

Bəşəriyyət tarixi elmi-texniki tərəqqiyə, mədəni-ictimai inkişafa görə ustadlara, müəllimlərə borcludur. Bütün tarix boyu əldə edilmiş biliklər ustad-şagird ardıcıllığı ilə nəsildən-nəsilə ötürülüb və bu günümüzədək gəlib çıxıb. Hansı xalqın müəllimləri aydın fikirli, elmli, dünyagörüşlü olubsa, o xalq daha çox inkişaf edib.

Azərbaycanda həmişə ən hörmətli şəxs sayılan Müəllimin sözü ağsaqqal sözü kimi qəbul olunub. Hətta ən qüdrətli hökmdarlar belə müəllimlərinin qarşısında baş əyiblər, onları özlərindən yuxarı başda əyləşdiriblər. Cəmiyyətimiz də onlara həmişə çox böyük hörmətlə yanaşıb. Müəllimi uşağın ikinci valideyni sayıblar. Keçmişdə uşağı məktəbə gətirən valideynlər müəllimə deyirdilər- “əti sənin, sümüyü mənim”. Bu ifadənin arxasında çox dərin və müdrik təfəkkür dayanır. Bütün bunlar xalqımızın elmə, təhsilə nə qədər böyük önəm verdiyinin göstəricisidir.

Hər xalqın tarixinin müəyyən dövrlərində Müəllimə daha böyük ehtiyac duyulub. Azərbaycan xalqı da 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində müəllimlərə çox böyük ehtiyac duyurdu. Böyük mütəfəkkirlər Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Mirzə Fətəli Axundov və digərləri xalqın cəhalətdən qurtulması, mövhumata yox, elmə doğru getməsi üçün mübarizə aparırdılar. Onlar ən böyük müəllimlər idi.

Tarixi həqiqətdir ki, xalqımız məhz belə aparıcı ziyalıların, mütəfəkkirlərin çağırdığı yolla gedəndən sonra inkişaf etdi və qısa zamanda dünya xalqları arasında öz layiqli yerini tutdu.

Sovet dövründə respublikada elm-təhsil ocaqlarının, kitabxanaların tikintisi işini böyük vüsət aldı, azərbaycanlı tələbələrin SSRİ-nin və dünyanın inkişaf etmiş digər ölkələrinin nüfuzlu ali təhsil ocaqlarında təhsil alması işi genişləndi.

Artıq ötən əsrin ortalarında Azərbaycan əhalinin təhsilə cəlb olunma səviyyəsinə, əhalinin hər on min nəfərinə düşən elmi işçi, tələbə və müəllim sayına görə ən inkişaf etmiş ölkələri belə qabaqlayaraq dünyada ilk yerlərdən birini tuturdu.

20-ci illərədək bir nəfər də olsun akademiki, professoru, elmlər doktoru olmayan, əhalisinin 99%-nin oxuyub-yazma bilmədiyi, cəmi 100 nəfər azərbaycanlı müəllimi olan, 800 min uşağının məktəbin nə olduğunu bilmədiyi respublika qısa müddət sonra əhalisi 100% savadlanmış, onlarla universiteti, elmlər akademiyası, elmi-tədqiqat institutları, hətta kosmik tədqiqatlar mərkəzi olan intellektuallar ölkəsinə çevrildi. Hələ də Azərbaycan xalqı savadlı insanların, ali təhsillilərin say nisbətinə görə, dünya xalqları arasında ön sıralarda dayanır.

Müəllim ucalığı haqda saysız poeziya, nəsr nümunələri, bədii və elmi əsərlər yazılıb, filmlər çəkilib. “Bizim Cəbiş Müəllim” filmindəki obraz isə Azərbaycan Müəllimi üçün etalondur. Bu obraz həm də bir nümunədir - əsl Müəllim nümunəsi…

Müəllimlər günü münasibətilə bütün vicdanlı müəlimləri təbrik edirəm.

Digər xəbərlər